20 Sentyabr – Dövlət Suverenliyi Günü: Azərbaycan suverenliyini tam bərpa etdi
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. 2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda vurğulanıb ki, Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq BMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir.
Ermənistanın yeni işğal cəhdlərinə və təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. 2023-cü il sentyabrın 19-da isə Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirilmiş anti-terror əməliyyatı 23 saat davam edib və sentyabrın 20-də başa çatıb. Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək Azərbaycanın suverenliyini tam bərpa edib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, 20 sentyabr Azərbaycanın suverenliyinin tam bərpa olunduğu gündür:
“Azərbaycan Ordusu bir günlük əməliyyatla Qarabağda kök salmış erməni separatizminin izlərini tamamilə aradan qaldırıb və işğalçı ordunu Azərbaycan ərazilərindən çıxarıb. Bununla ölkə həm ərazi bütövlüyünü, həm də suverenliyini bərpa edib”.
Oqtay Qasımov əlavə edib:
“Bu hadisə Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların tamamlanması kimi yadda qaldı və dünya siyasətində önəmli rol oynadı. Azərbaycan hazırda Qafqazda təhlükəsizliyin və sülhün əsas təminatçılarından biri olaraq çıxış edir.”