Bakı üçün taksilərin kvotası açıqlandı
Eldəniz Cəfərov: “Düşünmürəm ki, kvota tətbiq olunan kimi dərhal taksi çatışmazlığı yaransın”
Azərbaycan Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) müəyyən edilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Bildirilib ki, kvotanın tətbiqi ilə əlaqədar qanunvericiliyə uyğun olaraq, müvafiq məlumatlandırma təmin edilib. Kvota ilə əlaqədar Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişindaşımaları sahəsində icazə və onun əlavəsi (buraxılış kartı) ilə bağlı müraciət ərizələrinin qəbulu 30 dekabr 2025-ci il tarixində saat 23:59-dək həyata keçiriləcək. Qeyd olunan tarix və vaxtdan sonra təqdim edilən yeni müraciətlərə baxılmayacaq. Növbəti ilin yanvar ayından etibarən müraciətlərin qeydiyyatı və baxılması kvota sayında yer azad olduqda və növbəlilik gözlənilməklə həyata keçiriləcək.
Bakı kimi bir şəhər üçün 25 min taksi kvotası az deyilmi? Bu, şəhərdə taksi çatışmazlığına səbəb ola bilərmi, yoxsa belə daha yaxşıdır?
Azərbaycanda taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra Bakıda taksilərin sayı 2 dəfə azalıb. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov mediaya açıqlamasında deyib ki, əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var: “Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”.
Ümumiyyətlə, bir neçə ildə Azərbaycanda taksi fəaliyyəti ilə bağlı bir sıra mühüm dəyişikliklər həyata keçirilib. Aidiyyəti qurumlar bildirir ki, bu dəyişikliklərin əsas məqsədi sərnişinlərin təhlükəsizliyini artırmaq, xidmət keyfiyyətini yaxşılaşdırmaq və taksi bazarında nizam-intizam yaratmaqdır. Yəni taksi fəaliyyəti daha sərt qaydalarla tənzimlənir və bu sahədə nəzarət gücləndirilib.
Hazırda sərnişindaşıma ilə məşğul olan sürücülər yalnız müvafiq lisenziya və icazə kartı olduqda fəaliyyət göstərə bilirlər. İcazəsiz taksi fəaliyyəti qadağan edilib və belə hallara görə cərimələr tətbiq olunur. Eyni zamanda taksilərdə ödəniş yalnız taksometr və ya rəsmi mobil tətbiqlər üzərindən aparılmalıdır, sərnişindən əlavə ödəniş tələb edilməsinə yol verilmir.
Son dövrdə elektron nəzarət mexanizmləri də tətbiq olunub. Bu çərçivədə “E-taksi” sistemi işə salınıb və minlərlə qaydalara cavab verməyən taksi icazəsi ləğv edilib. Bu addım bazarda qeyri-rəsmi fəaliyyətin qarşısını almağa və xidmətlərin daha şəffaf olmasına xidmət edir. Dəyişikliklərdən biri də taksilərin xarici görünüşü ilə bağlıdır. Qanunvericiliyə əsasən, taksilər müəyyən rəng standartlarına cavab verməlidir ki, onlar digər avtomobillərdən asanlıqla fərqlənsin. Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində yalnız lisenziyalı taksilərin sərnişin götürməsinə icazə verilir.
Taksi sahəsində tətbiq olunan dəyişikliklər həm sürücülərə, həm də sərnişinlərə müəyyən müsbət təsirlər göstərsə də, bir sıra tənqidi məqamlar da ortaya çıxarıb. Yeni qaydalar ilk növbədə bazarda nizam-intizam yaratmağı və qeyri-rəsmi fəaliyyətin qarşısını almağı hədəfləyir. Lisenziya, icazə kartı və elektron nəzarət mexanizmləri sayəsində sərnişinlər üçün təhlükəsizlik və xidmətin şəffaflığı müəyyən qədər artıb. Sərnişinlər artıq kim tərəfindən daşındıqlarını, ödənişin hansı əsasla hesablandığını daha aydın şəkildə görə bilirlər.
Bununla yanaşı, sərnişinlər üçün bəzi çətinliklər də yaranıb. Xüsusilə taksilərin sayı azaldığı üçün pik saatlarda avtomobil tapmaq çətinləşib, bəzi hallarda gözləmə müddəti uzanıb. Rəsmi tənzimləmələr fonunda qiymətlərin faktiki olaraq artması ilə bağlı narazılıqlar da var. Taksometr və tətbiqlər üzərindən hesablanan tariflər hər zaman sərnişinlərin gözləntilərinə uyğun olmur və bu, sosial narazılıq yaradır.
Taksi sürücüləri üçün dəyişikliklər daha mürəkkəb təsir göstərib. Bir tərəfdən, bazardan qaydalara əməl etməyən sürücülərin çıxarılması rəqabəti azaldıb və rəsmi çalışan sürücülər üçün daha sabit mühit yaradıb. Digər tərəfdən isə lisenziya, texniki tələblər, avtomobilin rəngi və sənədləşmə ilə bağlı xərclər sürücülərin maliyyə yükünü artırıb. Bir çox sürücü bu tələblərə uyğunlaşa bilmədiyi üçün fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.
Əsas problem ondan ibarətdir ki, dəyişikliklər sürətli şəkildə tətbiq olunub və keçid dövrü bəzi sürücülər üçün kifayət qədər yumşaq olmayıb. Alternativ məşğulluq imkanlarının məhdud olması sosial riskləri artırır. Ümumilikdə, görülən tədbirlər uzunmüddətli perspektivdə daha təhlükəsiz və nizamlı taksi sistemi formalaşdırmağa yönəlib. Lakin bu prosesdə həm sürücülərin sosial vəziyyəti, həm də sərnişinlərin əlçatan və münasib qiymətli xidmətə çıxışı balanslı şəkildə nəzərə alınmasa, narazılıqların davam etməsi ehtimalı qalır.

Eldəniz Cəfərov
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bunları deyib: “Qərardan da məlumdur ki, 25 minlik kvota taksi sürücülərinə deyil, taksi kimi istismar olunan nəqliyyat vasitələrinə tətbiq olunur. Yəni bu o deməkdir ki, Bakı şəhəri ərazisində icazəli şəkildə maksimum 25 min taksi avtomobili fəaliyyət göstərə bilər. Burada söhbət məhz icazəli taksi fəaliyyətindən gedir. Sürücülərin sayı ilə bağlı isə heç bir kvota tətbiq olunmur və bu, ümumiyyətlə, mümkün də deyil. Sürücülərin sayı istənilən qədər ola bilər. Onu da qeyd edim ki, hazırda Bakı şəhərində on minlərlə avtomobil taksi kimi istismar olunur və bunların böyük hissəsi icazəli nəqliyyat vasitələridir. Mənə belə gəlir ki, 25 minlik kvotanın tam dolması yaxın vaxtlarda baş verməyəcək. Çünki hazırda fəaliyyət göstərən avtomobillərin buraxılış kartları mövcuddur və onlar istismarda qalmağa davam edəcəklər”.
Ekspert əlavə edib ki, istismar müddəti bitən və dövriyyədən çıxan avtomobillərə görə yenidən növbəlilik mexanizmi işə düşəcək: “Yəni əgər kimsə taksi fəaliyyəti ilə məşğul olmaq istəyirsə və növbəyə dayanıbsa, istismardan çıxan taksilərin yerinə həmin şəxslər öz avtomobilləri ilə sistemə daxil ola biləcəklər. Bu kvota mərhələli şəkildə tənzimlənəcək. Məhz buna görə də düşünmürəm ki, kvota tətbiq olunan kimi dərhal taksi çatışmazlığı və ya taksi qıtlığı yaransın. Belə bir vəziyyət gözlənilmir. Taksi qıtlığı olmadığı halda isə qiymət artımı da mümkün deyil. Qiymətlər sabit qalacaq. Bir məqamı da qeyd etmək lazımdır ki, taksi kvotası yalnız Bakı şəhərinə şamil olunur. Bakı isə Sumqayıt kimi şəhərlərlə sıx əlaqədə olan, qonşu şəhərlərlə inteqrasiya olunmuş bir məkandır. Bu baxımdan hesab edirəm ki, hər hansı ciddi çətinliklərin yaranması ehtimalı yoxdur”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”

