Gündəm 

Xuntaçıların məhkəməsində KRİTİK GÜN – Sabah, fevralın 5-də….

Azərbaycan öz müasir tarixində ədalətin bərpası ilə nəticələnən nadir və prinsipial bir mərhələdən keçir. Ölkəmiz bir tərəfdən özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməklə tarixi haqqını təmin etdi, digər tərəfdən isə xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasına nail oldu.

Sabah bir ildən artıqdır ki, davam edən məhkəmə prosesinin yekunlaşacağı və Ermənistan Respublikasının vətəndaşları – Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinə hökm oxunacağı gözlənilir.

Heç şübhəsiz, bu proses Prezident İlham Əliyevin illər boyu nümayiş etdirdiyi qətiyyətli siyasi iradənin, prinsipial mövqeyin və xalqa verilən vədlərə sədaqətin məntiqi nəticəsidir. Dövlət başçısı hələ müharibədən əvvəl dəfələrlə bəyan etmişdi ki, Xocalı soyqırımı da daxil olmaqla, Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlər cəzasız qalmayacaq, günahsız qurbanların qanı yerdə qalmayacaq. Bu gün açıq məhkəmə proseslərində səslənən etiraflar, təqdim olunan faktlar və sübutlar həmin bəyanatların real hüquqi müstəvidə təsdiqinə çevrilir. Azərbaycan bütün xarici təzyiqlərə baxmayaraq, öz gücü və qətiyyəti hesabına həm işğala son qoydu, həm də işğal siyasətinin icraçılarını və təşkilatçılarını hüquqi məsuliyyət qarşısına çıxardı. Bu yanaşma yalnız ölkəmiz üçün deyil, ümumilikdə münaqişə və müharibələrin ədalətli həlli baxımından mühüm presedent və nümunə kimi dəyərləndirilir.

“Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə regionda tamamilə yeni reallıqlar yaratdı. Bu Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, beynəlxalq hüququn gücünü praktik müstəvidə təsdiqlədi. Uzun illər formalaşdırılan status-kvo Azərbaycan Ordusunun gücü və xalq–dövlət birliyi sayəsində darmadağın edildi. Müharibədən sonra yaranan yeni reallıqlar Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni imkanlar açdı. Azərbaycan artıq regionda söz sahibi olan güclü və qalib dövlət kimi çıxış edir”.

Bunu Musavat.com-a Milli Məclisin üzvü Vüqar İskəndərov deyib.

Vüqar İskəndərov: Almaniya Azərbaycanın əhəmiyyətini qəbul edir

Deputat bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməklə yalnız hərbi-siyasi qələbə əldə etməyib, eyni zamanda, xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasını təmin edərək tarixi ədaləti bərpa edib: “Bu proses dövlətin hüquqi iradəsinin və gücünün açıq nümayişi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün mərhələlərdə qəti iradə və prinsipial mövqe ortaya qoydu, xalq qarşısında verdiyi sözə sadiqliyini bir daha əməli şəkildə sübut etdi. Dövlət başçısı hələ müharibədən əvvəl Xocalı soyqırımı və digər ağır cinayətləri törədənlərin mütləq şəkildə məsuliyyətə cəlb olunacağını açıq şəkildə bəyan etmişdi. Bu gün həmin bəyanatlar real nəticələrlə təsdiqlənir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan göstərdi ki, törədilən heç bir cinayət unudulmur və heç bir cinayətkar cəzasız qalmır.

V.İskəndərov onu da deyib ki, Azərbaycanın üzləşdiyi işğal faktı təkcə ərazi iddiaları ilə məhdudlaşmayıb, Ermənistan dövləti və onun işğalçı silahlı qüvvələri tərəfindən sistemli şəkildə törədilmiş ağır beynəlxalq cinayətlərlə müşayiət olunub: “Ermənistan və onun işğalçı silahlı qüvvələri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərini uzun illər ərzində işğal altında saxlamaqla BMT Nizamnaməsinin, beynəlxalq humanitar hüququn və müharibə qanunlarının kobud şəkildə pozulmasına yol verib. İşğal dövründə mülki əhaliyə qarşı məqsədli hücumlar həyata keçirilib, kütləvi qırğınlar törədilib və bu cinayətlərin ən ağır forması olan Xocalı soyqırımı baş verib. Azərbaycan ərazilərində şəhər və kəndlərin sistemli şəkildə dağıdılması urbisid cinayətinin tərkibini təşkil edib, mədəni, dini və tarixi irsin məhv edilməsi xalqın kimliyinə qarşı yönəlmiş cinayət xarakteri daşıyıb. Eyni zamanda, meşələrin kütləvi şəkildə qırılması, faydalı qazıntıların talanı, torpaq və su ehtiyatlarının məqsədli şəkildə çirkləndirilməsi ekosid əlamətlərini açıq şəkildə ortaya qoyub.

Bu əməllər ayrı-ayrı hərbi qulluqçuların özbaşına fəaliyyəti deyil, Ermənistan dövlətinin siyasi-hərbi rəhbərliyi tərəfindən planlaşdırılmış və icra edilmiş siyasətin nəticəsidir. Beynəlxalq hüquqa əsasən, bu cür əməllərə görə məsuliyyət həm birbaşa icraçılar, həm də dövlət səviyyəsində qərar qəbul edən subyektlər üzərinə düşür. Ermənistan dövləti və onun silahlı qüvvələri işğal, soyqırımı, insanlıq əleyhinə cinayətlər, urbisid və ekosid əməllərinə görə tam hüquqi məsuliyyət daşıyır”.

Cavanşir ABBASLI
Musavat.com

Daha çox xəbərlər