Gündəm 

Qanunsuz qərarlar ləğv edilib

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunduqdan sonra təsdiqlənib.

Musavat.com-un məlumatına görə, ədliyyə nazirinin müavini Toğrul Hüseynov tərəfindən təqdim olunan məruzədə qeyd edilir ki, bələdiyyələr tərəfindən qanunsuz torpaq sahələrinin mülkiyyətə verilməsi halları müəyyən edilib.

İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 3142 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə Nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar təqdim olunub. Nəticədə 3121 hektar torpaq sahəsinin icarəyə, 21 hektar torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqında qanunsuz qərarlar ləğv edilib.

Bundan əlavə, 2025-ci il ərzində örüş sahələrinin qanunsuz olaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digər pozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə 2057 hektar örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktları inzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə verilmiş iddialar əsasında ləğv olunub və ya dəyişdirilib.

Təqdim olunan hesabatda o da bildirilib ki, 2025-ci ildə 43 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. Aparılmış müxtəlif dövrləri əhatə edən araşdırmalar zamanı cinayət əlamətləri aşkar edilərək toplanmış sənədlər 62 halda hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşıb.

Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılıb və qəbul edilib.

E.Paşasoy,
Musavat.com

Daha çox xəbərlər