Cəmiyyət 

Nikah müqaviləsi nəyi müəyyən edir?

Ər-arvadın birgə mülkiyyət rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Əgər nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, bu rejim avtomatik olaraq qüvvədə sayılır. Bu halda nikah dövründə əldə edilmiş əmlak tərəflərin birinin tələbi ilə qanunvericilikdə müəyyən olunmuş qaydada bölünə bilər”.

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, nikah müqaviləsi – nikaha daxil olan şəxslər arasında bağlanan və nikah dövründə, həmçinin nikah pozulduqda ər-arvadın əmlak hüquq və vəzifələrini müəyyən edən sazişdir:

“Nikah müqaviləsi ilə ər-arvad qanunla müəyyən olunmuş birgə mülkiyyət rejimini dəyişdirərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya hər bir tərəfin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Müqavilə həm mövcud, həm də gələcəkdə əldə ediləcək əmlaka şamil edilə bilər.

Tərəflər müqavilədə aşağıdakı məsələləri müəyyən edə bilərlər:

bir-birinin qarşılıqlı saxlanması;

gəlirlərdə iştirak qaydası;

ailə xərclərinə töhfə prinsipləri;

nikah pozulduqda əmlak bölgüsü;

digər əmlak münasibətləri və mediasiya şərtləri.

Nikah müqaviləsində nəzərdə tutulan hüquq və öhdəliklər müddətlə məhdudlaşdırıla və ya müəyyən şəraitdən asılı edilə bilər.
Lakin müqavilədə aşağıdakılar nəzərdə tutula bilməz:

ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini məhdudlaşdıran şərtlər;

məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması;

uşaqlara münasibətdə hüquq və vəzifələrin tənzimi;

bir tərəfi çox əlverişsiz vəziyyətə salan və ya ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar.

Nikah müqaviləsi nikahdan əvvəl və ya nikah dövründə bağlana bilər.
Nikahdan əvvəl imzalanmış müqavilə, nikah dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Müqavilə yazılı formada tərtib edilir və notariat qaydasında təsdiqlənir.

Ər-arvad razılaşarsa, müqavilə istənilən vaxt notarial qaydada dəyişdirilə və ya ləğv edilə bilər.
Müqavilədən birtərəfli imtina qadağandır.
Məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilən əsaslara görə dəyişdirilə və ya pozula bilər.

Nikah pozulduqda, müqavilədə nikahdan sonrakı dövr üçün nəzərdə tutulan öhdəliklər istisna olmaqla, müqaviləyə də xitam verilir.
Müqavilə Mülki Məcəlləyə əsasən tam və ya qismən etibarsız hesab edilə bilər. Əgər müqavilənin şərtləri ər və ya arvadı çox əlverişsiz vəziyyətə salırsa, həmin şəxs onu məhkəmədə mübahisələndirə bilər”.

Daha çox xəbərlər