Valideynlərdən pul yığılması qanunsuzdur — məktəblərin xərclərini dövlət qarşılayır
“Məktəblərin maliyyələşmə mexanizmləri göstərir ki, dövlət ümumtəhsil müəssisələrinin saxlanılması, təmiri və təsərrüfat xərcləri dövlət büdcəsi hesabına təmin edilir. “Təhsil haqqında” Qanuna əsasən, məktəblərin tikintisi və təmiri yalnız büdcə vəsaiti ilə həyata keçirilə bilər. Bu, valideynlərdən pul yığılmasının qanunsuz olduğunu açıq göstərir.
Bununla belə, bəzi hallarda məktəb rəhbərləri və valideyn komitələri siniflərin təmiri, pərdələrin və işıqlandırmanın yenilənməsi kimi işlər üçün valideynlərdən pul toplamağa meyllənirlər. Bu yanaşma qanunsuz olmaqla yanaşı, təhsil sisteminə ictimai etimadı da azaldır”.
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, 2024-cü ilin dövlət büdcəsində təhsil sektoruna 4,4 milyard manat vəsait ayrılıb. Bunun 200 milyon manatı məktəblərin tikintisi və təmiri üçün nəzərdə tutulub. Son on ildə 400-dən çox yeni məktəb binası tikilib, yüzlərlə təhsil ocağı əsaslı təmir olunub:
“Elm və Təhsil Nazirliyi valideynlərdən pul yığılmasının qarşısını almaq üçün nəzarəti gücləndirib və ictimai maarifləndirmə işini artırıb. Nazirliyin bu sahədə apardığı şəffaf fəaliyyət təhsil siyasətində hesabatlılıq prinsiplərinin möhkəmlənməsinə xidmət edir.
Lakin bəzi regionlarda büdcə vəsaitlərinin vaxtında ayrılmaması məktəbləri qeyri-rəsmi yollara yönəldir. Problemin kökü planlaşdırma və nəzarət boşluqlarındadır. Əgər məktəblərə illik operativ xərclər üçün ayrıca fond ayrılsa, pul yığımı məsələsi də gündəmdən çıxar.
Dövlətin təhsilə yatırımı artdıqca, məktəblərdə şərait yaxşılaşacaq, valideynlərin üzərinə düşən qeyri-qanuni yük aradan qalxacaq. Nazirliyin bu istiqamətdəki prinsipial mövqeyi və şəffaf fəaliyyəti isə təhsilin inkişafı üçün mühüm addımdır”.

 
                                    
 
                                 
                                