Lukaşenkonun düşməni Azərbaycandan nə istəyir?
Qərbin qoruması altında olan müxalifət liderinin ölkəmizə müraciətində məqsəd bəlli oldu – ekspert deyir ki…
“AvroNest Gürcüstan, Ermənistan, Azərbaycan və Moldova parlamentarilərini bir arada toplaya biləcəyimiz yeganə formatdır”. Bunu oktyabrın 29-da AvroNest Parlament Assambleyasının İrəvanda keçirilən 12-ci plenar iclasına videomüraciətində Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya deyib.
“Həmsədrləri təbrik etmək istəyirəm ki, insanları bu cür bir araya gətiriblər, Belarusun da orada təmsil olunmasını təmin ediblər. Bizim üçün AvroNest bir platformadan daha çox şey deməkdir, bu, oxşar problemləri olan xalqların həm ağrılarını, həm də uğurlarını bölüşə biləcəyi unikal yerdir. Hamımız üçün bu, Gürcüstan, Ermənistan, Azərbaycan, Moldova parlamentarilərini bir arada toplaya biləcəyimiz yeganə formatdır”, – o qeyd edib.
Həmçinin Svetlana Tixanovskaya Azərbaycana müraciətində bildirib: “Azərbaycanlı dostlarımıza da bir mesaj ünvanlamaq istəyirəm: münasibətlərin qurulmasına çox açığıq və maraqlıyıq. Əminik ki, ortaq maraqlar və qarşılıqlı fayda gətirəcək sahələr tapacağıq”.
Xatırladaq ki, Azərbaycan parlamentinin nümayəndə heyəti AvroNest PA-nın oktyabrın 28-30-da İrəvanda keçirilən 12-ci plenar sessiyasında iştirakdan imtina edib. Qərar Avropa Parlamentinin Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə bəyanat və qərarları ilə izah olunub. Azərbaycanla yanaşı, Gürcüstan da iclasa qatılmaqdan imtina edib. Deputat Tahir Mirkişili deyib ki, AvroNest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır: “Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəkləmir, əksinə, regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökür. Bu barədə Azərbaycan Milli Məclisi dəfələrlə etiraz bəyanatları verib”.
Svetlana Tixanovskayaya gəlincə, Litvada mühacir həyatı yaşayan belaruslu müxalif siyasətçi 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycan əleyhinə təxribatçı açıqlamaları ilə gündəmə gəlmişdi. Həmçinin o, Litva hökumətinin şəxsi təhlükəsizlik səviyyəsini aşağı saldığı üçün Ermənistana səfər proqramını ləğv etməyə məcbur olub. Azərbaycanın Belarusla münasibətləri həmişə normal olub, Lukaşenko da ölkəmizin dostları sırasındadır. Tixanovskayadan fərqli olaraq, Lukaşenko Azərbaycanın ərazi bötüvlüyünü təmin etdiyi üçün təbrik edib. Belarus prezidenti Şuşaya səfər də edib.
Bəs Qərbin qoruması altında olan müxalifət liderinin Azərbaycana müraciətində məqsədi nədir?

Züriyə Qarayeva
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının müəllimi Züriyə Qarayevanın sözlərinə görə, belaruslu xanım siyasətçi anti-Rusiya platforması təklif edib: “Bu çağırış da Cənubi Qafqaz ölkələrinə və Moldovayadır. Yəni bu ölkələrdən Gürcüstan və Moldova torpaqlarının bir hissəsi separatçı rejimlərin nəzarəti altındadır, həmin ərazilərə Rusiya hərbçiləri yerləşdirilib, Ermənistan hakimiyyəti ilə Moskva münasibətləri də göz qabağındadır, Azərbaycan isə yeni-yeni Kremllə münasibətlərini aydınlaşdırıb. Belarus müxalifətçisi Qərbin adamı olduğuna görə Rusiya ilə problemləri olan ölkələrin adlarını çəkib. Azərbaycanın da şimal qonşusu ilə əlaqələrində hər şey tam hamarlaşmayıb. Ancaq Bakı anti-Rusiya blokunda heç zaman yer almayıb. Hətta münasibətlərdə böhran olanda belə Qərb cəbhəsində olmayıb”.
Politoloqun fikrincə, Azərbaycan AvroNest toplantısına niyə getmədiyini izah edib: “Avropa Parlamentinin qəbul etdiyi qətnamələri heç Ermənistan parlamentindən də görməmişik. Ölkəmizi etnik təmizləmədə, ermənilərə guya genosid etməkdə, Qarabağa hücum kimi absurd ittihamlarda günahlandırıblar. Bu qərəzli və düşmənçilik münasibətindən sonra Azərbaycan haqlı olaraq AvroNestdə iştirak etmədi.
Eyni zamanda Avropa Şurasının da Azərbaycana kinli münasibəti dəyişməyib. Tixanovskaya isə bu cəbhədə yer alan aktivistdir. Onun bir zamanlar tutduğu mövqe də bəyənilən deyildi. İndiki çağırışı da, dediyim kimi, məhz bu ölkələri anti-Rusiya və anti-Lukaşenko koalisiyalarında görmək istəyindən irəli gəlir. Amma Azərbaycanın Belarus hökuməti ilə əlaqələri yüksək səviyyədədir. Hətta Ermənistanın baş naziri Belarusla diplomatik əlaqələri dayandırıb və bəhanə gətirib ki, guya bu ölkə 44 günlük müharibədə Azərbaycana hərbi dəstək verib. Halbuki o silahları hərbi əməliyyatlardan əvvəl öz vəsaitimiz hesabına almışdıq”.
Qeyd edək ki, Tixanovskaya uşaq vaxtı Çernobıl uşaqlarına kömək üçün bir xeyriyyə fondunun dəstəyi ilə İrlandiyanı ziyarət edən, digər insanlara kömək etmək istəyən sevimli bir uşaq olub. Seçkilərdən öncə Tixanovskaya Belarusda siyasətçi kimi tanınmayıb, bir müddət öncə ingilis dili müəllimliyi edib, son illər isə evdar qadın olub. Hətta o, seçkiyə qatılandan sonra prezident Lukaşenko belə bir ironik münasibət bildirmişdi: “O, dünənə qədər kotlet bişirir və uşaqlarını bəsləyirdi. Bəlkə kotletinin qoxusu da gözəl ola bilər, amma mən onunla nəyi müzakirə etməliyəm?”
Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 
                                    
 
                                 
                                