Cəmiyyət 

Amnistiya aktının icrası başladı – Yeni ilədək…

Prezidentin təşəbbüsü ilə irəli sürülən layihə bayramqabağı xeyli sayda məhbusu doğmalarına qovuşdurdu

Azərbaycanda dekabrın 22-dən amnistiya aktının icrasına başlanılıb. 

Cəzaçəkmə müəssisələrində rəsmi şəxslərin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin də iştirakı ilə məhkumların bir qismi azad edilib.

“Yeni Müsavat”ın əməkdaşları 4 saylı cəzaçəkmə müəssisəsində olub. Müəssisədə amnistiya aktının icrası Ombudsman Səbinə Əliyeva, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə və digərlərinin iştirakı ilə keçirilib.

Prezident ona general rütbəsi verdi — Foto

Ədliyyə general-mayoru Orxan Qasımov çıxış edib. O qeyd edib ki, amnistiya aktı operativ və sürətli şəkildə icra olunacaq: “Bu günə kimi 13 amnistiya aktı, 70 əfv sərəncamı icra olunub. Bundan əvvəl 8 noyabr Zəfər bayramı ilə bağlı amnistiya aktı icra olunub. Bu amnistiya aktının təsir dairəsinə 17 min məhkum düşüb. Bu tədbirlər ölkədə hüquq sisteminin gücləndirilməsinə xidmət edir. Hazırkı amnistiya aktı Ədliyyə Nazirliyi tərəfindən operativ və sürətli şəkildə icra olunacaq”.

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

Ombudsman Səbinə Əliyeva çıxış edərək bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir: “Bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi təşkil edir. Əfv və amnistiya institutları məhz bu prinsiplərin hüquqi mexanizmləri kimi çıxış edərək, cəzanın tərbiyəvi mahiyyətinin gücləndirilməsinə və məhkumların cəmiyyətə yenidən islah olunmuş şəxs kimi qayıdışına xidmət edir. Əsası Ümummilli lider tərəfindən qoyulmuş humanizm siyasətinə sadiq qalan ölkə Prezidenti İlham Əliyevin də hazırkı rəhbərliyi dövründə əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu təşəbbüsünün irəli sürülməsi təcrübəsi uğurla davam etdirilir.

Növbəti amnistiya ilə bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunması dövlətin ardıcıl və sistemli humanist siyasətinin davamı kimi qiymətləndirilə bilər”.

Millət vəkili Zahid Oruc qeyd edib ki, təkcə dekabrın 22-də 300-ə qədər məhkum, həmçinin istintaq təcridxanasında hələ ki haqqında hökm çıxarılmamış insanlar da azadlıqlarına qovuşa biləcək: “Bu gün alternativ cəza olaraq 3500-dən artıq şəxs belə müəssisələrdə deyil, cəza bilərziyi ilə öz evlərində məsuliyyətlərini daşıyıb, məhkum edilmiş sayılırlar. Bu qərar cəmiyyətdəki barışa, insanlar arasındakı həmrəyliyə, sülhə xidmət etməklə yanaşı, cəzaçəkmə müəssisələrində sıxlığı aradan qaldırmış olacaq. Bu, bir həqiqətdir ki, bizdə yeni müəssisələr sayca çox tikilmir və bu belə də olmalıdır. Dövlət həbsxanaların tikilməsini deyil, daha artıq dərəcədə cinayətlərin baş vermə səbəblərini aradan qaldırmağa can atır”.

Daha sonra 4 saylı cəzaçəkmə müəssisəsində amnistiyaya düşən  52 məhkum qadından 22 nəfərinə sənədləri təqdim olunub və azadlığa buraxılması həyata keçirilib.

Qeyd edək ki, qadınlardan 2-si azyaşlı övladları ilə birgə cəza çəkən qadınlardır.

Azadlığa buraxılan qadınlar arasında müğənni Dəniz Əsədova da olub.

“7 ay idi ki, cəza çəkirdim. Artıq cəzamın çəkilməmiş hissəsindən azad edilmişəm. Buna görə ailəmiz adından dövlət başçımıza təşəkkür edirəm” – deyə müğənni qeyd edib.

“3 il müddətinə azadlıqdan məhrum edilmişdim. Bu gün isə cəzamın çəkilməmiş 10 ayı bağışlanaraq azadlığa buraxıldım”.

Əfsanə Cəfərova: İnsanlar azadlıqdan məhrum olunanda onun qədrini daha  yaxşı bilirlər VİDEO - AZƏRTAC

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan Əfsanə Cəfərova deyib. O, azadlığa buraxılmasını dövlət başçısının imzaladığı amnistiya aktı ilə əlaqələndirərək Prezidentə dərin təşəkkürünü bildirib: “Bugünkü sevincimi sözlə ifadə edə bilmirəm. Çox xoşbəxtəm. Cənab Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Övladların anadan, ailədən, əzizlərdən ayrı qalması bizim üçün ən ağır cəza idi. Bu ayrılıq həm mənim, həm də uşaqlarım üçün çox çətin keçdi. Bu gün isə ana kimi ən böyük sevincimi yaşayıram. Azadlığa çıxan kimi məni anam və iki övladım qarşılayacaq. Onlara qovuşacağım anı səbirsizliklə gözləyirəm”.

Xatırladaq ki, Əfsanə Cəfərova qayınanasının ölümünü bilib gizlətməkdə təqsirləndirilmişdi. O, hətta 2022-ci il fevralın 1-də ARB televiziya kanalının “Səni axtarıram” adlı verilişində qayınanası Faxrəndə İbrahimovanı itələməklə ölümünə səbəb olduğunu bildirmişdi.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün müəssisəsində də amnistiya aktı icra olunub.

Bu müəssisədə cəza çəkən yetkinlik yaşına çatmayan üç məhkum azadlığa buraxılıb.

“Prezident İlham Əliyevə amnistiya təşəbbüsü üçün minnətdarlığımı bildirirəm. Mən və ailəm buna görə çox sevincliyik. Digər məhkumlara da azadlıq arzu edirəm. Azadlığın qədrini bilib, cinayət törətməkdən uzaq olmaq lazımdır”.

Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Bakı İstintaq Təcridxanasında azadlığa buraxılan Seyidağa Məmmədzadə bildirib.

“5 ay 26 gün cəza almışdım. Bu cəzanın yarısını çəkmişdim. Bir daha aministiya aktına görə dövlət başçımıza təşəkkürümü bildirirəm”, – deyə azadlığa çıxan məhkum qeyd edib.

Amnistiya aktının icrası ilə əlaqədar azadlığa çıxan məhkum Nəcməddin Hacızadə deyib ki, 2 il 6 ay azadlıqdan məhrum olunub: “Azadlığa çıxmağına iki ay qalmışdı. Bu gün amnistiya aktının icrası ilə vaxtından əvvəl azadlığa çıxdım. Sevincimin həddi-hüdudu yoxdur. Bu humanist qərara görə Prezidentə təşəkkür edirəm. Mən narkotik istifadəçisi olmuşam”.

Amnistiya aktı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində də icra olunub. Bu müəssisədə amnistiya aktı 20 nəfərə şamil olunub. Onlara azadlığa çıxmaları ilə bağı icra vərəqi verilib.

Amnistiya aktı əsasında azadlığa çıxanlardan biri olan Elçin Rəhimov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, ehtiyatsızlıq səbəbindən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Onun sözlərinə görə, cəzasının bitməsinə 1 ay qalmış azadlığa buraxılıb: “Amnistiya aktına görə dövlət başçısına dərin minnətdarlığımı bildirirəm. Bu qərar mən və ailəm üçün böyük sevinc oldu”.

Azadlığa çıxan digər məhkum Habil Tağıyev də Prezident İlham Əliyevin humanist qərarını yüksək qiymətləndirib. Qeyd edib ki, bu addım onun üçün xüsusilə önəmlidir: “Bu humanist addımına görə cənab Prezidentə təşəkkürümü bildirirəm. Çox sevincliyəm ki, bayramı öz evimdə, ailəmin yanında keçirəcəyəm”.

Bu müəssisədən azadlığa çıxanlar arasında Xırdalanda xəstənin ölümünə səbəb olan tibb bacısı Şəfaqət Bağıyeva da var. Həmçinin bu müəssisədə Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədərək, 4 nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyev də cəzadan azad edilib. Xatırladaq ki, E.Kəlbəliyev “Range Rover”lə 4 nəfərin ölümünə görə məhkum edilmişdi. Sonradan cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirdi. E.Kəlbəliyev “Qurtuluş 93″ MTK-nın rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.

Xatırladaq ki, amnistiya aktının elan edilməsi ilə bağlı təşəbbüslə Prezident İlham Əliyev çıxış edib. Bu təşəbbüsün əsasında Milli Məclis amnistiya elan edilməsi ilə bağlı qərar qəbul edib. Amnistiya aktına əsasən, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Sənədə görə, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.

Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Daha çox xəbərlər