“Niyə iftar və imsakdan dərhal sonra yatmamaq məsləhətdir?” – AÇIQLAMA
“Orucluq vaxtı imsak və iftar yeməyindən dərhal sonra yatmaq fizioloji baxımdan tövsiyə edilmir, çünki uzanmış vəziyyətdə mədənin boşalması ləngiyir və qastroezofageal reflüks riski artır”.
Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, klinik müşahidələr göstərir ki, yeməkdən sonra dərhal uzanmaq mədə turşusunun qida borusuna geri axmasına səbəb ola bilər:
“Bu, yanma hissi, diskomfort və həzm pozğunluqları ilə nəticələnə bilər. Bundan əlavə, həzm prosesinin effektiv getməsi üçün parasimpatik aktivliyin optimal olması vacibdir və yüngül fiziki aktivlik, məsələn, qısa müddətli gəzinti mədə‑bağırsaq hərəkətliliyini stimullaşdırır. Ən son çıxan sınaqlar sübut edir ki, qida qəbulundan sonra 15 dəqiqə gəzinti qanda şəkər yüksəlməsini yarıya qədər azalda bilir”.
E.Məmmədov qeyd edib ki, oruc zamanı enerji səviyyəsini qorumaq üçün aşağı glisemik indeksli, zülal və sağlam yağlarla zəngin qidaların seçilməsi, kifayət qədər maye qəbulu və yeməkdən dərhal sonra yatmaqdan çəkinmək elmi əsaslara söykənən ən effektiv strategiyalar hesab olunur:
“Bu yanaşma həm metabolik sağlamlığı qoruyur, həm də gün ərzində fiziki və zehni performansın optimal səviyyədə qalmasına imkan verir”.

