Sağlam qida, yoxsa?..
Mütəxəssislər “sağlam qida” kimi təqdim edilən, lakin əslində yüksək şəkər və kalori tərkibinə malik olan qəlyanaltı batonlarının istehlakçıları yanlış yönləndirdiyi barədə xəbərdarlıq edirlər.
London Kraliça Meri Universitetinin (QMUL) nəzdində fəaliyyət göstərən Duz və Şəkər üzrə Fəaliyyət Mərkəzinin araşdırmasına əsasən, Böyük Britaniyada 10 supermarketdə satışda olan 450-dən çox qəlyanaltı batonunun qida tərkibi təhlil edilib. Nəticələr göstərib ki, məhsulların 37 faizi yüksək şəkər, 55 faizi isə yüksək doymuş yağ tərkibi ehtiva edir. Təhlilə görə, “sağlam seçim” adı ilə satılan batonların 64 faizi əslində sağlam qidalanma meyarlarına cavab verməyən məhsullar kateqoriyasına daxildir.
Araşdırmada ən problemli məhsullar sırasında porsiya başına 26,5 qram şəkər və 198 kalori olan “M&S tünd şokoladlı xurmalı baton”, həmçinin hər biri 17 qram şəkər ehtiva edən “Nakd Raw Fruit & Nut” firmasının “Qaragiləli muffin” və “Duzlu aramel dadlı baton”ları göstərilib. Siyahıya, eyni zamanda, 150 kalori və 16 qram şəkər tərkibli “Deliciously Ella Qovrulmuş Fıstıqlı Protein Topu” da daxil edilib.
Böyük Britaniya hökumətinin tövsiyələrinə görə, insanlar gündə 30 qramdan, 7-10 yaş arası uşaqlar isə 24 qramdan artıq əlavə şəkər qəbul etməməlidir. Halbuki araşdırma göstərir ki, tək bir baton uşaqlar üçün tövsiyə olunan gündəlik şəkər normasının təxminən üçdə birini ödəyə bilər.
“Action on Salt & Sugar” təşkilatının nümayəndəsi, ictimai sağlamlıq qidalanması üzrə mütəxəssis, doktor Kavser Haşim bildirir ki, bir çox istehsalçılar yüksək şəkərli və kalorili məhsulları “təbii tərkibli”, “yüksək lifli” və “yüksək zülallı” kimi ifadələrlə təqdim edərək valideynləri və gəncləri aldadırlar.
Mütəxəssislər hökuməti qablaşdırmanın ön hissəsində aydın etiketləmə tətbiq etməyə, aldadıcı reklam iddialarını məhdudlaşdırmağa və istehlakçıları daha sağlam seçimlərə təşviq edən tədbirlər görməyə çağırırlar.
Qida üzrə mütəxəssis Nurhan Barakat isə vurğulayır ki, istehlakçılar qida şirkətlərindən dürüstlük gözləmək haqqına malikdir və çaşdırıcı iddialarla üz-üzə qalmamalıdırlar.
Şahnigar Əhmədova, “İki sahil”

