Gündəm 

Qazlı içkilərin və şirələrin qiyməti niyə qalxıb?

Havaların həddindən artıq isti keçdiyi yay aylarında əhalinin sərinləşdirici içkilərə olan tələbatı kəskin şəkildə artır. Xüsusilə qazlı içkilər, meyvə şirələri, buzlu çaylar və mineral sular bu dövrdə satış baxımından ön sırada yer alır. Sərinlədici məhsulların təkcə marketlərdə deyil, küçə satış məntəqələrində də bolluğu müşahidə edilir. Lakin bahalaşma bu sektordan da yan keçməyib.

Son bir ay ərzində qazlı içkilər və şirələrin qiymətində 10-15% artım qeydə alınıb. Satıcılar bunu həm tələbatın çoxalması, həm də idxal xərclərinin yüksəlməsi ilə əlaqələndirirlər.

Qeyd edək ki, Azərbaycanda bu içkilərin əksəriyyəti xarici şirkətlərə məxsusdur və bir çox məhsul ölkəyə idxal olunur.

İqtisadçılar hesab edirlər ki, yay aylarında tələb yüksək olduğu üçün bəzi şirkətlər qiymət artımına bilərəkdən gedirlər. Bəzi hallarda isə bu qiymət artımı topdansatış bazarlarında baş verir və pərakəndə satış məntəqələri məcburən həmin qiymətləri tətbiq edirlər.

Digər maraqlı tendensiya isə alıcı davranışlarında dəyişikliklərlə bağlıdır. Əvvəllər qazlı içkilərə üstünlük verən əhali hazırda daha çox buzlu çay, təbii meyvə şirələri və soda kimi alternativlərə yönəlir. Bunun əsas səbəblərindən biri də sağlam həyat tərzinə keçid və qazlı içkilərin zərərləri ilə bağlı maarifləndirici kampaniyaların artmasıdır.

Həkimlər isə xəbərdarlıq edirlər: sərinlədici içki seçərkən diqqətli olmaq lazımdır. Yüksək şəkər tərkibli və qazlı içkilər əks təsir göstərərək orqanizmdə susuzluğu daha da artıra bilər.

Mütəxəssislər xüsusilə uşaqlar və yaşlıların günün isti saatlarında qazlı və kofeinli içkilərdən uzaq durmalarını, onun əvəzinə təmiz su və təbii meyvə sularına üstünlük vermələrini tövsiyə edirlər.

Sultan Məmmədli
Musavat.com

Daha çox xəbərlər