Gəncləri plastik cərrahın qapısına nə aparır?
Özlərini hansısa ulduza oxşatmaq, ya da dəbə uymaq…
Son illər Azərbaycanda plastik cərrahiyyə əməliyyatlarına üz tutan gənclərin sayı artıb. Kimi yaxşı nəfəs ala bilmədiyini, kimi burnunun görüntüsündən narazı qaldığını əsas gətirib, bıçaq altına yatır. İllər öncə Amerika, Avropada, İranda dəb halını alan plastik əməliyyatlar artıq Azərbaycanda da sürətlə artmağa, adiləşməyə başlayıb. Maraqlıdır ki, zamanında 40-dan artıq yaşı olan qadınlar bu əməliyyatlara daha çox meyl etsələr də, indi bu dəb gəncləri də öz əhatəsinə alıb.
Amma estetik cərrahiyyə sürətli inkişafına baxmayaq, özündə təhlükəni də ehtiva edir. Çünki mütəxəssislər dəfələrlə bildirirlər ki, istənilən cərrahiyyə əməliyyatının ölüm riski var. Belə ki, əgər xəstədə hər hansı sistematik bir problem yoxdursa, ölüm riski 10 min nəfərdən birində və ya ikisində özünü göstərə bilər. Xəstənin qan, ürək, diabet, revmatizm, damar kimi xəstəlikləri və ya uşaqlıqdan gələn bir anormallığı varsa, bu da təhlükə yarada bilər.
Təəssüf ki, ölkəmizdə gözəllik qurbanı olanlar daha çox 18-22 yaşlı gənclərdir. Nəticədə bəzən gənclər nəinki mövcud olan gözəlliklərini, hətta həyatlarını itirirlər. Son illərdə ölkəmizdə gənc qızlar deyil, gənc oğlanların da plastik əməliyyatlara müraciəti artıb. Həkimlər qeyd edir ki, qızlar qədər gənc oğlanlar da daha çox burun əməliyyatları üçün müraciət edir. Sonrakı sırada isə göz qapaqlarının və qırışların dartılması, dərialtı piylərin götürülməsidir. Amma ümumilikdə gənc oğlanlar plastik əməliyyat etməkdən daha çox çəkinir, nəinki gənc qızlar.
Apardığımız araşdırmalar zamanı məlum olub ki, kişilər otoplastika – şəlpə qulaqlardan xilas olma əməliyyatını da çox edir. Həkimlər bildirir ki, oğlan uşaqlarının qulaqları çox zaman enli olur. Bəzən kişilər travmadan qulaq qığırdağını qırır. Qızların gülüşünə hədəf gəlməmək üçün kişilər birinci bu əməliyyata üz tutur. Otoplastikanı 7 yaşından etmək olar. Amma burun əməliyyatı üçün 20 yaşa kimi gözləmək lazımdır.
Gənc oğlanların etdiyi estetik əməliyyatlar arasında falloplastika əməliyyatı da üstünlük təşkil edir. Bu əməliyyat cinsi orqanda düzəliş sayılır. Yəni cinsi orqanı böyütmək. Cinsi orqanı həcmləndirmək üçün biomaterialdan – alloplant, alloderm istifadə olunur. Onlar 2 il ərzində sovrulub itir, heç yerdə toplanıb qalmır. Kişilərdə estetik əməliyyatlar arasında liposaksiya əməliyyatına üz tutulur. Belə ki, qarın, bel, çiyin kimi əzələli görünüş əldə etmək istəyənlər estetik əməliyyat etdirir.
Burun əməliyyatı 18 yaşdan sonra aparılmalıdır
Mütəxəssislər burun əməliyyatının 18 yaşdan sonra aparılmasını məsləhət görürlər. Həkimlər xüsusən də yetkinlik yaşına çatmayanların burunun estetik əməliyyatına müraciət etməsinin təhlükəli olduğunu bildirirlər. Erkən yaşdan burunun estetik əməliyyatının ciddi fəsad vermə təhlükəsi daha çoxdur. Buna səbəb isə yeniyetməlik dövründə digər orqanlar kimi burunun da formalaşmasının tam başa çatmamasıdır. Yalnız 18-19 yaşdan sonra bu proses yekunlaşır. 18 yaşdan əvvəl burun əməliyyatı edilərsə, gələcəkdə mütləq tənəffüsdə problemlər ortaya çıxarır.
“Rinoplastik” burun əməliyyatları isə artıq adiləşməyə başlayıb. Bu əməliyyat zamanı burun kiçildilib, böyüdülür, yenidən formalaşdırılır, kiçik donqar götürülür, burun ucu incəldilir və s. Burun plastikasının Hindistan növü artıq 5 min ildir ki, mövcuddur. Digər sırada isə silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nahiyəsinin böyüdülməsidir. Bu əməliyyat plastik əməliyyatlar içərisində ən bahalı olanıdır.
Məlum olub ki, dünyada ən çox müraciət edilən plastik əməliyyat “ritidektomiya”, sifət və boyun dərisinin dartılması əməliyyatıdır. Bu əməliyyat növü ötən əsrin əvvəllərində Avropada yaranıb, lakin uzun müddət gizlin saxlanılıb.
“Liposaksiya”, bel, yan, qarın, əl, boyun və digər hissələrdəki artıq piylər üçün nəzərdə tutulan əməliyyat növü də dünyada geniş yayılmağa başlayıb. Bu əməliyyat isə ilk dəfə 20 il əvvəl Fransada yaranıb. “Rinoplastik” burun əməliyyatları isə artıq adiləşməyə başlayıb. Bu əməliyyat zamanı burun kiçildilib, böyüdülür, yenidən formalaşdırılır, kiçik donqar götürülür, burun ucu incəldilir və s. Burun plastikasının Hindistan növü artıq 5 min ildir ki, mövcuddur.
Araşdırmalara görə, ölkəmizdə ən çox müraciət edilən plastik əməliyyat isə “rinoplastik” əməliyyatdır. Sonrakı sırada üz cizgilərinin dəyişdirilməsi, o cümlədən qırışların açılması, üzün və göz qapaqlarının dartılmasıdır.
Arıqlamaq üçün əziyyət çəkmək istəməyənlər estetik cərrahın qapısındadır
Silikondan istifadə ilə süd vəzilərinin böyüdülməsi, ayaqların kökəldilməsi, sağrı nahiyəsinin böyüdülməsi əməliyyatlarına da xüsusi maraq var. Bu əməliyyat plastik əməliyyatlar içərisində ən bahalı olanıdır. Son vaxtlarda isə dərialtı piylərin xaric edilməsi əməliyyatları dəb halını almağa başlayıb. Botoks əməliyyatına gəldikdə isə, təəssüflə qeyd etmək lazımdır ki, bu əməliyyat dünyada 45-50 yaşlı insanlar arasında aparılsa da, ölkəmizdə daha çox gənclər bu əməliyyata müraciət edir. Ən təhlükəsi isə bu əməliyyatın daha çox gözəllik salonlarında, qeyri-peşəkarlar tərəfindən aparılmasıdır. Bunun üçün də tez-tez botoks əməliyyatından həyatı təhlükəyə düşən insanlar haqqında məlumatlara rast gəlirik.
Ekspertlər bildirir ki, müəyyən yaşa çatmış ixtiyari şəxs özünə kompleks hesab etdiyi nələrdənsə qurtulmaq üçün estetik əməliyyat etdirə bilər. Amma pis olan odur ki, bəzi həkimlər onlara müraciət edən istənilən adamı əməliyyata götürür və təcili qərarlar qəbul edirlər. Bu isə öz növbəsində xoşagəlməz nəticələrlə yekunlaşır.
Estetik əməliyyatın müəyyən bir yaşı olmalıdır. 18-20 yaşda estetik əməliyyat etdirmək doğru deyil. Amma 40-50 yaşda bunu edənləri qınamaq da düzgün olmaz. Təəssüf ki, indiki gənclik çox zaman özlərindəki hansısa qüsuru aradan qaldırmaq üçün yox, kiməsə oxşamaq üçün cərrah bıçağı altına yatırlar. Məqsəd isə özlərinin müəyyən bədən nahiyələrini hansısa bir məşhura bənzətməkdir.
Beynəlxalq Estetik Plastik Cərrahiyyə Cəmiyyətinin son hesabatları plastik cərrahiyyənin dünyada artmaqda davam etdiyini göstərir. Araşdırmalara görə, dünyada 18 yaşdan kiçik insanlar ən çox burun və sinə əməliyyatına müraciət edirlər. Son məlumatlara görə, dünyada ən çox plastik əməliyyat etdirən ölkələr ABŞ, Braziliya , Meksika, Almaniya, Rusiya, Hindistan, İtaliya və Türkiyədir.
Hazırladı: Sevinc Telmanqızı

