Cəmiyyət 

Uşaqlara TƏHLÜKƏ saçan “Roblox” – Ombudsmandan NARAHATLIQ

Azərbaycan Respublikasının Ombudsmanı Səbinə Əliyeva bəyanat yayıb. Bəyanatda deyilir ki, son zamanlar uşaqlar tərəfindən həmyaşıdlarına və digər şəxslərə qarşı aqressiv davranışın göstərilməsi, hüquq pozuntusu törədilməsi halları ciddi narahatlıq doğurur.

Ombudsman qeyd edib ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair müraciətində son illər uşaqlar arasında geniş yayılmış onlayn oyun və interaktiv platformaların, xüsusilə “Roblox” platformasının yaratdığı risklər barədə analitik təhlilə əsaslanan məlumatlar verilib, aidiyyəti dövlət orqanları uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərini gücləndirməyə, risklərin hüquqi qiymətləndirilməsinin aparılmasına və preventiv fəaliyyətin həyata keçirilməsi sahəsində zəruri tədbirlər görməyə dəvət olunub.

“Roblox” adlı platforma nədir və hansı təhlükələr yaradır? Valideynlər nəyə xüsusi diqqət etməlidir? Yalnız Roblox”, başqa hansı oyunlar təhlükəlidir?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov mövzu ilə bağlı Musavat.com-a bunları deyib:

““Roblox” sadəcə bir oyun deyil, istifadəçilərin öz virtual dünyalarını yarada bildiyi və qlobal miqyasda ünsiyyət qurduğu nəhəng bir sosial platformadır. Bu platformanın əsas riski onun nəzarətsiz “açıq dünya” modelinə əsaslanmasıdır. Digər klassik oyunlardan fərqli olaraq, burada məzmun şirkət tərəfindən deyil, birbaşa istifadəçilər tərəfindən yaradıldığı üçün uşaqlar hər an “filtr olunmamış (senzurasız) və təhlükəli” materiallarla qarşılaşa bilərlər.

Platformanın ən böyük təhlükəsi yoxlanılmamış məzmunlar və yad adamlarla birbaşa ünsiyyət imkanıdır. Bəzi bədniyyətli istifadəçilər tərəfindən yaradılan “Condos” adlı gizli otaqlarda azyaşlılar üçün nəzərdə tutulmayan seksual və ya zorakı səhnələr, həmçinin saxta “pulsuz Robux” tələləri mövcuddur. Valideynlər xüsusilə “Chat” (çat) funksiyasına diqqət etməlidir; çünki bu platforma bəzən manipulyasiya məqsədli şəxslərin uşaqlarla təmas qurmaq üçün seçdiyi vasitələrdən birinə çevrilir. Təhlükəsizlik üçün “Parental Controls” (Valideyn Nəzarəti) bölməsindən çat funksiyasını məhdudlaşdırmaq və yalnız yaşa uyğun (Age-Specific Content) oyunlara girişə icazə vermək mütləqdir”.

Ekspert bildirir ki, təhlükə yalnız “Roblox” ilə bitmir:””Minecraft”, “Among Us” kimi oyunlardakı anonim çat riskləri, eləcə də “Garten of Banban” kimi qorxu oyunları uşaq psixologiyasına ciddi təsir edir. Həmçinin, daxili bazarda nəzarətsiz yayılan, aqressiv və mənəvi dəyərlərə zidd yerli oyunlar virtual zorakılığı stimullaşdırır. Bu oyunlardakı “Loot box” (qumar bənzəri şans qutuları) sistemləri isə erkən yaşda asılılıq yaradır. Valideynlər oyun seçərkən mütləq beynəlxalq “PEGI” və ya “ESRB” reytinqlərini nəzərə almalıdırlar”.

Elvin Abbasob vurğulayıb ki, uşaqları bu risklərdən qorumaq üçün yalnız maarifləndirmə kifayət deyil, həm də texnoloji imkanlardan istifadə edilməlidir. Bu məqsədlə “Google Family Link” vasitəsilə Android cihazlarda tətbiq limitləri qoymaq, “Microsoft Family Safety” ilə Windows və Xbox mühitini tənzimləmək mümkündür. Daha dərin mühafizə və filtrasiya üçün “Kaspersky Safe Kids” və ya “Norton Family” kimi peşəkar proqramlar uşaqların rəqəmsal fəaliyyətini izləməyə, zərərli məzmunları bloklamağa və real vaxt rejimində təhlükəsizliyi təmin etməyə kömək edir”.

Afaq Mirayiq,
Musavat.com

Daha çox xəbərlər