Gündəm 

Trampın Azərbaycana mümkün səfəri – kimlər nə deyir?

ABŞ-nin Bakıya artan diqqətinə Rusiyanın reaksiyası maraq doğurur; Ağ Ev lideri ilkə imza ata bilər

Ötən həftə mühüm hadisələri sırasında Vaşinqtonda Hudson İnstitutunun təşkilatçılığı ilə “ABŞ Cənubi Qafqazda” adlı konfrans da var. Çünki bu konfrans ABŞ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri baxımından diqqət çəkib.

Konfransda ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış saziş, eləcə də regional proseslər müzakirə olunub. Konfransda Amerikanın aparıcı ekspertləri və rəsmiləri iştirak ediblər.

Konfransda çıxış edən Hudson İnstitutunun Yaxın Şərq Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Mayk Doran bildirib ki, avqustun 8-də Ağ Evdə keçirilən görüş nəinki uzun müddətdir ki, münaqişənin hökm sürdüyü regionda davamlı sülhün əldə oluna biləcəyini, həm də ABŞ üçün yeni imkanların yarandığını nümayiş etdirib.

Onun sözlərinə görə, bu, Avropa, Yaxın Şərq və Mərkəzi Asiya arasında münasibətlərin yenidən formatlaşdırılması üçün perspektivlər yaradır: “Tramp administrasiyası başa düşür ki, Cənubi Qafqaz artıq ABŞ-nin maraqları üçün periferik deyil. Bu region qlobal geosiyasətin əsas nöqtəsinə çevrilir. Bu, bütün dünya güclərinin maraqlarının kəsişdiyi, bəzən yaxınlaşdığı, bəzən də toqquşduğu nöqtədir. Xüsusilə Azərbaycan ABŞ üçün mühüm tərəfdaş kimi seçilir. Qərb üçün isə bu, ən geniş regiondur. Bakı Rusiya, Türkiyə və Xəzər hövzəsi arasında yerləşən enerji qovşağı, tranzit dəhlizi və təhlükəsizlik müttəfiqi kimi unikal rol oynayır”.

Yeri gəlmişkən, Mayk Doran vurğulayıb ki, bu münasibətləri yeni müstəviyə çıxarmaq üçün ən mühüm və eyni zamanda ən sadə addımlardan biri prezident Trampın Azərbaycana səfəri olar. “Heç bir ABŞ Prezidenti Azərbaycana səfər etməyib. Lakin dövlət katibi Marko Rubio da belə bir səfər etsəydi, çox yaxşı olardı. ABŞ-nin dövlət katibi sonuncu dəfə 2012-ci ildə Azərbaycana səfər etmişdi”.

Məlumdur ki, Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan, Ermənistan)  Vaşinqton üçün strateji əhəmiyyət daşısa da, prezident səviyyəsində səfərlər nadir hallarda baş tutub. ABŞ prezidentlərindən yalnız Corc Buş 2005-ci ilin mayında Tiflisdə rəsmi səfərdə olub. O, həm də yeganə ABŞ prezidentidir ki, Cənubi Qafqaza rəsmi səfər edib.  Ekspertlərə görə, Vaşinqtonun Cənubi Qafqaza diqqətinin artması fonunda Trampın regiona səfəri mümkündür. 

Belə bir səfər baş tutarsa, Cənubi Qafqazda müsbət nəticələr və ciddi rezonans doğurar. Bu, eyni zamanda Tehrana və Moskvaya Vaşinqtonun mesajı olardı. Ancaq görünən odur ki, Trampın gündəliyində indi əsas məsələlər Ukrayna-Rusiya müharibəsi, Çinlə münasibətlər, Yaxın Şərq mövzusu olsa da, Cənubi Qafqaz da diqqətdən kənarda qalmır.

Lakin Trampın gəlməsi Cənubi Qafqazda qüvvələr nisbətinə necə təsir edə bilər? Bəs Rusiyanın buna reaksiyası nə olar? 

Arzuxan Əlizadə yenidən sədr SEÇİLDİ

Arzuxan Əlizadə

“Yeni Müsavat”ın suallarını cavablandıran deputat Arzuxan Əlizadə qeyd etdi ki, heç bir amerikalı prezidentin bölgəyə səfəri olmayıb, Corc Buşun Gürcüstana gəlişi istisna olmaqla. Onun sözlərinə görə, Trampın isə regiona ziyarəti haqda indi müxtəlif fikirlər və çağırışlar səslənir, belə bir səfər ehtimalı da olduqca yüksəkdir: “Ağ Evdə 8 avqustda əldə olunan razılaşma Trampın Cənubi Qafqazda sülhə verdiyi ən böyük töhfədir. ABŞ lideri özü də hər fürsətdə bu nəticəni xüsusi qeyd edir. Həmçinin Zəngəzur dəhlizi onun adı ilə bağlıdır. O baxımdan dəhlizin açılması mərasimində ABŞ prezidentinin iştirakını istisna etmirəm. O cümlədən yekun sülh müqaviləsinin imzalanmasında da Trampın iştirakı mümkündür”.

A.Əlizadənin fikrincə, ABŞ Prezidentinin Cənubi Qafqazda dayanıqlı sülhə verdiyi dəstəyə görə ən azı Azərbaycana və Ermənistana gəlmək istəyi ola bilər: “Buna Rusiya və İranın hansı reaksiya verməsindən asılı olmayaraq, onların mane olmaq cəhdləri sıfırdır. Azərbaycan regionda yeni reallıqlar yaradıb, həm Moskva, həm Tehran bununla razılaşmaq məcburiyyətindədir. Ona görə Trampın səfərinə əngəl ola bilməzlər və onun gəlişi bizim üçün də şərəf olardı. Düşünürəm ki, bu səfərin yaxın gələcəkdə reallaşması ehtimalı az deyil”.

Siyasi analitik Ramiyə Məmmədova bu səfərin reallaşmasını hələ tez hesab edir. Onun sözlərinə görə, Ağ Ev lideri daha çox xarici qonaqları qəbul edir və hər hansı ölkəyə getməyə üstünlük vermir: “Doğrudur, Vatikanda olub, avropalı liderlərlə və Zelenski ilə görüşüb, Misirdə sammitdə iştirak edib. Ancaq onun tezliklə bizim regiona gələcəyini gözləmirəm. Təbii ki, onun səfəri tarixi hadisə olardı. Bu, Azərbaycanın nüfuzunu da artıracaq. Doğrusu, bu məsələdə dost İsrailin də rolunun olmasına ehtiyac var. Onlar Trampı Azərbaycana getməyə razı sala bilər. Sadəcə, adətən belə səfərlər proqram kimi olur, yəni gələcəksə, hər üç ölkəni ziyarət edəcək. İndi Tramp üçün Qafqaz turnesi isə prioritet deyil. Nəzərə alaq ki, Ukrayna böhranı onun gündəliyində ən qızğın məsələdir”.

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

 Ramiyə Məmmədova

Təhlilçi güman edir ki, ABŞ-Rusiya əlaqələrinin gedişatı da bu səfərə təsir göstərə bilər: “Hazırda ABŞ lideri situativ qərarlar qəbul edir. Yəni gah Kreml başçısı ilə görüşmək istəyir, gah onun şərtlərinin dəyişmədiyini görəndə qəzəblənib sanksiyalar tətbiq edir. Odur ki, Trampın münaqişənin həlli ilə bağlı real proqramının olduğunu düşünmürəm. Belə ani qərarlar isə böhranı dərinləşdirir. Əgər Ağ Ev başçısı rusiyalı həmkarı ilə razılaşa bilərsə, Vaşinqton-Moskva münasibətlərinin tam normallaşması Trampın Cənubi Qafqaza səfərinə də təsir edə bilər. Sadəcə, belə çağırışların olması normaldır. Ağ Evdə keçirilən görüş zamanı jurnalistlərdən də bu sualı verən oldu. Tramp buna cavab olaraq demişdi ki, hər iki ölkəyə – Azərbaycana və Ermənistana getməsi mümkün ola bilər. Gəlin nəzərə alaq ki, dünyanın fövqəlgüc dövləti üçün bizim region əhəmiyyətli olsa da, səfər etmək cəhətdən indi aktual deyil”.

Onun fikrincə, heç bir ABŞ liderinin belə bir istəyi olmayıb və onlar dünya siyasətinin daha mərkəzi yerlərinə gedirlər: “Cənubi Qafqaz ölkələri qlobal siyasətdə böyük aktorlar deyil axı?! Bunu qəbul etmək lazımdır. Amma Trampın Azərbaycana və Prezidentə xüsusi ehtiramı belə bir səfəri gələcəkdə mümkün edə bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Daha çox xəbərlər