“Bundan sonra mərkəzdən sizə qanunsuz tapşırıq verilməyəcək” – Prezident kimi nəzərdə tutdu?
İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən olduqca sərt və maraqlı fikirlər səsləndirib.
Prezident bildirib ki, vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi və artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb.
Prezident qeyd edib ki, Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb:
“Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək. Vaxtilə belə hallar olub və bu qanunsuz tapşırıqları verən, qanunsuz varlanmanı özləri üçün əsas məqsəd hesab edən məmurlar bu gün məhkəmə qarşısında cavab verirlər. Bir çox hallarda torpaqlardan səmərəsiz istifadə edilməsi halları olub, torpaqlar zəbt edilib, torpaqların kateqoriyaları dəyişdirilib. Əkin-biçin üçün yararlı olan torpaqlarda bəzi məmurlar özləri üçün imarətlər inşa ediblər və əlbəttə ki, bütün bunlar qanunsuz hərəkətlərdir”.

Politoloq Qabil Hüseynli Musavat.com-a şərhində bildirib ki, ölkə başçısının bu cümlələrində hazırda haqqında cinayət işi olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevi də nəzərdə tutduğunu söyləmək mümkündür:
“Prezidentin çıxışındakı xüsusilə aşağıdakı iki cümləyə diqqət etsək, ip uclarını, əslində kimin nəzərdə tutulduğunu görə bilərik. Cənab Prezident deyir: “Bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi və artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb”.
Yerlərə, əsasən də icra başçılarına tapşırıqları verən əsas mərkəzi icra hakimiyyəti orqanı məmuru Ramiz Mehdiyev idi. Prezident bu cür məmurlardan əsər-əlamət qalmadığını deyir.
Cənab Prezident fikrinə davam edərək bildirir ki, bundan sonra mərkəzdən sizə – yəni icra başçılarına hansısa bir qanunsuz tapşırıq verilməyəcək.
İcra başçılarına mərkəzdən tapşırıqları əsasən kim verirdi? Ramiz Mehdiyev. Ona görə də dövlət başçısının dediklərini təhlil etdikdə orada Ramiz Mehdiyevin də nəzərdə tutulduğunu düşünə bilərik”.
Etibar Seyidağa,
Musavat.com

