DİN: Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılıb
İyunun 23-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 117, o cümlədən borclu şəxs qismində axtarışda olan 87 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Həmçinin ümumi çəkisi 16 kiloqramdan çox narkotik vasitə və 210 ədəd psixotrop tərkibli həb aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Ötən gün, həmçinin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.