“Prezident regiondakı riskləri mümkün həcmdə aradan qaldırıb” – MÜHÜM AÇIQLAMA
ABŞ ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması müasir dövlətçilik tariximizə önəmli diplomatik hadisə kimi daxil olacaq.
Bunu Musavat.com-a açıqlamasında deputat Rizvan Nəbiyev bildirib.
Millət vəkili əlavə edib ki, diplomatiyada strateji tərəfdaşlıq aşağıdakı bir sıra xüsusiyətləri ilə fərqləndirilir:
“Praktiki əməkdaşlıq üçün institusional çərçivənin formalaşdırılması, yeni və həssas əməkdaşlıq sahələrinin müəyyən edilməsi, qarşılıqlı böyükhəcmli investisiyaların planlaşdırılması, razılaşdırılmış sahələrdə uzunmüddətli qarşılıqlı maraqların təmini, ortaq maraqlar əleyhinə risklərə qarşı səylərin birləşdirilməsi, dövlətlərarası yüksəksəviyyəli məşvərət mexanizmlərinin yaradılması və müntəzəm olaraq dialoq aparılması önəmli amillərdir”.

Rizvan Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş xarici siyasət strategiyasının uğuru həm də ondadır ki, dünyanın ən böyük siyasi, maliyyə və hərbi gücü olan Birləşmiş Ştatlarla bərabərhüquqlu strateji tərəfdaşlığa nail olub:
“Substantiv məsələlərin həlli baxımından Trampın intensiv təmasda olduğu, dünya siyasi liderləri sırasında Azərbaycan Prezidenti ön sıralarda yer alır. Çünki dövlət başçımızın yeni geosiyasi reallığa əsaslanan sülh strategiyası regionun sərhədlərini aşan böyük bir bölgədə əməkdaşlıq modeli təklif edir. 30 illik işğala və blokadaya son qoyan Azərbaycan Prezidenti regiondakı riskləri mümkün həcmdə aradan qaldırıb. Hətta real təhlükə mənbəyi Ermənistana potensial əməkdaşa çevrilmək imkanı verilib. Bu kontekstdə ABŞ-nin vitse-prezident səviyyəsində Azərbaycana, eləcə də Ermənistana səfərini şərtləndirən mühüm şərt məhz Azərbaycanın yaratdığı status-kvo və real əməkdaşlıq şəraitinin mövcudluğudur. “The Jerusalem Post” qəzetinin yazdığı kimi, “Vensin səfəri sülh üçün mühüm bir dönüş nöqtəsidir””.
Deputat onu da deyib ki, ABŞ ilə strateji əməkdaşlığımız növbəti 3 ay ərzində konkret forma alacaq:
“Yaradılacaq qrumlararası işçi qrupları müdafiə sənayesi sahəsi də daxil olmaqla sahəvi layihələrin siyahısını və yol xəritələrini razılaşdıracaqlar. Bura enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur sahəsində iqtisadi sərmayələr, eləcə də müdafiə, müdafiə sənayesi, təhlükəsizlik sahələri daxildir. Strateji tərəfdaşlığın və genişləndirilmiş əməkdaşlığın planlaşdırılması və həyata keçirilməsinə dövlət qurumları ilə yanaşı, özəl sektorların da cəlb edilməsi nəzərdə tutulur. ABŞ-nin ümumilikdə Cənubi Qafqaz-Mərkəzi Asiya regionuna yönəlik strategiyası uzunmüddətli və çoxşaxəli fəaliyyətə əsaslanır. Vensin sözləri ilə desək, “Ümidimiz Azərbaycan ilə Ermənistan arasında həqiqətən inanılmaz sülh sazişinin dayanıqlı olmasını mümkün edəcək iqtisadi, təbii sərvətlər, əsas minerallarla bağlı əməkdaşlığın qurulmasıdır”. Məhz buna görə də Tramp marşrutunun icrasına dair Ermənistanla çərçivə sənədinə əsasən, ABŞ şirkəti 76% həcmində payı növbəti 49 il ərzində özündə saxlayacaq.
Mərkəzi Asiyadan kritik vacib və qiymətli nadir metalların tədarükündə Transxəzər beynəlxalq marşrutu, Orta Dəhliz, eləcə də onun vacib seqmenti kimi Zəngəzur dəhlizi və TRIPP marşrutu etibarlı və sabit ixrac yolu kimi çıxış edir”.
Rizvan Nəbiyev qeyd edib ki, vitse-prezident Vensin mətbuat konfransında vurğuladığı kimi, prezident Trampın və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha güclü və daha yaxşı münasibətlər qurulacaq:
“Beləliklə, Xartiya strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmış münasibətlərimizin intensivləşdirilməsi və dərinləşdirirlməsi üçün başlanğıc və dönüş mərhələsidir”.
E.Paşasoy,
Musavat.com

