Azərbaycan və Macarıstan: Dostluq və Strateji Tərəfdaşlıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin may ayında Macarıstana etdiyi işgüzar səfər bir daha sübut etdi ki, Azərbaycan və Macarıstan arasındakı münasibətlər yalnız diplomatik çərçivədə deyil, həm də strateji müstəvidə inkişaf edir. Bu səfər zamanı Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatlar iki ölkə arasında formalaşan dostluq və əməkdaşlıq əlaqələrinin nə qədər dərin və çoxşaxəli olduğunu göstərdi.
İki müstəqil dövlət deyil, həm də bir-birinə güvənən dost və strateji tərəfdaşlardır. Tarix, mədəniyyət və ortaq dəyərlər üzərində qurulan bu münasibətlər son illərdə daha da güclənib. Prezident İlham Əliyev öz çıxışında bu əlaqələri “iki dost və tərəfdaş ölkə” münasibətləri kimi dəyərləndirərək qeyd etdi ki, bütün məsələlərdə Azərbaycan və Macarıstan birgə mövqe nümayiş etdirir, bir-birinə dəstək olur.
Strateji tərəfdaşlıq yalnız siyasi dəstək və rəsmi görüşlərlə məhdudlaşmır. Azərbaycan və Macarıstan arasında iqtisadi, energetika, mədəniyyət, təhsil və humanitar sahələrdə də sıx əməkdaşlıq mövcuddur. Energetika sahəsində həyata keçirilən birgə layihələr, Macarıstanın Azərbaycanın enerji təhlükəsizliyindəki roluna verdiyi önəm bu münasibətlərin praktik əhəmiyyətini göstərir.
Azərbaycan Prezidenti, həmçinin bəyan etdi ki, Macarıstan müstəqil siyasət yürüdən nadir Avropa ölkələrindən biridir və bu amil iki ölkə arasında etimada əsaslanan əlaqələrin formalaşmasına imkan yaradır.
İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni reallıqlar fonunda Azərbaycan sülh təşəbbüsləri ilə çıxış edir. Prezident İlham Əliyev bəyan etdi ki, müharibədən sonra sülh prosesinə başlamaq təşəbbüsü Azərbaycan tərəfindən irəli sürülüb və bu istiqamətdə beynəlxalq tərəfdaşlarla, o cümlədən Macarıstanla əməkdaşlıq davam edir.
Azərbaycan və Macarıstan arasındakı dostluq münasibətləri və strateji tərəfdaşlıq modeli bu gün beynəlxalq münasibətlər sistemində nadir nümunələrdən biridir. İkitərəfli əməkdaşlığın genişlənməsi, birgə layihələrin həyata keçirilməsi və xalqlar arasında qarşılıqlı anlayış bu münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir. Prezident İlham Əliyevin Macarıstana səfəri bu tərəfdaşlığın növbəti mərhələyə keçdiyini və gələcək üçün daha da perspektivli olduğunu bir daha sübut etdi.
Ülviyyə Ələsgərova,
257 nömrəli tam orta məktəbin müəllimi

