Təmir-tikinti materiallarının qiyməti artdı: Evlərin qiyməti də yüksələcəkmi?
Təmir-tikinti materiallarının qiyməti artıb.
İstər yerli, istərsə də xaricdən gətirilən tikinti materiallarının qiymətində bahalaşma müşahidə olunub.
Maraqlıdır ki, tikinti materiallarında bahalaşma adətən yaz aylarında daha çox baş verir. Bunun əsas səbəbi isə bu fəsildə tikinti işlərinin daha da çoxalmasıdır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, tikinti materiallarının qiymətinin artması həm təmir işlərinə, həm də evlərin qiymətinin artmasına təsir göstərir:
“Azərbaycanda artıq bu məsələ ilə bağlı ilkin nəticələr də var. Mənzillərin qiyməti son 1 ildə 12-14 faiz artıb. Bu, çox ciddi artım deməkdir. Tikinti materiallarının qiymətinin artmasının buna birbaşa təsiri var. Tikinti materiallarının bahalaşmasının əsas səbəbi ölkədə tikintiyə böyük tələbatın olmasıdır. Qarabağda təmir-tikinti işlərinin sürətlə aparılması və bura milyardlarla vəsaitin xərclənməsi bariz nümunədir. Nəticə etibarı ilə tələb yüksəlir. Tələb yüksəldikdə isə iqtisadiyyatın qızıl qanunu işə düşür. Tələb yüksəlir, təkliflərdə isə avtomatik olaraq qiymət artır”.