Gündəm 

İcra başçısının həbsi – Mehdiyevin klanı zərərsizləşdirilir

14 ildir Balakənin icra başçısı postunu tutan İslam Rzayevin PA-nın sabiq rəhbərinə yaxın kadr olduğu deyilir; DTX-nın yerli icra strukturlarında Mehdiyevə bağlı “rüşvət şəbəkələrinə” qarşı mübarizə davam edəcək

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı barədə xəbər yayılıb. Xəbərdə onun korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində saxlanıldığı bildirilir. 

Mənbələr bildirir ki, əməliyyat çərçivəsində müxtəlif sənədlər və maliyyə materialları müsadirə olunub. Araşdırma orqanlarının diqqəti əsasən Balakən rayonunda dövlət vəsaitlərinin istifadəsi, torpaq bölgüsü, tikinti layihələri və tender mexanizmləri üzərində cəmlənib. Məlumata görə, saxlanılanlar arasında icra başçısının müavinləri, rayonun baş memarı da var. Qeyd edək ki, icra başçısının birinci müavini Turan Dibirov, müavinləri Nəzakət Rüstəmova və Mehparə Nuriyevadır. Rayonun baş memarı isə Tahir Rəcəbovdur.

DTX-nın saxladığı İslam Rzayev kimdir? - Dosye | Tribunainfo.Az

İslam Rzayev 1965-ci ildə Göyçay rayonunda anadan olub. 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialını iqtisadçı ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1988-ci ildə Göyçay rayon Maliyyə idarəsində böyük iqtisadçı kimi başlayıb.

Vergilər Nazirliyinin Göyçay rayonu və Bakı şəhərinin Nizami və Əzizbəyov rayonları üzrə strukturlarında şöbə rəisi, müfəttişliyin rəisi, idarə rəisinin müavini işləyib.

“Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətində baş mütəxəssis vəzifəsində çalışıb, 2007-ci ildən 18 may 2011-ci ilədək Azərbaycan Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləyib.

İslam Rzayev 18 may 2011-ci ildə Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb. YAP-ın üzvüdür. Evlidir, 3 övladı var. Saxlanılan icra başçısının qızı Fəridə Rzayeva 2023-cü ildə Suraxanı Rayon Məhkəməsinin hakimi təyin edilib. Bundan əvvəl o, vəkil kimi fəaliyyət göstərib.

İ.Rzayevin 2011-ci ildə icra başçısı vəzifəsinə təyin olunmasının arxasında SOCAR-ın sabiq vitse-prezidenti, milyardlarla vəsaitə sahib oliqarx-məmur Mikayıl İsmayılov dayandığı haqda iddialar da var.

Məlumata görə, M.İsmayılov İslam Rzayevin tələbə yoldaşı və eyni zamanda qudasıdır. Məhz bu qohumluq və şəxsi əlaqə vasitəsilə Ramiz Mehdiyevlə birbaşa əlaqə qurulub.

Musavat.com xəbər verir ki, bu həbs Ramiz Mehdiyev klanına bağlı olan icra strukturlarının neytrallaşdırılması prosesinin tərkib hissəsidir. İslam Rzayev Yeni Azərbaycan Partiyasının Ramiz Mehdiyevə sadiq üzvü kimi uzun müddət regional siyasi sistemdə  “toxunulmaz” fiqur hesab olunurdu. O, uzun illər ərzində Balakən rayonunda inzibati, iqtisadi və sosial resursların idarə olunmasında əsas mərkəzi fiqurlardan biri kimi çıxış edirdi.

Ekspertlərin fikrincə, son aylarda aparılan əməliyyatlar, mərkəzi icra strukturlarında kök salmış “keçmiş administrativ şəbəkə”nin tədricən sıradan çıxarılması prosesinin yeni mərhələsi başlayıb.  Bu baxımdan Balakən hadisəsi həm simvolik, həm də praktik əhəmiyyət daşıyır. Çünki İslam Rzayev uzun illərdir ki, Ramiz Mehdiyev sisteminə sadiq qalan və hələ vəzifəsini qoruyub saxlayan azsaylı icra başçılarından biri idi.

Məlumatlara görə, Rzayevin rəhbərliyi dövründə Balakən rayonunda formalaşan idarəçilik modeli “kiçik padşah” sistemi üzərində qurulmuşdu. Bu model rayonun torpaq və biznes sahələrinin icra strukturlarının bilavasitə nəzarəti altında paylanmasını, yerli sahibkarlıq resurslarının inzibati yolla tənzimlənməsini və vətəndaş münasibətlərinin bürokratik kanallarla idarə edilməsini təmin edirdi. Məhz bu səbəbdən Rzayevin saxlanılması həm də əskimiş bir sistemin dağılması kimi qiymətləndirilir.

İstintaqın gedişində yeni adların və yeni faktların ortaya çıxacağı, həmçinin Ramiz Mehdiyev klanına bağlı digər rayon rəhbərləri ilə bağlı prosesin genişlənəcəyi gözlənilir.

Musa Şəkiliyev vəzifəsindən azad edildi — Sərəncam

Musa Şəkiliyev

Yada salaq ki, iyun ayının 25-də DTX Balakənə qonşu  Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevi də həbs edib.

Əslində Rzayevin saxlanılması ictimaiyyətdə elə də təəccüb doğurmayıb. Çünki son illərdə DTX-nın “rüşvət şəbəkələrinə” qarşı mübarizəsi sistemli xarakter alıb və artıq demək olar ki, Azərbaycanda az qala hər bölgədən bir sabiq icra başçısı məhbəs həyatı yaşayıb. Bu isə həm korrupsiya ilə mübarizənin davamlılığını, həm də rayon idarəetmə modelindəki ciddi struktur problemləri bir daha gündəmə gətirir.

Maraqlıdır ki, əksər hallarda saxlanılan icra başçılarına eyni ittihamlar irəli sürülür – rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, büdcə vəsaitlərinin mənimsənilməsi. Bu isə onu göstərir ki, problem fərdi deyil, sistematik xarakter daşıyır.

Bəzi icra hakimiyyətləri, xüsusilə regionlarda, illərdir “mini krallıqlar” kimi fəaliyyət göstərir. Bir çox hallarda həmin başçılar özlərini mərkəzdən çox, yerli “hakimiyyət” kimi aparır, dövlətin idarəçilik prinsipinə deyil, şəxsi maraqlara əsaslanır. Təkcə 2019-cu ildən bu günə qədər onlarla rayon rəhbəri müxtəlif korrupsiya ittihamları ilə həbs edilib və bir çoxu artıq məhkəmə hökmü ilə cəza alıb.

Musavat.com son illərdə həbs edilən icra başçıları təqdim edir:

Musa Şəkiliyev (Qax) – 2024-cü ilin iyununda saxlanılıb, korrupsiya əməllərində ittiham olunur.

Alimpaşa Məmmədov (Şəmkir) – 2021-ci ildə həbs olunub, 11 il 6 ay cəza alsa da, sonradan 10 ilə endirilib.

İsmayıl Vəliyev (Neftçala) – 2020-ci ildə tutulub, 10 il cəza 6 il 2 aya endirilib.

Vilyam Hacıyev (İmişli) – 2020-ci ildə saxlanılıb, 12 il həbs cəzası 8 il 6 aya endirilib.

Mahir Quliyev (Biləsuvar) – 2020-ci ildə həbs olunub, 11 il cəza 8 il 3 aya azaldılıb.

Namiq Zeynalov (Cəlilabad) – 2020-ci ildə həbs olunub, 12 ildən 11 il 9 aya endirilmiş cəza ilə hazırda məhbəsdədir.

Ceyhun Cəfərov (Kürdəmir) – 2020-ci ildə həbs olunub, 2025-ci ildə azadlığa çıxıb.

Qoca Səmədov (Yevlax) – 2019-cu ildə tutulub, 2023-cü ildə azadlığa çıxıb, az sonra vəfat edib.

Nizaməddin Quliyev (Ağstafa) – 2019-cu ildə müavini Ramiz Tatarovla birlikdə həbs edilib, 2021-ci ildə koronavirusdan dünyasını dəyişib.

“Yeni Müsavat” 

 

Daha çox xəbərlər