Cəmiyyət 

“Cəmiyyətin ailəyə baxışında müəyyən modern dəyişikliklər var” – Sosioloq

Azərbaycanda nikahların əhəmiyyətli bir hissəsi ilk illərdə pozulur. Dövlət Statistika Komitəsinin 2023-cü il üzrə açıqladığı məlumatlara görə, ötən il ölkədə 21 min 688 boşanma qeydə alınıb. Onlardan 5 min 814-ü 5 ilə qədər, 5 min 805-i isə 5-9 il arası davam edən nikahlardır.

Mövzu ilə bağlı sosioloq Nigar Məmmədova BiG.AZ-a bildirib ki, bu statistika Azərbaycanda ailədaxili münasibətlərdə emosional yetkinlik və gözləntilər arasında ciddi ziddiyyətlərin olduğunu göstərir:

“Boşanmaların böyük hissəsinin ilk 9 ildə baş verməsi göstərir ki, ailə institutuna daxil olan cütlüklər yetkin münasibətə tam hazır olmaya bilərlər. Xüsusilə gənc yaşda, sosial və psixoloji baxımdan tam formalaşmamış fərdlərin ailə qurması, tez bir zamanda məyusluğa və anlaşılmazlığa səbəb ola bilir.”

Sosioloq vurğulayıb ki, erkən illərdə baş verən boşanmaların səbəbləri sırasında maliyyə çətinlikləri, kommunikasiya problemi, sosial təzyiqlər, eləcə də sosial şəbəkələrin yaratdığı gözləntilər dayanır:

“Cəmiyyətin ailəyə baxışında müəyyən modern dəyişikliklər var. İnsanlar artıq münasibətlərində daha çox emosional dəstək, anlaşılma və fərdi inkişaf gözləyir. Əgər bunlar təmin olunmursa, boşanma bir çıxış yolu kimi qəbul edilir”.

O əlavə edib ki, ailə qurmazdan öncə gənclərin emosional hazırlıq, gözləntilərin uyğunlaşdırılması və psixoloji dəstək kimi mövzularda maarifləndirilməsi vacibdir.

Daha çox xəbərlər