Gündəm 

Diqqət okeanın o tayına: dünya nəhəngləri Qalib Liderlə görüşə can atır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfər edib. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Nyu-York şəhərinin “John F.Kennedy” Beynəlxalq Hava Limanında rəsmi şəxslər qarşılayıblar. Böyük ehtiramla qarşılanmadan az sonra artıq cənab Prezidentin görüşlər keçirməsi ilə bağlı rəsmi xəbərlər yayıldı. Bu barədə bir az sonra…

KENED.jpg (117 KB)

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının sessiyasında iştirak etməkdən ötrü Nyu-Yorka səfər etməsi xəbərini oxuyan anda gözlərimin qarşısına 5 il öncə baş verənlər gəldi. İlk olaraq Azərbaycan Prezidentinin pandemiya və işğalla mübarizə halında belə, həm də bəşəriyyəti xilas haqqında düşünərək BMT-nin xüsusi sessiyasının çağırılması barədə təşəbbüsünü və dünyanın 130-dan çox ölkəsinin həmin təşəbbüsə dəstəyini xatırladım. O zaman Azərbaycan Prezidenti koronavirus pandemiyasına qarşı mübarizəyə həsr olunan (COVID-19) videokonfransda BMT Baş Assambleyasının xüsusi iclasının çağırılması təşəbbüsü ilə çıxış etdi və bu təklif BMT Baş Məclisinin prosedur qaydalarından tələb olunduğundan daha çox dövlət tərəfindən dəstəkləndi. Peyvənd ayrıseçkiliyinə qarşı dövlət başçımızın apardığı qətiyyətli mübarizə və səsləndirdiyi cəsarətli fikirlər dünyanın yaman günlərində, çətin dönəmində bir çox xalqlar üçün xilaskar missiyasının göstəricisi idi…Özü də bu, o zaman idi ki, Azərbaycan Tovuz istiqamətindən hücuma məruz qalmışdı, düşmən yeni ərazilər uğrunda hərəkətə keçmişdi və burnu ovulmuşdu…Ancaq qarşıda daha böyük savaş – Vətən Müharibəsi var idi, bunun xəbərdarlığını isə cənab Prezident 24 sentyabr 2020-ci ildə BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları zamanı videoformatda çıxış edərkən Təhlükəsizlik Şurasının 4 qətnaməsini ayaqlar altına atmış təcavüzkar ölkənin cinayətlərindən bəhs edərək Ermənistanın yeni təxribatlara hazırlaşdığı barədə dünyanı xəbərdar etmişdi.

SESSİY.jpg (191 KB)

Eyni zamanda böyük siyasi xadim “Azərbaycan tərəfindən irəli sürülmüş və BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr olunmuş Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Halbuki Ermənistanda koronavirusla bağlı vəziyyət çox acınacaqlıdır. Ermənistan bu təşəbbüsün əleyhinə yalnız onun Azərbaycan tərəfindən irəli sürüldüyünə görə çıxış etmişdir. Belə bir təşəbbüsə etiraz irrasional düşüncənin məhsuludur. Bu, Ermənistanda hökm sürən və hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiyanın növbəti təzahürüdür. Ermənistanda gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır…Azərbaycana qarşı hərbi təcavüzün nəticələri aradan qaldırılmayana qədər Ermənistan inkişaf perspektivlərindən məhrum qalacaqdır”, deməklə nə qədər nəhəng İnsan, bəşəri Lider olduğunu isbatlamışdı. Namərd qonşunun bütün pisliklərinə rəğmən, onun da xilası üçün təkliflər səsləndirmişdi. Zaman gəldi və İlham Əliyevin nə qədər haqlı olduğunu Ermənistanın bugünkü rəhbərliyi də etiraf etdi, vaxtilə böyük səhvlərə yol verdiklərini təsdiqlədilər, sülhün alternativinin olmadığını, real Ermənistan qurmaq üçün qonşulara qarşı ərazi iddialarından əl çəkməyin vacibliyini, kommunikasiyaların açılmasının özləri üçün də faydalı olacağını təsdiqlədilər. Azərbaycan Prezidenti ən çətin dönəmlərdə belə, yalnız öz ölkəsini düşünmədi, həm də təkcə regionu deyil, bəşəriyyəti düşündü, onun naminə sülh və təhlükəsizlik naminə qətiyyətli addımlar atdı, qərarlar verdi. Bir nümunəsi də COP 29 Zirvəsi oldu!

Bax, belə bir Lider bu gün yenidən BMT Baş Assambleyasının sessiyasında iştirak edir və ali tribunadan çıxışı da gözlənilir. Vaxtilə BMT kürsüsündən Ermənistanın cinayətkar rəhbərləri çıxış edərək təkcə Azərbaycana deyil, həm də 4 qətnaməsi ayaq altına atılmış BMT Təhlükəsizlik Şurasına və bütövlükdə dünyanın ən böyük təşkilatına meydan oxumağa cəhd göstərmişdilər, Şuşanın işğalında iştiraklarını fəxrlə dilə gətirsələr də, onlara qarşı beynəlxalq səviyyədə tədbirlər görülməmişdi. Amma BMT TŞ-nin 4 qətnaməsini təkbaşına icra edən Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələri oldu və bu gün Liderimiz növbəti dəfə BMT Baş Assambleyasının sessiyasına qalib olaraq qatılıb! Amma Azərbaycan Prezidenti qalib olduğu halda Azərbaycana qarşı saysız pisliklər etmiş Ermənistana islah olunması, sülhə gəlməsi üçün şans verib və Vaşinqton razılaşmalarının həyata keçirilməsi istiqamətində addımlar atılmaqdadır. Bu, hər Liderə xas xüsusiyyət deyil. Müasir dünyada o qədər basdığını kəsənlər gördük ki…Azərbaycan Prezidenti isə ləyaqətli savaş aparan dövlətin, ordunun rəhbəri olaraq nümunə göstərilən şəxsiyyətdir və savaşsonrası sülh, əməkdaşlıq, təhlükəsizliyin təminatı istiqamətində inamlı addımlar atır. Dövlət başçımız 5 il öncə Baş Assambleya iştirakçılarına xitabən bildirmişdi ki, “Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinə əsasən, “sülh olmadan dayanıqlı inkişaf, dayanıqlı inkişaf olmadan isə sülh mümkün deyil”. Dayanıqlı beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün işğala son qoyulmalıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməlidir”. Və budur, Azərbaycana işğala son qoymaqla həm də BMT-nin üzünü ağ etməyi bacarıb və sülh şəraitində dayanıqlı inkişafın təmin olunmasından ötrü təşəbbüslərin müəllifidir, özü də təkcə regional müstəvidə deyil, Avropa ilə Asiya arasında rabitəni təmin edəcək qədər böyük qüdrətə, mövqeyə sahibdir…

BRUK.jpg (151 KB)

Elə Azərbaycan dövlətinin bu üstünlüyü, cənab Prezidentin ali keyfiyyətləri, xüsusilə də sözü ilə imzasının vəhdət təşkil etməsidir ki, Nyu-York səfərinin ilk saatlarından dünya nəhəngi olan şirkətlər onunla görüşə maraq göstəriblər. Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb. (AZƏRTAC) Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd edib və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib.

Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında aparıcı maliyyə institutları ilə əməkdaşlığa böyük önəm verdiyini deyərək, ölkəmizdə sabitlik, şəffaflıq və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğulayıb.

Yeri gəlmişkən, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biri olan “Blackstone” 1985-ci ildə Nyu-Yorkda təsis olunub. Şirkət özəl kapital, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc fondları üzrə investisiya portfellərini idarə edir. Hazırda “Blackstone”un idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından artıqdır. Baş ofisi Nyu-Yorkda yerləşən şirkət London, Honkonq, Dubay, Sinqapur və Tokio da daxil olmaqla dünyanın 27 şəhərində fəaliyyət göstərir. Bu statistika görüşün qiymətini vermək üçün kifayət edər.

Prezident İlham Əliyevlə “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volkerin görüşündə Azərbaycanla adı çəkilən şirkət arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev ölkəmizin beynəlxalq maliyyə qurumları və nüfuzlu investisiya şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayaraq, bu xüsusda “Neuberger Berman” şirkəti ilə tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib.

Söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı ildən etibarən bu şirkətlə səmərəli tərəfdaşlığının ölkəmizin maliyyə sektorunun inkişafına və beynəlxalq investisiya imkanlarının genişlənməsinə töhfə verdiyi vurğulanıb.

Corc Volker rəhbərlik etdiyi şirkətin qlobal maliyyə və investisiya fəaliyyəti barədə məlumat verərək, Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, regionda baş verən iqtisadi proseslərin şirkət üçün əhəmiyyətini vurğulayıb, yeni layihələr çərçivəsində tərəfdaşlığın genişləndirilməsi üçün mövcud imkanların dəyərləndirildiyini bildirib.

Diqqət edin, 1939-cu ildə Nyu-Yorkda təsis olunmuş “Neuberger Berman” qlobal investisiya idarəetmə şirkətidir. Hazırda şirkət beynəlxalq institutlar, məsləhətçilər və fərdi investorlar üçün yarım trilyondan çox ABŞ dolları məbləğində aktivləri idarə edir.

Cənab Prezident dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt də görüşüb.

ASET.jpg (192 KB)

Hər 3 şirkət dünyanın ən böyük maliyyə qurumlarındandır. Bir daha xüsusi vurğulamaqda fayda var: görüşlər qarşı tərəfin müraciəti əsasında baş tutub! Bu faktın özü həmin qurumların, dünyanın nəhəng investorlarının Azərbaycana olan böyük marağının göstəricisidir!

Diqqətçəkən budur ki, bəhs etdiyimiz görüşlər Bakının evsahibliyi ilə keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun keçirilməsi ilə eyni vaxta təsadüf edir. Dövlətimizin başçısı səfərə yola düşərkən Forum iştirakçılarına müraciət ünvanlamışdı. Forumun qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması üçün mühüm platforma olacağına inamımı ifadə etdiyini xüsusi vurğulamışdı. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır. Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlib. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir. Prezident qeyd edib ki, hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir: “Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər”. Prezidentin Forum iştirakçılarına “Bu gün keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu əməkdaşlıq və sərmayə cəlbinin yeni mərhələsi üçün başlanğıcdır. Bizim əsas məqsədimiz innovativ biznes ideyalarının reallaşdırılması və əlverişli işgüzar imkanların genişləndirilməsidir. Mən hamınızı kapital, texnologiya və ideyalarınızı Azərbaycana gətirməyə dəvət edirəm. Əminəm ki, sizin ideya və təşəbbüslərinizin Azərbaycanda real layihələrdə əksini tapması uğurlu əməkdaşlığa və ümumi rifaha möhkəm zəmin yaradacaqdır”, xitabı hesab etmək olar ki, lazımi ünvanlara çatıb. Elə dünya nəhənglərinin elə cənab Prezident təyyarə trapından enən kimi onunla görüşə tələsməsi də hədəfin düzgün müəyyən olunmasının və dövlətimiz, xalqımız naminə daha xoşbəxt, firavan gələcəyin təmin olunması istiqamətində yürüdülən siyasətin nəticəsidir. Qarabağ və Şərqi Zəngəzur nümunəsi göstərdi ki, Azərbaycan qurub-yaratmaq, normal əməkdaşlıq imkanlarını davamlı şəkildə həyata keçirmək əzmindədir, bu ölkə, bu Liderlə əməkdaşlıq edən uduzmaz!

QAYİDİS.jpg (187 KB)

Çünki söhbət Qalib Dövlət, Qalib Xalq, Qalib Liderdən gedir…Onun uzatdığı əli sıxmaqdan kimsə zərər görməz! Bircə incə məqam var: təki hər kəs, hər ölkə çalışsın ki, o əl 5 il öncəki kimi Dəmir Yumruğa dönməsin…

Daha çox xəbərlər