Siyasət 

Bakı ABŞ ilə strateji müttəfiqlik yolunda

İki ölkənin İşçi Qrupunun fəaliyyətinə tezliklə start veriləcək; Tramp dönəmində əlaqələr ən yaxşı dövrünü yaşayır – gözlənti 

ABŞ Prezidenti Donald Tramp Cənubi Qafqazda məhz Azərbaycanı özünün strateji tərəfdaşı seçərək keçmiş administrasiyanın yanlış siyasətini düzəltməyə çalışır. Azərbaycan və ABŞ arasında münasibətlər 1990-cı illərin əvvəllərindən başlayaraq müxtəlif mərhələlərdən keçib. Lakin 2025-ci ilin avqustunda Vaşinqtonda imzalanan Anlaşma Memorandumu ikitərəfli münasibətlərdə strateji tərəfdaşlıq dövrünü açdı.

Yaxın vaxtlarda ABŞ-Azərbaycan Strateji İşçi Qrupunun fəaliyyətinə start veriləcək. Bu barədə “Report”un ABŞ bürosuna Birləşmiş Ştatların Dövlət Departamentinin mətbuat xidmətindən məlumat verilib. Dövlət qurumundan bildirilib ki, bu təşəbbüs iki ölkə arasında əməkdaşlığın yeni mərhələsini formalaşdırmağı hədəfləyir. Yada salaq ki, anlaşma memorandumu avqustun 8-də Vaşinqtonda imzalanıb, amma mətni 29 avqustunda yayılıb. Bu, Azərbaycan-ABŞ əlaqələrinin yeni səviyyəyə yüksəldiyinin göstəricisidir.

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı aşağıdakı üç istiqaməti əhatə edir:

– Enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar;

– Süni intellekt və rəqəmsal infrastrukturun da daxil olduğu iqtisadi sərmayə;

– Müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq.

Sənəddə deyilir ki, memorandum beynəlxalq hüquq və ya daxili qanun üzrə heç bir hüquq və öhdəlik yaratmır. İştirakçılar bu memorandumun maliyyə öhdəliyi daşımadığını xüsusi olaraq qəbul edirlər. İştirakçılar öz əlahiddə və unikal missiya və mandatlarını, məsuliyyət və hesabatlılıqlarını qoruyub saxlamaq niyyətindədirlər. Bu memorandum çərçivəsində iştirakçılar arasında əməkdaşlığın tərəfdaşlıq və ya digər hüquqi şəxs və ya qurum kimi təfsir edilməsi nəzərdə tutulmur. Hər bir iştirakçının bu memorandumla bağlı çəkdiyi bütün xərclərin özü tərəfindən qarşılanması gözlənilir. 

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ABŞ ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” neft kontraktlarında Amerikanın iri şirkətləri ümumilikdə 40 faiz paya sahib oldular. Bu gün isə Azərbaycanın coğrafi mövqeyi və Prezident İlham Əliyevin bundan istifadə edərək praqmatik siyasəti ölkəmizi təkcə ABŞ üçün deyil, “Qlobal Cənub” və “Qoca qitə” üçün də cəlbedici məkana çevirib. Artıq Azərbaycan Qərblə Şərq arasında nəqliyyat qovşağına, tranzit yolların kəsişdiyi ölkəyə çevrilib.

Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb - Oxu.az

 Elşad Musayev

Azərbaycan-ABŞ Parlamentlərarası İşçi Qrupunun üzvü Elşad Musayev hesab edir ki, iki ölkə arasında münasibətlər inkişafdadır. Deputatın gözləntisinə görə, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. E.Musayevin fikrincə, bu münasibətlər keçmiş administrasiya dönəmindən kəskin surətdə fərqlənir: “ABŞ prezidenti Donald Tramp Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verir. Onun Prezident İlham Əliyevə böyük hörməti və ehtiramı var. Biz 8 avqust görüşündə, daha sonra Misir zirvəsində Ağ Ev liderinin cənab prezidentə necə diqqət ayırdığına şahid olduq. Bu nikbin yanaşmağa əsas verir ki, Azərbaycan-ABŞ əlaqələri tarixinin ən yaxşı dövrünü yaşayacaq. Ümumiyyətlə, Vaşinqton Cənubi Qafqazda Bakıya ayrıca münasibət göstərib və onun regionda əhəmiyyətini dərk edir. Ona görə də Strateji İşçi Qrupunun fəaliyyətə başlamasının münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxmasında mühüm rol oynayacağına ümid edirik”.

Deputat Azərbaycanın çoxvektorlu xarici siyasəti olduğunu düşünür: “Bu gün siyasətimiz tərəfdaşlığın yüksəldilməsinə yönəldilib. Azərbaycan ABŞ, Çin, Böyük Britaniya, İsrail kimi dövlətlərlə əlaqələrini gücləndirir, strateji tərəfdaşlıq memorandumları imzalanır, müxtəlif müqavilələr bağlanır. Bundan başqa, Azərbaycan Şərq-Qərb arasında mühüm logistika mərkəzinə çevrilib. Bu gün Azərbaycan Orta dəhlizin bir hissəsidir. Bu baxımdan, ölkəmizin əhəmiyyəti getdikcə artmaqdadır. Tramp iqtidarı da o nöqteyi-nəzərdən ölkəmizə daha da böyük diqqət ayırır. Ümumiyyətlə, Azərbaycan ABŞ ilə əməkdaşlığın səviyyəsinin yeni müstəviyə keçidində çoxdan maraqlıdır. Yetər ki, bunu qarşı tərəf istəsin. ABŞ dünyada fövqəlgücdür və Azərbaycan belə bir qlobal aktorla münasibətlərinin strateji müttəfiqlik statusunda olmasını istəyərdi”.

 Qabil Hüseynli

Professor Qabil Hüseynli Azərbaycan Prezidentinin seçkidən əvvəl Trampın namizədliyini dəstəkləməsini bugünkü münasibətlərin inkişafında ən vacib detal kimi qiymətləndirir. Onun bildirdiyinə görə, Ağ Evdəki görüşdə də Tramp bunu dəyərləndirdi və Azərbaycanın dövlət başçısını güclü lider və özünün dostu adlandırdı: “Liderlərin münasibətləri ölkələrin də əməkdaşlığının gedişatına təsir edir. Hər nə qədər buna inanmayanlar olsa da, rəhbərlərin əlaqələri mühüm göstəricidir. Bu mənada Əliyev-Tramp münasibətləri ikitərəfli əlaqələrin sürətli inkişafına ciddi təsir edir. Bundan sonra strateji müttəfiqlik yolunda iri addımlar atıla bilər. Zənnimcə, Azərbaycan sülhməramlılarının Qəzza zolağına göndərilməsi planı, ölkəmizin sülh istiqamətində Vaşinqtonu qane edən addımları, enerji məhsullarımızın ABŞ-nin müttəfiqi olan Avropanın təminatında önəmli yer tutması strateji müttəfiqliyin qurulması üçün stimullaşdırıcı faktorlar ola bilər. Nəzərə alaq ki, Azərbaycan ABŞ ilə siyasi-iqtisadi, hərbi və digər sahələr üzrə çoxşaxəli əməkdaşlıq etməkdədir. Sadəcə, müttəfiqlik məsələsində tələsməyin tərəfdarı deyiləm. Birləşmiş Ştatların siyasətində indi prioritet Ukrayna böhranıdır”.

Q.Hüseynli bununla yanaşı qarşıdakı 3-4 il ərzində Azərbaycan-ABŞ əlaqələrinin yüksəlişdə olacağına əmindir: “Biz növbəti seçkidə də respublikaçı namizədin qələbəsində maraqlı olmalıyıq. Çünki demokratlar hakimiyyətə gələndə münasibətləri korlayır. İstər Obama, istərsə Bayden dövrü olsun, Azərbaycanla əlaqələrdə inkişafa üstünlük verilməyib. Əksinə, gərginlik yaşanıb. İndi isə əlaqələr yeni dövrünü yaşayır. Üstəlik, ABŞ və Çin liderlərinin bir araya gəlməsi də müsbət haldır. Azərbaycan hər iki güc mərkəzi ilə əməkdaşlığını inkişaf etdirməkdədir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Daha çox xəbərlər