Cəmiyyət 

“Restoranlardan təkcə infeksiya yox, fil də çıxar” – Həkim toylardakı zəhərlənmələrdən danışdı

“Bir də görürsən ki, restoranın mətbəxində təmir gedir, həm də yemək hazırlanır, o mətbəxdən təkcə infeksiya yox, fil də çıxar. Nəzarətsizlikdir, ofisiantların barmaqlarına fikir vermisiniz, əlcəksiz işləyirlər, dırnaqlarının altı da qapqara çirk. Bunlar hələ gözlə görünənlərdir. Bir adam gedib restoranın mətbəxinə baxmır ki, orada sanitariya qaydalarına əməl olunur, yoxsa yox. Bu yemək necə hazırlanır. Mətbəx nə vəziyyətdədir. Nəzarətsizlik olduğuna görə, restoranlar işlərinə məsuliyyətsiz yanaşırlar”. 

Bunu Musavat.com-a açıqlamasında tanınmış həkim, pediatr Vaqif Qarayev toylarda kütləvi zəhərlənmələrdən danışarkən deyib.

“Toyda 3 nəfər belə zəhərlənirsə, bu, artıq kütləvi zəhərlənmə hesab olunur. Onlardan biri yüngül, digəri ağır keçirirsə, bu o demək deyil ki, yüngül keçirən zəhərlənməyib. Sadəcə olaraq orqanizmi belə reaksiya verib.

Mən hər gün dönərdən zəhərlənmə oxuyuram. AQTA-ya plansız yoxlama aparmağa icazə verilmir.  İnsanlar zəhərlənir, ölüm olur, bunlar isə yoxlama aparmaq üçün icazə gözləyir. Küçəyə çıxsaq, tələbələrin çoxunun dönərxanaların qabağına düzüldüyünü görərik. Onları niyə zəhərləyirsiniz ki. Yolun kənarında, tüstünün, tozun içində dönər satırlar. Belə şeylər olmaz. Onlara antisanitariya şəraitində satışa icazəni kim verir. Qəzet köşklərində günün altında şirniyyatlar satılır. Milçək üstündən oraya-buraya uçur. Açıq şəraitdə süd məhsulları da satmaq olmaz.

Restoranlar toy sahiblərinə niyə çek ödəmir? İnsanlar restoranlara 10 minlərlə pul ödəyir. Restoranlarda məsuliyyətsizlik, nəzarətsizlik baş alıb gedir”.

Pediatr Vaqif Qarayev: Öskürən uşaqlarla bağlı “özfəaliyyətə ...

Qeyd edək ki, dünən Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində kütləvi zəhərlənmə olub. Zəhərlənənlərin vəziyyəti ilə bağlı Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd Musavat.com- a bildirib ki, 19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib.

“Dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub. Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) də məlumat verilib:

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 18-də saat 22:30-da Xətai rayonunda yerləşən iaşə obyektindən çağırış daxil olub. Çağırış yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Müxtəlif saatlarda təcili tibbi yardım briqadaları vasitəsilə zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub”.

Məlumatda qeyd edilib ki, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.

“Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb”, – deyə bildirilib.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülmüşdür. Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub. Hazırda araşdırma davam etdirilir. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”, -AQTA-dan bildirilib.

Daha çox xəbərlər