Siyasət 

Prezident İlham Əliyevdən dünyaya mühüm mesajlar- Azərbaycan regionun lider ölkəsidir…

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də  Ağdamda 2-ci yaşayış kompleksinin açılışı mərasimində bir daha dünya lideri olduğunu sübut etdi. Ali Baş Komandan etdiyi çıxışında bütün dünyaya ciddi mesajlar verdi. Ölkə başçısı Cənubi Qafqazın lider ölkəsi Azərbaycandır dedi. Eyni zamanda, Dövlət Başçısı işğalçı Ermənistanın 30 il ərzində törətdiyi cinayətlərdən söz açdı.

“Məlum olduğu kimi, Ermənistanın Azərbaycan ərazilərini təxminən 30 il ərzində işğal altında saxlaması regionda ən ağır humanitar, mədəni və ekoloji fəlakətlərdən birinə səbəb olub. Həmin müddət ərzində işğalçı dövlət beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan torpaqlarında məqsədyönlü dağıdıcılıq və talançılıq siyasəti həyata keçirib”.

Bu fikri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, işğal yalnız ərazilərin nəzarət altına alınması ilə məhdudlaşmayıb, eyni zamanda azərbaycanlıların doğma yurdlarından zorla didərgin salınması, tarixi-mədəni irsin məhv edilməsi və bölgələrin sistemli şəkildə viran qoyulması ilə müşayiət olunub:

“Şəhər və kəndlər tamamilə dağıdılıb, yaşayış üçün yararsız hala salınıb, təbii sərvətlər qanunsuz şəkildə istismar edilib. Bütün bunlar Ermənistanın işğal dövründə apardığı siyasətin vandal mahiyyətini və Azərbaycana qarşı açıq düşmənçilik mövqeyini bir daha sübut edir”.

V.İskəndərov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışı mərasimində səsləndirdiyi fikirlər bir daha Ermənistanın işğal illərində Azərbaycan torpaqlarında həyata keçirdiyi vandalizm və talançılıq siyasətinin mahiyyətini açıq şəkildə ortaya qoydu:

“Prezidentin vurğuladığı kimi, işğal dövründə Ağdam şəhəri açıq-aşkar urbisidə məruz qalıb. Bu, təsadüfi dağıntı deyil, Ermənistan dövlətinin məqsədyönlü və sistemli siyasətinin nəticəsi, Azərbaycana və Azərbaycan xalqına qarşı düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd təkcə hərbi işğal yox, eyni zamanda bu ərazilərdə Azərbaycan xalqının izlərini silmək, tarixi-mədəni irsi məhv etmək və torpaqları yaşayış üçün yararsız hala salmaqdan ibarət olub”.

Deputat deyib ki, işğal illəri ərzində Ağdamla yanaşı digər işğal olunmuş rayonlarda da misli görünməmiş talançılıq həyata keçirilib: “Yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, məscidlər və qəbiristanlıqlar dağıdılıb, sökülüb və ya təhqir olunub. Sənaye müəssisələrinin avadanlıqları, kənd təsərrüfatı infrastrukturu, elektrik xətləri, su sistemləri Ermənistana daşınıb və ya tamamilə yararsız hala salınıb. Eyni zamanda, meşələr qırılıb, təbii sərvətlər qeyri-qanuni şəkildə istismar olunub, torpaqlar minalanaraq ekoloji tarazlığa ciddi zərbə vurulub. Bu faktlar Ermənistanın yalnız hərbi işğalla kifayətlənmədiyini, eyni zamanda ekosid, kulturosid və iqtisadi talançılıq siyasəti apardığını sübut edir”.

V.İskəndərovun sözlərinə görə, bu gün Ağdamda yeni yaşayış komplekslərinin inşası, şəhərin yenidən qurulması və həyatın geri qayıtması isə Azərbaycan dövlətinin gücünün, iradəsinin və ədalətin təntənəsinin açıq göstəricisidir. Ermənistanın viran qoyduğu torpaqlarda Azərbaycan dövləti yenidən şəhərlər salır, həyat qurur və öz tarixi ədalətini bərpa edir.

Cavanşir ABBASLI
Musavat.com

Daha çox xəbərlər