Avtomobil nömrələrində yenilik – Defisin önəmi
Yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev bildirib.
Onun sözlərinə görə, bu dəyişiklik yalnız yeni hazırlanan nömrə nişanlarına aiddir. Hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır, onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur: “Mövcud nömrələr qüvvədə qalır, vətəndaşlardan əlavə müraciət və ya nömrə dəyişikliyi tələb olunmur.Yeni standart sadəcə bundan sonra hazırlanacaq nömrə nişanlarının dizaynına şamil edilir və köhnə nömrələrin hüquqi statusuna təsir göstərmir”.
Defisin silinməsi hansı zərurətdən doğub?

Elməddin Muradlı
Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, yeni dövlət standartına əsasən avtomobil nömrələrində rəqəm və hərflər arasındakı defisin aradan qaldırılması, görünüşdə kiçik bir dəyişiklik kimi görünə bilər, amma əslində bu həm texnoloji, həm də inzibati baxımdan vacib addımdır: “İndiyə qədər defis vasitəsilə nömrələrin oxunması müəyyən qədər asanlaşdırılsa da, müasir qeydiyyat sistemləri artıq belə vizual köməkliyə ehtiyac duymur. Kompüterlə oxunan və elektron məlumat bazasına inteqrasiya olunmuş sistemlər üçün rəqəm və hərf ardıcıllığının davamlılığı daha önəmlidir. Əsas vurğulamaq lazımdır ki, bu dəyişiklik yalnız yeni hazırlanacaq nömrələrə şamil edilir. Yəni vətəndaşların artıq istifadə etdiyi nömrələr, üzərində defis olsun və ya olmasın, tam hüquqi qüvvədə qalır. Onları dəyişdirmək, yenisi ilə əvəz etmək üçün əlavə müraciət etmək lazım deyil. Bu, həm vətəndaşlar üçün rahatlıq yaradır, həm də dövlət orqanlarının əlavə resurs xərclərini azaldır”.
Elməddin Muradlı deyib ki, digər tərəfdən, vizual olaraq sadə nömrələr daha müasir və təmiz görünür: “Bu da ölkəmizin avtomobil standartlarının beynəlxalq tələblərə uyğunluğunu göstərir. Belə dəyişikliklər uzunmüddətli perspektivdə həm nəqliyyat infrastrukturunun optimallaşdırılmasına, həm də vətəndaşların gündəlik həyatının asanlaşdırılmasına xidmət edir. Müxtəsər desək, defisin ləğvi heç bir hüquqi və praktiki problemlər yaratmır. Bu, texniki təkmilləşdirmə və gələcək standartlaşdırma məsələsidir. Vətəndaşlar üçün əlavə öhdəlik və ya müraciət tələb olunmur, sadəcə avtomobil nömrələrinin görünüşü sadələşir və sistem daha müasir bir formaya keçmiş olur. Nəqliyyat sahəsində belə addımlar həm inzibati effektivliyi artırır, həm də vətəndaşların gündəlik həyatını sadələşdirir”
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

