Kreml köhnə sənədlərdən əl çəkmir – Azərbaycana və Ermənistana ismarış
Moskva naftalin iyi verən razılaşmaların dəfn olunduğunu həzm edə bilmir – Bakıdan reaksiya
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı mövqeyi açıq və ardıcıldır. Zaxarova brifinqdə deyib ki, “səylərimiz regionda davamlı sülhə və rifaha nail olmağa yönəlib”.
Onun sözlərinə görə, Bakı, Moskva və İrəvan arasında imzalanan üçtərəfli razılaşmalar öz aktuallığını itirməyib: “Əksinə, onlar Bakı və İrəvan arasında sülh prosesi üçün ”yol xəritəsi”ni formalaşdırmağa davam edir. Öz tərəfimizdən tərəfdaşlarımıza Cənubi Qafqaz ölkələrinin və qonşularının maraqları naminə qarşılıqlı məqbul bir həll yoluna çatmaq üçün lazım olan köməyi göstərməyə hazırıq”.
Hansı sənədlər və ya “yol xəritəsi”, əgər Bakı və İrəvan sülh müqaviləsindən tutmuş, sərhədlərin delimitasiyasınadək bütün məsələləri artıq neçə ildir ikitərəfli formatda uğurla davam etdirirsə?
Yada salaq ki, Rusiya Xarici İşlər Nazirliyi 10 noyabr razılaşmasının 5 illiyi ərəfəsində yaydığı bəyanatda da bu məsələyə işarə vurub. Bəyanatda vurğulanıb ki, sənəd hələ də aktuallığını qoruyur və regionda dinc həyatın bərpasına yönəlmiş tədbirlər kompleksini işə salıb. Nazirliyin açıqlamasına görə, Rusiya sülhməramlı kontingenti bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına əvəzsiz töhfə verib.
Halbuki bir neçə ay əvvəl erməni baş nazir Paşinyan “9 noyabr 9 noyabrda qaldı” deyərək üçtərəfli sənədin qüvvədən düşdüyünü açıqlayıb. Üstəlik, 8 avqust sənədi var. Yəni Rusiyanın “mən də varam” tərzində son bəyanatı heç nəyi dəyişmir. Sadəcə, bölgədə mövcudluğunu gözə soxmağa hesablanmış bir naftalin iyi verən bəyanatdır. Rusiya son vaxtlar onu da bəyan edir ki, sülh müqaviləsinin imzalanması və nəqliyyat-iqtisadi kommunikasiyaların bərpası üçün hələ çox iş görməlidir. Bunun ardınca da yenə də öz vasitəçiliyini təklif edir. Rusiyanın situasiyanı doğru qiymətləndirə bilmədiyi göz önündədir. Çünki indi Əliyevlə Paşinyanı görüşdürmək, bir masa arxasında oturmaları üçün vasitəçiyə ehtiyacları yoxdur.
Birincisi, 9/10 noyabr bəyanatı qəbul ediləndə Qarabağda separatizmin kökü hələ kəsilməmişdi, ərazi bütövlüyümüzü tam təmin etməmişdik. Azərbaycan bəyanatın qəbulunun 3-cü ilində ərazi bütövlüyünü təmin etdi. İkincisi, rus hərbçiləri evlərinə yola salınıblar. Üçüncüsü, Vaşinqtonda qəbul olunan razılaşmaya görə, Zəngəzur dəhlizinin tikintisi və işlədilməsi ilə bağlı konsorsium qurulacaq və sənəddə dəhlizi Rusiya hərbi qüvvələrinin qoruyacağına dair bənd yoxdur. Bütün bunlar ortada varkən, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hər dəfə çeynənmiş sözləri təkrarlayır.

Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli bildirib ki, Rusiya köhnə şakərindən əl çəkmir və Cənubi Qafqaza nəzarət ambisiyasından imtina etməyib: “Bu sənədləri hər dəfə yada salmaqda məqsəd Moskvanın öz rolunu qabartmaq niyyətindən irəli gəlir. Amma qatar gedib və Rusiya gecikib. Əgər vaxtında bu razılaşmaların icrası üçün Ermənistana təzyiq göstərsəydi, onun patronajlığı bəlkə də olardı. Amma 5 il ərzində Rusiya Ermənistana ”gözün üstə qaşın var” demədi, dəhlizin açılması üçün təzyiq göstərmədi, qanunsuz silahlı birləşmələrin Qarabağı tərk etməsi üçün sülhməramlı qüvvələr əldə olunan anlaşmanı yerinə yetirmədi və nəticəsi də göz qabağındadır – Rusiya proseslərə təsir edə bilmir!”
VHP sədrinin müavini hesab edir ki, bundan sonra Azərbaycanla Ermənistan arasında normallaşma, yekun sülh müqaviləsinin imzalanması prosesinə Rusiyanın “töhfəsi” lazım deyil: “Əvvəla, münasibətlər o deyil ki, Putin liderləri Moskvaya, yaxud Soçiyə çağırıb hər hansı təsir göstərə bilsin. Hazırda münaqişə Rusiyanı yorub və digər regionlara təsir imkanlarını azaldıb. Ona görə də liderlərin Rusiyada görüşü ehtimalı yoxdur. Üstəlik, Rusiya Azərbaycana hücumları davam etdirir. Kiyevdəki səfirliyimizə zərbəni rəsmi Bakı məqsədli hücumlar kimi dəyərləndirib. Belə münasibətlər ruhunda Rusiya hansı köhnəlmiş razılaşmalara qayıtmağa çağırır? Üstəlik, həmin üçtərəfli sənədlər əhəmiyyətini itirib. Çünki Ağ Evdə sülh məti paraflanıb, Zəngəzur dəhlizi də ”Tramp marşrutu” adı ilə açılacaq. Faktiki ruslar koridora nəzarət şansını əldən verib. Ona görə də belə boş bəyanatların praktiki nəticələri gözlənilmir”.

Ramiyə Məmmədova
Siyasi analitik Ramiyə Məmmədovanın fikrincə, Kreml köhnə sənədlərə istinad etməklə Cənubi Qafqazda dominant olmaq istəyindədir: “Amma tərəflər həmin razılaşmalara geri dönməyə zərurət görmür. Səbəb də bütün məsələlərin demək olar ki, həllini tapmasıdır. Sülh mətnində hər şey var, Azərbaycanla Ermənistan öz kanalları ilə danışıqlar aparır, moderatora ehtiyac qalmayıb. Bu gün Bakıdan İrəvana nümayəndələr gedir, oradan bura gələnlər olacaq, liderlərin müxtəlif forumlarda görüşmək problemi yoxdur, baş nazirlərin müavinləri səviyyəsində sərhədlərin dəqiqləşdirilməsi işi gedir, yəni Rusiyaya nə ehtiyac var? Yaxud Rusiya hansı problemlər qalıb ki, onun həllinə kömək etmək istəyir? Bir dəhliz idi, Paşinyan onun ABŞ şirkətinə verdi. Sadəcə, Rusiya öz səhvlərini görmür. Məhz həmin yanlış siyasət onu bu prosesdən təcrid olunmasına gətirib çıxardı”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”

