Siyasət 

Rusiya ilə kritik 8 ay – Bakı bu qərarı verə bilər

Təyyarəmizin vurulması ilə bağlı tələblərimiz hələ də yerinə yetirilmir və Kreml saymazyana tərzini davam etdirir; Azərbaycan anti-Putin sanksiyalarına qoşula bilər – reaksiya

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qroznı səmasında hava hücumundan müdafiə sistemi ilə vurulmasının üzərindən 8 ay keçməsinə baxmayaraq, Rusiya hələ də məsuliyyəti tam etiraf etməyib və kompensasiya ilə bağlı konkret addım atmayıb. Rəsmi Bakı isə açıq şəkildə bildirir ki, günahkarlar cəzalandırılmalı və təzminat ödənilməlidir. “Yeni Müsavat” qeyd edir ki, AZAL-a məxsus təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb.

Qazaxıstan hakimiyyəti “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabatı bir neçə aydan sonra hazırlayacaq. Hüquqi baxımdan Azərbaycanın əlində kifayət qədər əsaslar mövcuddur, beynəlxalq mülki aviasiya qaydaları bu cür hallarda zərərçəkən tərəfə iddia qaldırmaq imkanı verir. Ekspertlər qeyd edirlər ki, prosesin uzadılması siyasi xarakter daşıyır və Moskvanın məsuliyyətdən yayınmaq cəhdinə bənzəyir. Buna baxmayaraq, Azərbaycan hüquqi və diplomatik vasitələrlə təzminatın təmin olunmasında israrlı olacaq.

Ekspertiza prosesi başa çatdıqdan sonra Azərbaycan yəqin ki, müxtəlif hüquqi addımlar atacaq. Təəssüf ki, yenə “Beynəlxlaq Mülki Aviasiya haqqında” qanuna görə, proseslərin uzanması və maksimum və minimum ekspertizanın başa çatdırılması ilə bağlı konkret vaxt bəyan edilməyib. Ona görə də, bu nə qədər tez və ya sonra əldə edilərsə, bir o qədər də Azərbaycan daha tez kompensasiya almaq üçün digər hüquqi addımları ata bilər.

Qeyd edək ki, Varşava (1929) və Monreal Konvensiyaları sərnişinin ölümü, və ya xəsarət alması hallarında daşıyıcının (həmçinin üçüncü şəxslərin) maliyyə məsuliyyətini müəyyən edir. Monreal Konvensiyasını 140 dövlət, o cümlədən Azərbaycan və Rusiya ratifikasiya edib. Monreal Konvensiyası inflyasiyadan asılı olaraq zərərin məbləğini indeksləşdirməyə imkan verir. Monreal Konvensiyasına əsasən, indi ölüm halında təxminən 190 min dollar, yaralanma və xəsarət olarsa, 167 min dollar məbləğində kompensasiya verilir.

“Azərbaycan Hava Yolları”na məxsus “Embraer E190″ təyyarəsinin qiyməti vəziyyətindən, uçuş saatlarının sayından, texniki xüsusiyyətlərindən asılı olaraq 15 milyon dollardan 45 milyon dollara qədər ola bilər. Yəni bu məbləğ Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi raketlərin bir neçəsinin toplam qiyməti qədərdir…

Bu arada deputat, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Rasim Musabəyov deyib ki, Rusiyanın bu davranışları, ayrı-ayrı şəxslər tərəfindən Bakıya yönəlik təhdidlər davam edərsə, Bakı başqa üsullarla bu davranışın cavabını verə bilər: “Rusiyaya qarşı sanksiyalara qoşulmurduq. İndi düşünürəm ki, Azərbaycan öz mövqeyini dəyişəcək və o, müzakirələrdə Rusiyanı qınayan qətnamələrə qoşulacaq”.

Azərbaycanın anti-Rusiya qətnamələrinə və eləcə də sanksiyalara qoşulması nə dərəcədə realdır, yaxud zəruridir? Bu qərarların verilməsi münasibətləri daha da pisləşdirə, hətta diplomatik əlaqələrin kəsilməsinə gətirib çxara bilərmi?

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya vurulan təyyarə ilə bağlı heç bir çərçivəyə sığmayan mövqe nümayiş etdirməkdədir. Onun sözlərinə görə, əslində özünün xislətinə uyğun münasibət sərgiləyir: “Çünki istər haqq-ədalət, istərsə beynəlxalq hüquq nöqteyi-nəzərdən Rusiya obyektiv addım atmalıydı. Təyyarənin vurulması əmrini kimlər verib, kimlər icra edib, hansı hərbi texniki vasitə ilə həyata keçirilib, enişinə kimlər icazə verməyib – bütün bunların hamısı barədə Azərbaycanda sübutlar var və ortaya qoyulub. Amma Rusiya yekun rəyi bir ilin tamamında açıqlayacağını söyləyir. Yəni tutacağı yeganə arqument budur. Sadəcə, bir ilin yekununda da Rusiyanın eyni cür davranacağını gözləyirəm”.

Deputat qeyd etdi ki, Azərbaycan yekun rəyi gözləyəcək: “İstənilən halda, strateji müttəfiqlik sənədi imzalanıb, qonşuluq əlaqələri var, Azərbaycan Rusiyadan yekun rəyi gözləyəcək. Sadəcə, qarşı tərəfin son addımları da göz qabağındadır. 44 günlük müharibə zamanı Şuşada “İskəndər-M” raketinin qalıqları aşkarlanmışdı. Azərbaycan bu barədə izahat tələb etdi, onda da cavab verilmədi. Yəni təkcə təyyarənin vurulması faktı deyil, Moskva daha əvvəl də saymazyana davranıb”.

A.Əlizadə Rusiyanın yanlışlıq içində olduğunu vurğuladı: “Münasibətləri bu həddə qarşı tərəf çatdırıb. Rusiya Azərbaycana yuxarıdan aşağı baxır, özlərinə sığışdırmırlar ki, kiçik ölkədən niyə üzr istəsinlər, təzminat ödəsinlər. Bu da səhv yanaşmadır. Putin Rusiyası özünü Ukraynada ciddi problemə salıb və Türkiyə ilə Azərbaycan onun üçün nəfəslik idi. İndi bu nəfəsliyi də qapadırsa, bundan özü zərər görəcək. Əgər Rusiya sona qədər bu mövqeyi davam etdirəcəksə, Azərbaycan beynəlxalq məhkəməyə müraciət edəcək. Bu məsələdə heç bir güzəşt olmayacaq. Azərbaycan Prezidenti dövlətin və xalqın mövqeyini müdafiə edir. Rusiya tələbimizi yerinə yetirməsə, beynəlxalq səviyyədə təzminat davası açılacaq, əlavə sanksiyalar olacaq”.

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə qeyd etdi ki, beynəlxalq hüququn icazə verdiyi bütün imkanlardan istifadə edilməlidir. Onun fikrincə, bu hadisədə Rusiyaya qarşı kifayət qədər səbir nümayiş etdirilib, lakin qarşı tərəf nəzərə almayıb: “Azərbaycan sanksiyalara qoşulmayıb, Qərb koalisiyasında deyil, BMT-də olan səsvermədə bitərəf qalıb, amma Moskva Bakının bu addımlarını qiymətləndirmədi. Əgər dəyər versəydi, müharibədən iki gün əvvəl imzalanmış Moskva deklorasiyasını nəzərə alsaydı, vurulan təyyarə ilə bağlı dərhal üzr də istəyərdi, kompensasiya da verərdi. Rusiya hər gün cəbhədə milyonlar xərcləyir. Bu qədər çətin idi ki, dost dediyi ölkəyə dəymiş zərəri ödəmək? Təbii ki, buna maliyyə resursu da var. Sadəcə, Azərbaycana qarşı ədalətsizliyə yol verir. İndi də Vaşinqton anlaşması, Zəngəzur dəhlizinə nəzarətdən məhrum olması onu daha da hiddətləndirib. Ona görə ilin sonunda Rusiyanın təyyarə ilə bağlı yekun qərarında dəyişiklik gözləmirəm”.

X.Teyyublu dedi ki, madam belədir, Azərbaycan Rusiyanın işğalçı hərəkətlərini pisləyən qətnamələrə imza ata bilər: “Onsuz da cənab Prezident tövsiyə etdi ki, işğalla barışmasınlar. Yəni Rusiyanın işğalçı olduğunu açıq bəyan etdi. Krım daxil olmaqla, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Odur ki, təyyarəmizi vuran, hərbi cinayət törədən Rusiyaya dözüm nümayiş etdirməyin mənası qalmayıb. Bu hörmətsizliyin adekvat cavabı olmalıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Daha çox xəbərlər