Cəmiyyət 

Bu gün Beynəlxalq Gözdən Əlillər Günüdür – VİDEO

Hər il 13 noyabr — Gözdən Əlillər Günü, dünya üzrə görmə məhdudiyyətli insanların gündəlik həyatına diqqət çəkmək, onların hüquqlarını xatırlatmaq və cəmiyyətdə empatiyanın güclənməsinə dəstək vermək məqsədilə qeyd olunur.

Bu gün münasibətilə keçirilən müxtəlif təşəbbüslər insanların görmə qabiliyyətinə diqqətini artırmaq və görmə məhdudiyyətli insanların yaşadıqları çətinlikləri daha dərindən anlamağa kömək edir.

Bu il mən də psixoloq-erqoterapevt Bahar Bayramlının dəvəti ilə çox xüsusi və mənalı bir layihənin bir parçası oldum. Bu mənim üçün sadəcə bir layihə deyil, həm də şükranlıq və empatiya hissini yenidən kəşf etdiyim unudulmaz bir təcrübə idi.

Layihə çərçivəsində bizdən gözlərimizi bağlamağımız xahiş olundu. Sadə görünən bu hərəkət, özündə düşündüyümdən daha dərin mənalar daşıyırdı. Gözlərim bağlı halda küçədə gəzdik, yolu keçdik, mətbəxdə olduq. Süfrəyə yaxınlaşıb yeməkləri əllərimizlə tapmağa, onların nə olduğunu qoxu və dad vasitəsilə anlamağa çalışdıq.

Bir neçə saat belə olsa görmədən yaşamaq həyatın tamamilə fərqli tərəfini göstərdi. Addımlarımı atarkən tərəddüd, əlimi uzadanda qorxu, süfrədən sevdiyim meyvəni düzgün tapanda isə qəribə bir sevinclə dolu idim. Hər an bir hiss, hər hiss bir kəşf idi.

Gözlərim açıldığında isə içimdə qarışıq, amma dərin hisslər vardı: təəccüb, minnətdarlıq və şükranlıq. O an bir daha anladım ki, görmə qabiliyyəti və sadəcə baxmaq imkanı nə qədər böyük bir nemətdir.

Psixoloq-erqoterapevt Bahar Bayramlı bu layihə ilə bizə yalnız görmə məhdudiyyətli insanların gündəlik həyatını deyil, həm də empatiyanın əsl mənasını hiss etdirdi. Onların dünyasına qısa da olsa daxil olmaq, həyatımıza fərqli bir gözlə baxmağı öyrətdi.

Bu təcrübə mənə bir daha göstərdi ki, bəzən həyatı görmək üçün sadəcə gözlər kifayət etmir — dünyanı ürəklə, hisslərlə və anlayışla görmək lazımdır.

Görmə məhdudiyyətli insanlar gündəlik həyatda çətinliklərlə qarşılaşsalar da, onların sevincini, mehribanlığını və enerjisini görmək insanın ruhunu isidir. Hər birimiz bir az diqqət və anlayışla onların dünyasını daha da işıqlı edə bilərik.

Bu mənalı layihənin videosunu isə aşağıdakı linkə keçid edərək izləyə bilərsiniz:

 

Daha çox xəbərlər