Siyasət 

Regionların “kiçik padşahları”: Yerləri dəyişdi və xəbərdarlıq edildi

Azərbaycan Prezidenti İlham Əliyev bir sıra kadr dəyişiklikləri ilə bağlı sərəncamlar imzalayıb. Yeni qərarlara əsasən, bir neçə rayonun icra başçısı  vəzifəsindən azad olunub, onların yerinə yeni təyinatlar həyata keçirilib.

Prezident, həmçinin Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və təyin olunan icra başçılarını qəbul edib. Görüş zamanı dövlət başçısı yerli idarəetmədə məsuliyyət, şəffaflıq və dürüstlük prinsiplərini bir daha xatırladıb:

“Sizdən tələbim, eyni zamanda, xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcək”. Dövlət başçısı çıxışında icra başçılarının əsas vəzifəsinin xalqa xidmət etmək olduğunu vurğulayıb.

Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davamlı xarakter daşıdığını, qanunsuzluğa yol verən heç bir məmurun məsuliyyətdən yayınmayacağını xatırladıb:

“Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur. Heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq”.

Son təyinatlarla ölkə rəhbərliyi yerli icra orqanlarında idarəetmə keyfiyyətini yüksəltməyi, bölgələrdə dövlət siyasətinin səmərəli icrasını və korrupsiyaya qarşı mübarizənin yeni mərhələyə keçməsini hədəfləyir.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Milli Məclisin deputatı Ceyhun Məmmədov Musavat.com-a açıqlamasında bildirib ki, dəyişikliklər onu göstərir ki, ölkəmizdə kadr islahatları davam edir:

“Dövlət başçısı bu məsələlərdə həssas, prinsipial, qətiyyətli mövqe ortaya qoyur. Elə bunun nəticəsi idi ki, prezident yeni icra başçıları ilə görüşündə çox ciddi tapşırıqlar verdi və xəbərdarlıqlar etdi. Vəzifə çox ciddi etimaddır. Növbəti dəfə biz prezidentin bir sıra başçılara yüksək etimad göstərdiyinin şahidi olduq. İcra başçıları da çalışmalıdırlar ki, bu etimadı doğrultsunlar. Onlar yerlərdə prezidentin nümayəndələridirlər, onun tapşırıqlarını diqqətlə yerinə yetirməlidirlər. Bəzi icra başçılarının yerləri dəyişdirildi və digər yerlərə icra başçısı kimi təyin edildilər. Bu onu göstərir ki, dövlət başçısının bu mövzuda həssas yanaşması var. Elə buna görə də icra başçıları onun xəbərdarlıqlarından nəticə çıxarmalıdırlar. Əgər onlar işlərini düzgün qursalar, vəzifələrini düzgün yerinə yetirsələr, təbii ki, onlara ölkə rəhbərinin etimadı davam edəcək. Əgər onlar etimadı doğrultmasalar, prezidentin çox ciddi xəbərdarlığı və cəzası ilə üz-üzə qalacaqlar. Son günlər bir sıra icra başçısı vəzifəsindən çıxarılıb. Bu, prezidentin kadr siyasətinə nə dərəcədə önəm verdiyini göstərir. Vəzifəyə təyin olunan icra başçıları bu məqamı əsla unutmamalıdırlar. Onlardan çox ciddi gözləntilər var”.

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, prezident icra başçılarından işlərinə məsuliyyətlə yanaşmanı gözləyir: “Naxçıvanın əvvəlki  səlahiyyətli nümayəndəsi bu prinsiplərə əməl etmədiyinə görə işindən azad olundu. Prezident özü də çıxışında buna işarə etdi və bildirdi ki, icra başçıları öz qohumlarına yiyə çıxsın, insanları incitməsinlər. Çünki həmin səlahiyyətli nümayəndə bu prinsiplərdən kənara çıxırdı. O, öz qohumlarını müəyyən yerlərə icra başçısı təyin edirdi. Öz yaxınlarının hamısına Naxçıvanda vəzifə vermişdi. Yəni Vasif Talıbovun dövründə olan “yerlilik” prinsipi davam edirdi. Vasif Talıbov şahbuzluları, bu isə şərurluları vəzifəyə gətirirdi. Digər rayonlar isə kənarda qalırdı. Təsəvvür edin ki, tenderləri belə düzgün keçirmirdi. Fuad Nəcəfli təzə təyin olunanda dövlət Naxçıvana 245 milyon manat vəsait ayırmışdı. Onların heç biri Naxçıvana xərclənmədi və büdcəyə geri qaytarıldı. Ondan sonra Naxçıvana aşağı məbləğdə vəsait ayrılırdı, çünki xərclənmirdi. Nəticədə Naxçıvan iqtisadi inkişafdan geri qaldı. Şükürlər olsun ki, prezident bunun uzun müddət belə qalmasına icazə vermədi.

Dövlət başçısı bir çox adamları cəzalandırdı ki, onlar arasında Ramiz Mehdiyevə, “FETÖ”yə yaxın olan adamlar da var”.

Şahanə Rəhimli
Musavat.com

Daha çox xəbərlər