Gündəm 

“Xocalı” dünya okeanlarında…

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ASKO Dəniz Nəqliyyatı Donanmasına  məxsus “Handysize” tipli ağırtonnajlı “Xocalı” gəmisi ilk dəfə olaraq Hind okeanın sularında üzməyə başlayıb. ASCO-dan verilən məlumata görə, bu ilin martında ABŞ-ın “Portland” limanından 37 000 ton kalsiumlu soda yükləyən gəmi Sakit okeandan hərəkət edərək İndoneziyanın Cakarta limanına çatıb. Burada yükün bir hissəsi boşaldıldıqdan sonra “Xocalı” İndoneziya və Malayziya arasındakı Malakka boğazını keçərək Hind okeanına yönəlib. Hazırda Hindistan istiqamətində hərəkət edən nəqliyyat gəmisi marşrutuna uyğun olaraq ilk  dəfə Kattupalli limanında, daha sonra Kandla limanında yükboşaltma əməliyyatlarını yerinə yetirəcək.

Qeyd edək ki, bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının genişləndirilməsi məqsədilə istismara verilib.

“Xocalı” gəmisi Azərbaycan Prezidenti İham Əliyevin tapşırıq və tövsiyələri əsasında hazırlanaraq ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramı çərçivəsində alınıb. Sözügedən proqramda milli gəmiçiliyin Xəzərdənkənar fəaliyyət coğrafiyasının genişləndirilməsi, beynəlxalq hövzələrdə yükdaşıma potensialının daha da artırılması, eləcə də xarici sularda yükdaşımalar üçün yeni tipli daha böyük gəmilərin alınması ilə bağlı investisiya fəaliyyətinin maliyyələşdirilməsi məsələləri xüsusi yer tutur.

Bu istiqamətdə icra olunan tədbirlərin davamı kimi ASCO “Handysize” tipli yük gəmisinin alınması layihəsinin maliyyələşdirilməsi məqsədilə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edib. Bank ASCO-da beynəlxalq prinsiplərə uyğun qurulmuş korporativ idarəetmə və hesabatlılıq sistemlərinin mövcudluğunu, əməliyyatlarda şəffaflığın və sağlam maliyyə vəziyyətinin təmin edilməsini nəzərə alaraq, dövlət zəmanəti olmadan sözügedən layihənin maliyyələşməsi barədə qərar verib. Bununla da, gəminin alınması üzrə maliyyələşmənin 70 faizi Avropa Yenidənqurma və İnkişaf Bankının ayırdığı kredit vəsaiti, 30 faizi isə ASCO-nun daxili imkanları hesabına həyata keçirilib.

“Xocalı” gəmisi 38 min 593 ton yükgötürə imkanına malikdir. Bu da ASCO-nun mövcud quru yük gəmilərinin yükgötürmə qabiliyyətindən təxminən 8 dəfə çoxdur. Gəminin uzunluğu 180 metr, eni 30 metr, bortunun hündürlüyü 15 metr, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır. Yəni, gəminin manevr etmək imkanları genişdir.

Xatırladaq ki, “Xocalı” gəmisi yükləndikdən sonra ilk səfərini Cənubi Koreyanın “Bakpyung” limanından ABŞ-ın “Portland” limanına edib. Bununla da “Xocalı” müstəqil Azərbaycan Bayrağı altında Amerika sularında üzən ilk gəmi olub.

Gəmi ölkəmizə böyük iqtisadi gəlir gətirməklə bərabər, həm də Azərbaycan həqiqətlərinin təbliğ edilməsinə öz töhfəsini verəcək. Ermənistanın işğalçı qoşunlarının dağıdıb yerlə-yeksan etdiyi dəhşətli Xocalı faciəsini dünya ictimaiyyətinin yaddaşında daha da möhkəmləndirəcək. Gəminin səfər etdiyi ölkələr Azərbaycandan min kilometrlərlə uzaqda olduqları üçün Birinci və İkinci Qarabağ müharibələri, Ermənistanın ərazi iddiaları barədə bilgiləri yetərincə deyil. “Xocalı” gəmisinin o yerlərdə görünməsi isə xalqımızın başına gətirilən müsibətlərin əsl səbəbini açacaq, haqq səsimizi səfər etdiyi ölkələrdə yayacaqdır. Həmin ölkələrin ictimaiyyəti Azərbaycan xalqının mədəni, sülhsevər, xeyirxah və əməkdaşlığa açıq olduğunu öyrənəcək. Bu da bizim uğurlarımızdan biri olacaq.

Hər səfərdən salamat!

Vəli İlyasov, “İki sahil”

Daha çox xəbərlər