Cəmiyyət 

Kiçik çillədən Boz aya – Novruza aparan 30 gün…

Azərbaycan xalq təqviminə görə dekabrın 21-dən başlayan qış fəslinin ən sərt, ən sınaqlı mərhələlərindən biri – Kiçik çillə artıq başa çatıb. Fevralın 20-si ilə “qışın oğlan çağı” deyilən 20 günlük dövr arxada qaldı və fevralın 21-dən etibarən xalq inanclarında xüsusi yer tutan Boz ay başlayıb.

Bu mərhələ artıq qışın son akkordları, yazın isə ilk pıçıltıları deməkdir.

Musavat.com xatırladır ki, xalq təqviminə əsasən qış üç hissəyə bölünür:

Böyük çillə – 21 dekabr – 31 yanvar
Kiçik çillə – 31 yanvar – 20 fevral
Boz ay – 21 fevral – 20 mart

Böyük çillə adından da göründüyü kimi müddətcə uzundur. Lakin maraqlıdır ki, ən kəskin şaxtalar, sərt soyuqlar, qarın daha çox yağması məhz Kiçik çillə dövrünə təsadüf edir. Elə buna görə də xalq arasında bu mərhələyə “qışın oğlan çağı” deyilir. Yəni qışın ən güclü, ən sərt, ən coşğun vaxtı.

“Çillə” sözünün özü də təsadüfi deyil. Bu söz ağrı, acı, məşəqqət, sıxıntı mənasını ifadə edir. Çillədən çıxmaq – əzabdan, çətinlikdən çıxmaq deməkdir. Qədim inanclarda çillə insanın, torpağın, təbiətin sınaq mərhələsi kimi qəbul olunurdu. Sanki qış təbiəti sıxır, dondurur, susdurur – lakin bu susqunluqdan sonra mütləq dirçəliş gəlir.

Fevralın 21-dən başlayan

Boz ay qışla yaz arasında körpü rolunu oynayır. Bu ay haqqında “Boz ay bozara-bozara keçər”, “Boz ay boz sifətin göstərir” kimi deyimlər təsadüfi yaranmayıb.
Boz ayın havası dəyişkən olur: bir gün günəşli, sabahı şaxtalı, ertəsi gün yağışlı. Sanki təbiət qərarsızdır – getmək istəyən qışla gəlməkdə olan yazın mübarizəsi yaşanır. Boz ay həm də psixoloji keçid mərhələsidir. İnsanlar artıq yazı gözləyir, torpaq oyanışa hazırlaşır, evlərdə təmizlik başlayır, Novruz süfrəsinin planı qurulur. Hər şey dəyişir, amma hələ tam dəyişmir.

Boz ayın ən mühüm hadisələri ilaxır çərşənbələrdir. Bu çərşənbələr təbiətin dörd ünsürünün – su, od, yel və torpağın oyanmasını simvolizə edir.
Bu il çərşənbələr aşağıdakı tarixlərə təsadüf edir:
Su çərşənbəsi – 24 fevral
Od çərşənbəsi – 3 mart
Yel çərşənbəsi – 10 mart
Torpaq çərşənbəsi (İlaxır çərşənbə) – 17 mart

Su çərşənbəsi ilə həyatın mənbəyi sayılan su dirçəlir. Od çərşənbəsində tonqallar qalanır, insanlar alovun üzərindən atlanaraq “ağırlığım, uğurluğum odda yansın” deyirlər. Yel çərşənbəsi küləyin, nəfəsin oyanışıdır – torpağa həyat gətirən hava hərəkətə gəlir. Torpaq çərşənbəsi isə artıq yazın qapını döydüyünü elan edir.Tonqal üzərindən atlanmaqla insan sanki qışın çətinliklərini arxada qoyur, yeni ilə – yeni həyata keçid edir.Qeyd edək ki, Azərbaycan bu il yaz fəslini martın 20-si saat 18:45:53-də qarşılayacaq. Həmin an gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsir və cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir.

"Boz ay bozara-bozara keçər"-Tarixçi-etnoqrofdan Novruz Bayramı ilə bağlı AÇIQLAMA

Beləliklə, Boz ayın başlanması bizə xatırladır ki, dəyişiklik qaçılmazdır. Qış nə qədər sərt olsa da, yaz mütləq gəlir. Təbiət susqunluqdan oyanır, torpaq nəfəs alır, insanın ruhu yüngülləşir.
İndi qarşıda bizi 30 günlük bir yol – Novruza aparan yol gözləyir.

Xalidə Gəray
Musavat.com

Daha çox xəbərlər