Anti-terror əməliyyatlarının ikinci ildönümü: Azərbaycan suverenliyini və beynəlxalq hüququ təmin etdi
2023-cü ilin sentyabrında həyata keçirilmiş anti-terror tədbirləri Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olub. Əməliyyatlar nəticəsində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə – xüsusilə də BMT Nizamnaməsinə və dövlətlərin suverenliyi, ərazi bütövlüyü prinsipinə uyğun olaraq öz konstitusion quruluşunu tam bərpa edib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən siyasi şərhçi Polad Mehdiyev bildirib ki, separatçı silahlı dəstələrin mövcudluğuna son qoyulması ilə Azərbaycanın ərazilərində qeyri-qanuni rejim faktiki olaraq ləğv olunub və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tam suverenlik təmin edilib. Əməliyyat həm regionda sülh və sabitliyin bərpası, həm də Azərbaycanın reinteqrasiya siyasətinin həyata keçirilməsi baxımından tarixi dönüş nöqtəsi olub.
Polad Mehdiyev vurğulayıb ki, anti-terror tədbiri beynəlxalq hüququn legitim güc tətbiqi çərçivəsində icra edilib və mülki əhalinin təhlükəsizliyi xüsusi diqqətdə saxlanılıb. Qısa müddətdə və dəqiq planlaşdırılmış əməliyyat Azərbaycan ordusunun yüksək peşəkarlığını, intizamını və texnoloji üstünlüyünü nümayiş etdirib.
“Əməliyyatın uğurunda Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi həlledici rol oynadı. Dövlət başçısı uzun illər ərzində ardıcıl siyasətlə həm beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini möhkəmləndirdi, həm də daxildə güclü iqtisadi və hərbi baza yaratdı. Onun qətiyyətli qərarı sayəsində əməliyyat beynəlxalq hüququn tam legitim çərçivəsində aparıldı və nəticələri dünya ictimaiyyəti tərəfindən qəbul edildi. Prezident İlham Əliyev dərhal sonra bölgədə reinteqrasiya və yenidənqurma siyasətinə start verərək Azərbaycanın humanist yanaşmasını və dincgüclü quruculuq missiyasını nümayiş etdirdi” – deyə şərhçi bildirib.
Polad Mehdiyev qeyd edib ki, anti-terror tədbirinin ikinci ildönümü Azərbaycan xalqının birliyinin, dövlətin gücünün və liderliyin uğurlu nəticəsinin rəmzidir. Bu tarixi hadisə bir daha sübut etdi ki, Azərbaycan öz milli maraqlarını beynəlxalq hüquq normaları ilə uzlaşdıraraq suverenliyini və təhlükəsizliyini təmin etmək əzmindədir.