Gündəm 

Doqquz oldular… – növbədə hansı icra başçısıdır?

Rayon rəhbərləri “gözü çıxmış qardaş”dan nəticə çıxarmırlar; İH-lərin ləğvinin tam vaxtıdırmı – hüquqşünasdan izah

Xəbər verdiyimiz kimi, iyunun 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan icra başçısı Musa Şəkiliyev barəsində həbs-qətimkan tədbirin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub. Səbayel Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatına baxılıb.

Musa Şəkiliyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.

Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hazırda həbsdə xeyli icra başçısı var. Lakin Şəkiliyevin nümunəsi göstərdi ki, hələ də məmurlar keçmiş həmkarlarının istintaqa cəlb olunmasından nəticə çıxarmayıblar. Hazırda Qaxın sabiq başçısı ilə birlikdə 9 başçı həbs olunub. Onlardan Ağstafanın keçmiş başçısı Nizaməddin Quliyev həbsdə vəfat edib, Kürdəmirin və Yevlağın sabiq İH rəhbərləri artıq azadlığa çıxıb. Neftçala, İmişli, Biləsuvar, Cəlilabad, Şəmkirin keçmiş başçıları cəzasını çəkməkdədir.

Neftçala İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev bir vaxtlar rayonun “sükanı arxasında” idi. Amma DTX onun iş otağından nəinki külli miqdarda dollar və manat aşkarladı, hətta qızıl-zinət əşyaları, saxta möhürlər də tapdı. İsmayıl Vəliyevin kənd təsərrüfatı, sosial yardımlar, dövlət sifarişi ilə çəkilən yollar vasitəsilə milyonları necə ələ keçirməsi məhkəmə materiallarında açıq-aşkar göstərildi.

Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərovun işi isə daha “yaradıcı” idi. İddia olunurdu ki, o, sırf bir şəxsin icra hakimiyyətinin ümumi şöbə müdiri təyinatı üçün 50 min manat tələb edib. Bu pulun böyük hissəsi onun yaxın adamına ötürülüb.

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun işi bəlkə də son illərin ən səs-küylü korrupsiya qalmaqalı idi. Onun iş otağından çıxan bank kartları, möhürlər və saxta sənədlər hər kəsi şoka salmışdı. İttihama görə Alimpaşa Məmmədov sosial yardımlar üçün ayrılmış pulları 30-dan artıq “ölü can” adlarına köçürdür, bu kartları isə özü idarə edirmiş. Ümumi məbləğin 2 milyon manatdan çox olduğu bildirilirdi.

İmişli İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev də “sosial yardım” layihələri ilə milyonlar qazananlardan idi. Ən dəhşətlisi isə o idi ki, onun evindən pandemiya dövründə ehtiyaclı ailələr üçün nəzərdə tutulan ərzaq paketləri tapıldı. Heç kəs bu rüsvayçılığı uzun illər unutmayacaq.

Biləsuvarın keçmiş başçısı Mahir Quliyevin işi isə ailə biznesinə çevrilmişdi. Oğlunun adına qurulan MMC-lər dövlət layihələrinin tenderlərini udur, pullar ailə büdcəsinə axırdı. İstintaq belə tenderlərin dəyərinin milyonlarla manat olduğunu sübuta yetirdi.

Ağstafanın sabiq başçısı Nizaməddin Quliyev bu zəncirin ən faciəvi siması oldu. İttihamlar fərqli deyildi. Nizaməddin Quliyev rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə…

Lakin o, həbsdə ikən dünyasını dəyişdi. Onun ölümü bu “icra qalmaqalı”nın ən qaranlıq səhifələrindən biri kimi yadda qaldı.

Yevlağın sabiq başçısı Qoca Səmədov və Cəlilabadın sabiq başçısı Namiq Zeynalov da eyni “sxem”lə işləmişdilər. Dövlət tenderləri, süni qiymət şişirtmələri, rüşvət… Onlar sonradan azadlığa buraxılsalar da, cəmiyyət bu adları “qara siyahı”dan hələ uzun müddət silməyəcək.

Bəs niyə icra hakimləri “gözü çıxmış qardaş”dan nəticə çıxarmır? Bəlkə yerli icraedici orqanların ləğvinin tam vaxtıdır? Onsuz da icra hakimiyyətlərinin səlahiyyətlərinin çoxu əlindən alınıb. Musa Şəkiliyev niyə belə arxayın idi? O, özünü toxunulmaz sayırdısa, görəsən, bunun səbəbi illərdir hakimiyyət dəhlizlərində xüsusi çəkisi olan xalası oğlu Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri Əhməd Əhmədzadə idimi?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, sovet dövründən qalma bu idarəetmə modelinin resursları tükənib: “Onların səlahiyyətləri də, məsuliyyəti də kağız üzərindədir. Real təsir gücü yoxdur. Ona görə də bu sistem korrupsiyaya açıqdır. İcra hakimiyyətləri ləğv olunmalı, onların funksiyaları bələdiyyələrə və regional mərkəzlərə verilməlidir. Bu həm şəffaflığı, həm də xalqın yerli idarəetmədə rolunu artıracaq.  Əks halda, Musa Şəkiliyev sonuncu həbs olunan icra başçısı olmayacaq.

NAXÇIVANDA YENİ HƏBSLƏRİN ANONSU - Yeni nazir əvəzi… | No Comment

Natiq Ələsgərov

Natiq Ələsgərov deyib ki, icra başçılarının həbslərdən nəticə çıxaracağına az ümid var: “Bundan öncə həbs olunan icra hakimləri də, bu gün Musa Şəkiliyev də istintaqın sübutları qarşısında aciz qalıb. Onun dayaq kimi arxalandığı şəxslər, o cümlədən keçmiş məmur qohumu belə vəziyyəti dəyişə bilməz. Çünki artıq icra başçılarının “toxunulmaz” sayıldığı dövr başa çatıb. Kim olursa-olsun, sübut varsa, cəza qaçılmazdır. Keçmişdə belə hallar olurdu ki, yüksək ranqlı qohumlar prosesə təsir edir, işləri yumşaldırdı. Amma son 4-5 ildə bu mexanizm tam çökdü. İmişlidən Şəmkirə qədər bütün başçılar üçün “xilasedici qüvvə” olmadı, Musa Şəkiliyev də istisna olmayacaq. Məsələnin ən pis tərəfi odur ki, hazırda vəzifədə olan başçılar Musa Şəkiliyevin və ondan öncə qandallanan başçıların aqibətindən nəticə çıxarmırlar. Ən yaxşı halda bir müddət qanunsuz yığımlardan, korrupsiyadan əl çəkirlər, bir müddət sonra isə baş verənləri unudurlar”.

Musa Şəkiliyev vəzifəsindən azad edildi — Sərəncam

 

Natiq Ələsgərov deyib ki, Musa Şəkiliyevin azadlığa çıxması onun istintaqla müəyyən olunmuş ziyanı könüllü ödəməsi, əməllərini etiraf etməsindən asılı olacaq: “Yalnız bu halda cəza müddətində yüngülləşmə ola bilər. Amma tam xilas yolu yoxdur. Bu işdə heç kim onun dadına çata, vəziyyəti dəyişə bilməz. Bu həbs və əvvəlki həbslər göstərdi ki, daha “arxalı olmaq” dövrü bitib. DTX-nin bu tip əməliyyatlarında əsas sübutlar toplanır, video, audio materiallar olur. Ona görə də heç bir yüksək vəzifəli qohum onu xilas edə bilməz. Dövlət bu məsələlərdə artıq siyasi iradə nümayiş etdirir. Görürük ki, bu günə qədər neçə başçı müxtəlif qohumluq əlaqələrinə baxmayaraq, həbsdədir və ağır cəzalar alıblar. Musa Şəkiliyev də istisna olmayacaq. İstintaqda əməllərini etiraf edərsə və dövlətə dəymiş ziyanı könüllü ödəyərsə, bu onun cəza müddətinə təsir edə bilər. Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsinə görə dəymiş ziyanın ödənilməsi cəzanın yüngülləşdirilməsi üçün əsas ola bilər. Amma xilas olmaq şansı real görünmür”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Daha çox xəbərlər