İslamofobiya müasir cəmiyyətlərin ədalət prinsiplərinə sadiq qalmaq imtahanıdır
Daim islamofobiya ilə mübarizə aparan Azərbaycanın bu istiqamətdə prinsipial, ardıcıl və öncül mövqe sərgiləməsi hər zaman yüksək qiymətləndirilir
“İslam qorxusu” mənasını verən islamofobiya dedikdə həm də bu qorxudan doğan və bütün müsəlmanlara qarşı olan nifrət hissi nəzərdə tutulur. Belə demək mümkünsə, islamafobiya əsassız mühakimə içində çırpınan insanların, aciz qalmış qaragüruhların ortaya atdığı bir düşüncə formasıdır. İslamofobiya, əsasən Qərb ölkələrində yayılmış bir ideologiyadır. Bu gün də Avropa və Amerikada yaşayan müsəlmanların əksəriyyəti öz canlarının daim təhlükə altında olduqlarını qeyd edirlər. Təbii ki, bunda Qərb dünyasında nəşr edilən qəzet və jurnalların, televiziya və radio proqramlarının, eləcə də internet vasitəsilə yayımlanan bir çox məlumatların və saytların rolu danılmazdır. Kütləvi informasiya vasitələri ilə yanaşı, bir sıra təəssübkeş və tolerantlıqdan kənar siyasət adamlarının, politoloqların və ictimai xadimlərin İslamın və müsəlmanların əleyhinə edilən çıxışları da gözardı edilməməlidir. Bütün bu baş verən neqativ halların fonunda müsəlmanların cəmiyyətdən xaric edilməsinə və onlara qarşı baş qaldıran nifrət hissinə nəyin səbəb olması gün işığı kimi aşkara çıxmaqdadır.
Prezident İlham Əliyev Bakıda 40-a yaxın ölkədən alimlərin, beynəlxalq təşkilatların ekspertlərin, din xadimlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirilib ki, islamofobiyanın yayılmasına təkan verən digər faktorlardan biri də ictimai rəyin formalaşdırılmasında və müsəlmanların mənfi obrazının yaradılmasında dağıdıcı rolu olan bəzi media orqanlarının fəaliyyətidir: “Bu media qurumları məqsədyönlü şəkildə ekstremizm, terrorizm və bu kimi anlayışları İslamla eyniləşdirərək dinimizə qarşı qərəzli təsəvvür yaradır, dinimizi təhlükə mənbəyi kimi aşılayır və ona terror damğası vurmağa çalışırlar. Ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında mövcud problemləri İslam və müsəlmanlarla əlaqələndirərək cəmiyyətdə etimadsızlıq və qorxu hisslərini alovlandırırlar”.
Azərbaycan müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalar və mədəniyyətlərarası dialoq zəminində davamlı olaraq bir çox qlobal təşəbbüslər irəli sürür. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir. Çünki bu, anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur. Müasir multimədəni cəmiyyətlər düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bu gün islamofobiyanın öz mütləq həllini tapmasından ötrü ilk növbədə Qərb ölkələrinin liderləri sözlərinin üstündə durmalı, öz ölkələrində multikultural mühitin formalaşdırılmasından ötrü müəyyən işlərə başlamalıdırlar. Bu məsələdə Azərbaycanın illərdir öz sabitliyini qoruyub saxlayan multikulturalizm siyasəti də hər bir dövlət üçün nümunə təşkil etməkdədir.
Ölkəmizin başçısının bildirdiyi kimi, təəssüf ki, bu gün islamofobiya kimi ümumbəşəri bəlaya və təhlükəyə qarşı nəinki mübarizə aparılmır, hətta bir sıra ölkələrdə onun yayılması təşviq edilir: “İslam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hisslərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar. Eyni zamanda, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvali-ruhiyyəsini təlqin edirlər”.
Emerson Kollecinin Marketinq və kommunikasiya fakültəsinin magistr proqramı direktoru Carol Ann Ferrara beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə” mövzusunda panel iclasda bildirib ki, hazırkı Fransa hökumətinin qəbul etdiyi bəzi qərarlar cəmiyyətin mühüm hissəsi olan fransız müsəlmanlarının həyatını çətinləşdirib. “Respublika prinsipləri” adı altında tətbiq olunan bu siyasət nəticəsində müsəlman məktəblərinə dövlət dəstəyi dayandırılıb, müsəlman təhsil müəssisələri zəiflədilib və bu da bərabərhüquqlu cəmiyyət anlayışı üçün təhlükə yaradıb. Onun sözlərinə görə, bu kimi tədbirlər siyasi məqsədlərə xidmət edir, müxtəlifliyi zənginlik yox, təhlükə kimi təqdim edir. İslamofobiyanın açıq və sistemli formaları hələ də bir çox ölkələrdə hökm sürür. Bu, sadəcə müsəlmanların problemi deyil, müasir cəmiyyətlərin ədalət prinsiplərinə sadiq qalmaq imtahanıdır.
Azərbaycan daim islamofobiya ilə üzləşən, bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir. Torpaqlarımızın otuz illik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı törədilmiş, etnik təmizləmə aparılmış və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. Ölkəmizin başçısının bildrdiyi kimi, ərazilərimizdə milyona yaxın mina basdırılıb, urbisid, kultursid və ekosid cinayətləri törədilib. Ancaq, əfsuslar olsun ki, Qərbdə bəzi dairələr sırf dini təəssübkeşlik və islamofob mövqedən çıxış edərək Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yummuş, münaqişənin əsl mahiyyətini təhrif etmiş, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışmışlar: “İşğal dövründə bəşəri əhəmiyyətə malik çoxəsrlik tarixi-mədəni abidələrimiz, o cümlədən İslam dininə aid abidələr, ziyarətgahlar, məscidlər, türbələr, məzarlıqlar dağıdılmış, təhqir edilmiş, yerlə-yeksan edilmişdir. Bir sıra mədəni irs obyektləri qarət edilmiş, onların təyinatı dəyişdirilmiş, mənsubiyyəti saxtalaşdırılmışdır. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı yenidənqurma işləri çərçivəsində dağıdılmış məscidlərimiz və dini abidələrimiz bərpa edilir, yeniləri inşa edilir”.
Azərbaycanın islamofobiyaya qarşı mübarizədə tutduğu öncül mövqe daim beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Məsələn, İslam Əməkdaşlıq Təşkilatının Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusef Məhəmməd Aldobeay bildirib ki, Azərbaycan bu istiqamətdə daim prinsipial və ardıcıl mövqe sərgiləyir. O, qeyd edib ki, rəsmi Bakının beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində apardığı işlər islamofobiyaya qarşı qlobal həmrəyliyin formalaşmasına mühüm töhfə verir. Xüsusilə, dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək, ictimai rəy yaratmaq və dini ayrı-seçkiliyin fəsadlarını ifşa etmək baxımından görülən işlər olduqca dəyərlidir; “Bu, təkcə İslamofobiyaya qarşı mübarizə deyil, eyni zamanda, dinlərarası harmoniya və multikultural dəyərlərin qorunması istiqamətində atılan uğurlu addımlardır. Azərbaycanın bu sahədəki rolu bir çox ölkələrə nümunə ola bilər”.
Zahid Rza, “İki sahil”

