Ət bazarında qonşu asılılığı: İdxalın 98%-i iki ölkədən gəlir
“Ölkəyə gətirilən diri iri buynuzlu heyvanların 65%-i Rusiyadan, 10%-i Qazaxıstandan, 25%-i isə Gürcüstandan idxal olunur. Diri xırda buynuzlu heyvanların 88%-i Gürcüstandan, 10%-i isə Rusiyadan gətirilir. Beləliklə, Azərbaycanın diri heyvan idxalının 98%-i məhz bu iki ölkənin payına düşür. Təbii ki, burada coğrafi yaxınlıq və logistika üstünlüyü mühüm rol oynayır”.
Bunu BiG.AZ-a açıqlamasında iqtisadçı Xalid Kərimov bildirib.
O, qeyd edib ki, təzə və soyudulmuş mal əti üzrə əsas tədarükçü ölkə Belarusiyadır. Hazırda Belarusiya Azərbaycan bazarına gətirilən təzə və soyudulmuş mal ətinin təxminən 99%-ni təmin edir:
“Dondurulmuş iri buynuzlu heyvan ətləri arasında Ukraynanın payı 70%, Braziliyanın payı isə 24%-dir.
Təzə soyudulmuş qoyun və keçi ətinin idxalında isə Monqolustan liderlik edir. Bu ölkə əhalisinin sayına nisbətdə ət istehsalına görə dünyada ön sıralarda yer alır. Buna görə də Monqolustandan ətin gətirilməsi həm iqtisadi, həm də logistika baxımından daha sərfəli hesab olunur.
Bəs niyə dondurulmuş ət daha ucuzdur?
Bunun əsas səbəbi istehlakçı davranışıdır. Əhali arasında yeni kəsilmiş ət daha keyfiyyətli sayıldığı üçün onun qiyməti bazarda “tavan qiymət” rolunu oynayır.
İdxalçılar isə bu qiymətə əsaslanaraq gətirilən ətin daha ucuz olmasını təmin etməyə çalışırlar ki, alıcıların diqqətini cəlb etsinlər. Yəni, dondurulmuş ətin ucuzluğu keyfiyyət fərqindən çox bazar strategiyası ilə bağlıdır”.

 
                                    
 
                                 
                                