Polkovnikdən çağırış: “Milli birliyin təmin olunması üçün…”
Vətənpərvərlik dəyərləri bir günün və ya bir hadisənin nəticəsi kimi formalaşmır
Son illərdə Azərbaycanda vətənpərvərlik ruhunun nəzərəçarpacaq dərəcədə yüksəldiyi müşahidə olunur. Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra bu hiss daha da güclənib, cəmiyyətin bütün təbəqələrində özünü göstərib. Qazanılan tarixi Qələbə xalqımızın milli birliyini və dövlətinə olan inamını daha da artırıb. Vətənpərvərlik hissi insanın doğma yurduna, xalqına, mədəniyyətinə, tarix və dəyərlərinə bağlılığını əks etdirən ən ali mənəvi dəyərlərdən biridir. Bu dəyərin formalaşması və möhkəmləndirilməsi yalnız müharibə və ya fövqəladə vəziyyətlərlə məhdudlaşmamalıdır. Sülh dövründə də vətənpərvərliyin inkişafı üçün davamlı tədbirlər görülməli, xüsusilə də təhsil, mədəniyyət və informasiya sahələrində bu istiqamətdə ardıcıl fəaliyyətlər həyata keçirilməlidir.
Təhsil müəssisələrinin bu prosesdə rolu əvəzsizdir. Məktəblərdə və universitetlərdə vətənə sevgi, dövlətçilik ənənələri və milli kimlik kimi mövzuların sistemli şəkildə şagird və tələbələrə aşılanması gələcək nəsillərin milli ruhda formalaşmasına şərait yaradır. Dərs proqramlarında tarixi qələbələrin, qəhrəmanlıq nümunələrinin, xalqımızın mübarizə və dirəniş tarixinin xüsusi yer tutması bu baxımdan vacibdir. Beləliklə, məktəbli və tələbələr yalnız nəzəri biliklərlə deyil, həm də keçmişdən gələcəyə uzanan mənəvi irsə olan bağlılıqları ilə formalaşırlar.
Bundan əlavə, vətənpərvərlik tərbiyəsi, sadəcə, nəzəri deyil, eyni zamanda praktik fəaliyyətlərlə də dəstəklənməlidir. Gənclərin hərbi-idman yarışlarına cəlb edilməsi, təlimlərdə iştirak etməsi, muzeylərə və tarixi abidələrə ekskursiyalar vasitəsilə tarixlə tanış olması onların bu hissi daha dərindən dərk etməsinə imkan yaradır. Bu cür tədbirlər vətənə bağlılığı gücləndirir və gələcəkdə onları daha şüurlu vətəndaşlara çevirir. Məsələn, hərbi-vətənpərvərlik istiqamətində keçirilən tədbirlər gənclərin döyüş qabiliyyətləri ilə yanaşı, onların ruh yüksəkliyini də artırır.
Vətənpərvərlik dəyərləri bir günün və ya bir hadisənin nəticəsi kimi formalaşmır. Bu, uzunmüddətli və davamlı təbliğatın, ailə tərbiyəsinin, təhsil sisteminin və dövlət siyasətinin vəhdətindən doğan mənəvi haldır. Azərbaycanın gələcəyi üçün milli mənlik şüuruna malik, vətəninə sadiq gənclərin yetişdirilməsi strateji prioritet olmalıdır. Dövlətin bu istiqamətdə apardığı siyasət, vətəndaşların dövlətə bağlılığını gücləndirəcək, eyni zamanda milli birliyin təmin olunmasına xidmət edəcək.

Rövşən Məhərrəmov
Azərbaycan Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, son illərdə Azərbaycanda vətənpərvərlik ruhu xeyli yüksəlib. Polkovnik təbliğatın önəmindən danışarkən vurğuladı ki, söhbət təkcə gənclərdən getmir, cəmiyyətin bütün yaş kateqoriyalarından olan şəxslərdən gedir: “44 günlük Vətən müharibəsindən sonra, yəni torpaqlarımız 30 illik işğaldan azad edildikdən sonra gənclərdə ruh yüksəkliyi daha da artdı. Müzəffər ordumuz günü-gündən güclənir. Hesab edirəm ki, vətənpərvərliyin geniş şəkildə təbliği ilk növbədə təhsil sahəsindən başlamalıdır. Məktəblərdə bu istiqamətdə dərs saatlarının artırılmasına ehtiyac var. Gənclər gələcəyin əsgərləri, hərbçiləridir”.
Polkovnik eyni zamanda məktəblərdə hərbi-idman yarışlarının keçirilməsinin vacibliyini də qeyd etdi: “Əvvəllər məktəblilər arasında məktəb, rayon, respublika birinciliyi uğrunda hərbi-idman yarışları keçirilərdi. Təəssüf ki, bu gün bu istiqamətdə də fəaliyyət çox zəifdir, iş səthi aparılır. Hesab edirəm ki, məktəblərdə silahdan istifadənin öyrədilməsi faydalı olardı. Bundan əlavə, məktəblilər hərbi muzeylərə, Hərbi Qənimətlər Parkına aparılmalı, nümayiş olunan texnika və silahlar barədə məlumat verilməlidir. 44 günlük Vətən müharibəsində iştirak etmiş, ehtiyata buraxılmış zabitlərin dəvət olunması da məqsədəuyğun olar”.
O, həmçinin hərbi sahə ilə bağlı təcrübəli şəxslərin məktəblərə cəlb edilməsini təklif edərək, təbliğatın yalnız nəzəriyyə ilə kifayətlənməməli olduğunu vurğuladı. “KİV vasitəsilə nə qədər təbliğat olsa da, praktiki təcrübə gələcək üçün daha faydalıdır. Məktəblərdə hərbi sahə ilə əlaqədar mühüm ilkin bilgiləri praktiki cəhətdən izah edəcək şəxslərin təcrübəsindən yararlanmaq lazımdır”.
Son dövrlərdə televiziyalarda vətənpərvərlik mövzusunda çox sayda film və verilişlər yayımlanıb, amma polkovnik hesab edir ki, təbliğat bir qədər zəifləyib: “3 min şəhidimiz, 11 minə yaxın qazimiz var. Biz qələbəni unutmamalı, gələcək nəsillərə qələbənin necə olunduğunu çatdırmalıyıq”.
Ümumilikdə, vətənpərvərlik təbliğatının daha da gücləndirilməsi və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması Azərbaycanın gələcək inkişafı üçün vacib bir addım olacaq. Bu istiqamətdə atılacaq hər bir addım gələcək nəsillərin dövləti və milləti ilə daha sıx bağlar qurmasına, xalqın ümumi məqsədlərinə xidmət etməsinə şərait yaradacaq.
Yazını hazırladı: Nigar HƏSƏNLİ

