Gündəm 

Qarabağa “Böyük Qayıdış”ın uğur ili – 2025…

Ötən il bu şəhər və kəndlərə köç karvanları yola salındı; “Prezident Azərbaycan xalqı üçün yeni uğur hekayələri yazmaqda davam edir”

2025-ci il Böyük Qayıdış proqramı çərçivəsində ən uğurlu illərdən biri kimi tarixə keçdi. Təsadüfi deyil ki, cari ildə azad olunan ərazilərin 29 yaşayış məntəqəsinə – 7 şəhər, 19 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi təmin edilib. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Köçürülmə aparılan yaşayış məntəqələri Cəbrayıl, Şuşa, Xocalı, Laçın, Füzuli, Kəlbəcər və Ağdam şəhərləri; Cəbrayıl rayonunun Horovlu kəndi; Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri; Xocalı rayonunun Ballıca, Xanyurdu, Təzəbinə, Seyidbəyli, Badara, Şuşakənd və Daşbulaq kəndləri; Ağdərə rayonunun Həsənriz, Suqovuşan, Kolatağ və Vəngli kəndləri; Laçın rayonunun Bəylik kəndi; Xocavənd rayonunun Sos kəndi, Qırmızı Bazar və Hadrut qəsəbələri; Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndləri olub. Eyni zamanda köçürülmə prosesi Xankəndi şəhərinin Kərkicahan qəsəbəsini də əhatə edib.

Bu da əslində 30 ilə yaxın müddət ərzində erməni vandalları tərəfindən dağıdılmış Qarabağı kənardan heç bir dəstək almadan öz maddi hesabına yenidən quran, yaradan və dirçəldən bir ölkə üçün ciddi uğurdur. Unutmayaq ki, Ukrayna daxil, dünyanın bir sıra münaqişə ocaqlarındakı təmir-bərpa işlərinə yüz milyonlarla vəsait ayıran beynəlxalq aləm Azərbaycanın Qarabağı azad etdiyi son 5 ildə heç bir yardım göstərməyib. Bu da bir daha ölkəmizə qarşı olan qərəzin, ikilistandartların göstəricisidir.

Bir məsələni də xüsusi olaraq vurğulamaq yerinə düşər ki, dekabrın 24-də Dövlət başçısı İlham Əliyevin doğum günündə ölkənin birinci xanımı Mehriban Əliyeva ilə birlikdə Ağdama səfər etməsi Cənab Prezidentin Azad Qarabağa nə qədər yüksək dəyər verdiyinin göstəricisidir. Ölkə başçısı Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında çıxışı zamanı xüsusi olaraq vurğuladı ki, uzun illər köçkün həyatını yaşamış insanlar üçün bu gün Ağdam şəhərində və işğaldan azad edilmiş bütün başqa ərazilərdə yeni, müasir şəhərlər, kəndlər, qəsəbələr salınır və artıq “Böyük Qayıdış” Proqramının əyani təzahürlərini hər kəs görə bilir.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyəti də bu il uğurla icra olundu. Bu istiqamətdə təkcə son bir həftənin sitatiskasına nəzər salmaq kifayət edir ki, dediklərimiz əyani sübut olunsun.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, dekabrın 22-28-i aralığında Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 72 piyada əleyhinə mina, 18 tank əleyhinə mina, 758 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 932,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Azər Badamov: Azərbaycan-Özbəkistan dostluğunun genişlənməsi bütün Türk  dünyasında birliyin möhkəmlənməsinə böyük töhfə verəcək - AZƏRTAC

Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və sürətlə bərpa edilir: “Ermənistan çox yaxşı bilirdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq və bir gün azərbaycanlılar öz doğma yurd-yuvalarına mütləq qayıdacaqlar. Əgər bunun əksi olsaydı, Ermənistan Qarabağda daş üstə daş qoyardı. Otuz illik işğal dövründə Azərbaycan təkcə Ermənistanla mübarizə aparmadı. Biz masa arxasında Ermənistanı və ATƏT-in Minsk Qrupunu ayrı-ayrılıqda deyil, birgə şəkildə Azərbaycana qarşı gördük. Azərbaycan torpaqlarının talan edilməsi və məhv olunması Ermənistanın sistemli və mütəşəkkil fəaliyyətinin ayrılmaz hissəsi idi.

Dövlətimizin başçısı Prezident kimi fəaliyyətə başladığı ilk gündən, birinci andiçmə mərasimində verdiyi vədlərə bu gün də sadiq qalaraq Azərbaycan xalqı üçün yeni uğur hekayələri yazmaqda davam edir. Qarabağ və Şərqi Zəngəzurun bərpa prosesinə şəxsən rəhbərlik edən və ciddi nəzarət göstərən dövlətimizin başçısı bölgənin müasir standartlara uyğun inkişafı üçün bütün imkanlardan istifadə edir. İnsanlarımızın öz yurd-yuvalarına rahat şəkildə qayıtması və orada layiqli həyat şəraiti ilə təmin olunması əsas prioritetlərdəndir. Dövlətimizin atdığı addımlar əhalinin dayanıqlı məskunlaşmasına, Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişafına və dünya iqtisadiyyatına inteqrasiyasına xidmət edir”.

Yeri gəlmişkən, dekabrın 30-dan başlayaraq Ağdərə rayonunun Həsənriz kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az saytı vasitəsi ilə müraciətlərin qəbuluna başlanılır. Həsənriz kəndində məskunlaşan və yaşayan sakinlərdən müraciətlərin qəbulu prosesi 2026-cı ilin fevral ayının 2-si günün sonunadək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən XQ-yə bildirilib ki, Həsənriz kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədli istifadəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 noyabr tarixli Fərmanının 4.1-ci bəndi və Nazirlər Kabinetinin 2024-cü il 26 dekabr tarixli qərarı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”na əsasən həyata keçiriləcək.

Sahələr minimum 5 hektar təşkil etməklə dəmyə (suvarılmayan) ərazilər olub, əkin üçün uyğun kənd ətrafında yerləşən torpaqlardır. Bu kəndlərdə dəmyə ərazilər üçün xarakterik olan buğda, arpa, noxud, kartof, yem bitkilərindən olan yonca, xaşa, müxtəlif ot qarışıqlarının əkilməsi nəzərdə tutulur. Su təminatı mümkün olan sahələrdə çoxillik bitkilərdən qoz, fındıq, şabalıd, armud, gilas və bəzi giləmeyvələr yetişdirilə bilər.

Həsənriz kəndinə köçən sakinlər aşağıdakı ardıcıllıqla torpaqlarda güzəştli qaydada əkinlərin aparılması məqsədi ilə istifadəsi üçün müraciət edə bilərlər:

– EKTİS-də qeydiyyatdan keçmək (avtomatlaşdırılmış qaydada fermer elektron kabinetinə sahib olmaq)

– Elektron kabinet “Müraciətlərim” bölməsində “torpaq icarəsinə müraciət” – “Həsənriz” seçməklə ərizə formasını doldurmaq.

– Şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat yerindən asılı olmayaraq faktiki yaşayış yerinin Həsənriz kəndinin olduğunu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “e-polis” tətbiqində qeyd etmək.

Qeyd edək ki, müraciət edən şəxslərlə təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və ərazilərin yerində tanıdılması 2026-cı ilin fevral ayından etibarən həyata keçiriləcək. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yem bitkiləri üçün 2 il təşkil edəcək və istifadə nəticələrinə müvafiq olaraq uzadılacaq.

Hazırladı: Cavanşir Abbaslı

Daha çox xəbərlər