Cəmiyyət 

Tanınmışlar nə qədər fitrə verib? – Kimlər daha səxavətlidir?

Bu il Şəvval ayının 1-i – Ramazan bayramı miladi təqvimlə martın 20-nə təsadüf edir. Müqəddəs ayın başa çatması ilə yanaşı, İslamın mühüm vacibatlarından biri olan fitrə zəkatı diqqət mərkəzindədir. Qafqaz Müsəlmanları İdarəsinin yaydığı son açıqlamada bildirilir ki, orucun mühüm əməllərindən sayılan fitrə zəkatı Ramazan ayının son günü – bayram axşamı, şam namazından sonra verilməlidir.

Qurumun nəzdində fəaliyyət göstərən Qazılar Şurasının fətvasına əsasən, imkanı olan hər bir şəxs üçün adambaşına 10–15 manat məbləğində fitrə zəkatının verilməsi tövsiyə olunur. Açıqlamada vurğulanır ki, şəriətə görə fitrə canın sədəqəsi hesab edilir və maddi imkanı olan müsəlman hər bir ailə üzvü üçün bu zəkatı çıxararaq ehtiyacı olanlara təqdim etməlidir. Bu ənənə, eyni zamanda, aztəminatlı ailələrin də bayram sevincini yaşamasına xidmət edir.

Bununla belə, ictimaiyyət arasında müəyyən müzakirələr də aparılır – bəzi vətəndaşlar göstərilən məbləğin yüksək olduğunu düşünür. QMİ isə bildirir ki, qeyd olunan rəqəm minimum həddi ifadə edir və imkanlı şəxslər daha artıq məbləğdə fitrə zəkatı verə bilərlər.

Bəs tanınmışlar bu məsələdə hansı mövqe sərgiləyir? Onlar tövsiyə olunan məbləğlə kifayətlənir, yoxsa daha artıq fitrə ayırırlar? Musavat.com-un tanınmışlar arasında apardığı sorğu bu suala aydınlıq gətirib.

Deputat Razi Nurullayev bildirib ki, fitrə məsələsinə yalnız minimum məbləğ prizmasından yanaşmaq doğru deyil: “Oruc tuturam və demək olar ki, hər gün ehtiyacı olan insanlara dəstək olmağa çalışıram. Bu baxımdan, əlbəttə ki, müəyyən olunan məbləğdən daha artıq fitrə verməyi düşünürəm. Çünki əsas məqsəd sadəcə borcu yerinə yetirmək deyil, paylaşmaq, ehtiyacı olanların yanında olmaqdır. Tövbə qapısı hər zaman açıqdır. Allah tutduğumuz orucları qəbul etsin, günahlarımızı bağışlasın”.

Deputat Fazil Mustafa isə qeyd edib ki, fitrə hesablanarkən ailə üzvləri və ümumi maddi vəziyyət nəzərə alınmalıdır: “Əlbəttə, artıq ödəyəcəyəm. Bu, təkcə öz adımdan deyil, ailəmin işləməyən üzvləri adından da edilən ödənişdir. Ailə üzvlərinin sayı nəzərə alınır. Burada mal-mülk də rol oynayır. Hesab edirəm ki, imkanı çatmayan insanlara fitrənin ödənməsi faydalı və xeyirxah əməldir”.

İlahiyyat üzrə fəlsəfə doktoru, deputat Ceyhun Məmmədov isə daha geniş yardım etməyi planlaşdırdığını deyib: “Bəli, 10–15 manat nəzərdə tutulub. Ailə olaraq biz təxminən 50 manat verməliyik, amma mən bir neçə nəfərə 50 manat verməyi planlaşdırmışam və artıq başlamışam”.

Əməkdar artist Mehriban Xanlarova bildirib ki, fitrə zəkatını artıq çatdırıb: “11 nəfərin adından zəkat çıxartdıq. Bacım da bizdə idi, onun da adından çıxartdıq. 10 manatdan hesabladıq, ümumilikdə 110 manat etdi”.

Müğənni Elnarə Xəlilova isə hər il olduğu kimi bu il də ailə üzvləri adından fitrə verdiklərini deyib:
“Biz də hər il 6 nəfər ailə üzvü adından 10–15 manat civarında fitrə çıxarmağa çalışırıq”.

O, həmçinin oruc tutduğunu da əlavə edib: “Hətta yanvar ayından – Rəcəb, Şaban və Ramazan aylarını oruc tutmuşam. Allah bütün oruc tutanların dualarını qəbul etsin”.

Afaq Mirayiq
Musavat.com

Daha çox xəbərlər