Cəmiyyət 

Canlı efirdə qətl hadisəsini etiraf edən Əfsanə Cəfərova da azadlıqda – FOTO

“3 il müddətinə azadlıqdan məhrum edilmişdim. Bu gün isə cəzamın çəkilməmiş 10 ayı bağışlanaraq azadlığa buraxıldım”.

Bu sözləri Musavat.com-a açıqlamasında Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Əfsanə Cəfərova deyib.

O, azadlığa buraxılmasını dövlət başçısının imzaladığı amnistiya aktı ilə əlaqələndirərək Prezidentə dərin təşəkkürünü bildirib:

“Bugünkü sevincimi sözlə ifadə edə bilmirəm. Çox xoşbəxtəm. Cənab Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Övladların anadan, ailədən, əzizlərdən ayrı qalması bizim üçün ən ağır cəza idi. Bu ayrılıq həm mənim, həm də uşaqlarım üçün çox çətin keçdi. Bu gün isə ana kimi ən böyük sevincimi yaşayıram. Azadlığa çıxan kimi məni anam və iki övladım qarşılayacaq. Onlara qovuşacağım anı səbirsizliklə gözləyirəm”.

WhatsApp Image 2025-12-22 at 12.46.21.jpeg (138 KB)

Xatırladaq ki, Əfsanə Cəfərova qayınanasının ölümünü bilib gizlətməkdə təqsirləndirilmişdi.

2020-ci ilin fevral ayının 23-də 1962-ci il təvəllüdlü Faxrəndə İbrahimovanın meyiti Ağcabədi şəhərində yerləşən evinin həyətində aşkar olunub. Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq İdarəsinə həvalə edilib.

İstintaqla müəyyən edilib ki, Yevlax rayonunun Bəydili kənd sakini, 1992-ci il təvəllüdlü Seymur Elxan oğlu Cəfərov 2020-ci il fevralın 22-də, gecə saat 1 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olub. Bundan Əfsanənin qayınanası Faxrəndə İbrahimova xəbər tutub. Münasibətlərinin ifşa olunacağından qorxan S.Cəfərov F.İbrahimovanı yastıqla boğaraq öldürüb.

S.Cəfərov 2022-ci il fevralın 8-də təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əfsanə Cəfərova 2022-ci il fevralın 1-də ARB televiziya kanalının “Səni axtarıram” adlı verilişində qayınanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirmişdi.

Xalidə Gəray
Foto müəllifindir
Musavat.com

Daha çox xəbərlər