Diplomatik korpus Zəngəzur dəhlizində
Elçin Mirzəbəyli: “Ermənistan tərəfdə işlərin ləng getməsi diqqətdən qaçmır”
Oktyabrın 31-də Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun üzvləri ilə Cəbrayıl və Zəngilan rayonlarına səfər edib. Bu barədə Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
“Biz Prezident İlham Əliyevin yolunu davam etdirərək, diplomatik korpusun üzvləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik. Səfərimizin ilk dayanacağı Horovlu kəndidir. Ziyarət zamanı Zəngəzur dəhlizinin tikintisinə, eləcə də regionda mövcud dəmiryolu və avtomobil yolları layihələrinə diqqət yetirəcəyik. 2020-ci il Vətən müharibəsindən sonra bu, diplomatik korpusla birlikdə azad edilmiş ərazilərə iyirminci səfərimizdir”, – paylaşımda qeyd edib.
Hikmət Hacıyev həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin Azərbaycan-Ermənistan sərhədinə qədər olan hissəsində tikinti işləri yekun mərhələyə çatır. “Azərbaycan bölgədə nəqliyyat və logistika əlaqələrinin qurulması üçün yerində ciddi işlər aparır”, – paylaşımda vurğulanıb.
Diplomatlar Zəngəzur dəhlizinin tərkib hissəsi olan Həkəri dəmiryolu stansiyasında olublar.
Zəngəzur dəhlizinin Azərbaycan trəfəfində olan hissəsində tikinti işlərinin yekunlaşması dəhlizin açılmasını sürətləndirəcəkmi? Ermənistan hissəsində tikinti sanki yubanır.

Elçin Mirzəbəyli
Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Zəngəzur dəhlizi uzun illərdir Cənubi Qafqazda inteqrasiyanın və sabitliyin açar elementi kimi qəbul olunur: “Bu layihə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək Türkiyə və oradan Avropa istiqamətinə birbaşa çıxışı təmin edir. Əslində, bu dəhliz təkcə nəqliyyat arteriyası deyil, həm də Azərbaycanın regional liderlik konsepsiyasının reallaşma formasıdır. Dəhliz ”Orta Dəhliz” və “Bir kəmər, bir yol” təşəbbüsləri ilə birləşərək Azərbaycanın geosiyasi mövqeyini möhkəmləndirir, onu Asiya ilə Avropa arasında mühüm logistika mərkəzinə çevirir. Azərbaycan tərəfi üzərinə düşən öhdəlikləri vaxtında və məsuliyyətlə yerinə yetirir. Zəngilan və Cəbrayıl istiqamətində yeni avtomobil yolları, dəmir yolu xətləri, rabitə və enerji infrastrukturu sürətlə tamamlanır. Bu, Bakının siyasi bəyanatlardan kənara çıxaraq praktiki işlərə üstünlük verdiyini, yəni inamlı və etibarlı tərəfdaş kimi çıxış etdiyini göstərir. Azərbaycan bölgədə nəqliyyat və logistika əlaqələrinin qurulması üçün yerində ciddi və sistemli iş aparır”.
Deputat qeyd etdi ki, Ermənistan tərəfində işlərin ləng getməsi diqqətdən qaçmır: “İrəvan bu prosesdə gah maliyyə çətinliklərini, gah da texniki problemləri əsas gətirir, lakin reallıqda bu, siyasi iradə çatışmazlığının və regionda sabitlikdən çox qeyri-müəyyənlik siyasətinin davamı kimi görünür. Bununla belə, geosiyasi reallıq göstərir ki, Zəngəzur dəhlizinin açılması artıq zaman məsələsidir”.
E.Mirzəbəyli dedi ki, Azərbaycanın azad edilmiş ərazilərdə həyata keçirdiyi infrastruktur layihələri yalnız bərpa proqramının tərkib hissəsi deyil, həm də yeni geosiyasi nizamın formalaşmasında onun aparıcı rolunun təsdiqidir.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

