Cəmiyyət 

Novruza 1 gün qalmış…ƏN ÇOX bahalaşan məhsullar – REPORTAJ

Novruz bayramına cəmi bir gün qalır. Artıq əksər ailələr bayram bazarlığını yekunlaşdırıb, süfrələr üçün hazırlıqlar görülüb. Bəs bu il Novruz süfrəsi orta hesabla neçəyə başa gəlir? Bazarlarda qiymətlər necə dəyişib?

Məsələ ilə bağlı Musavat.com-un əməkdaşı olaraq “8-ci kilometr” bazarında apardığımız müşahidələr göstərir ki, son iki gün ərzində meyvə-tərəvəz və quru məhsulların qiymətində ciddi artım qeydə alınıb. Satıcıların sözlərinə görə, bayram ərəfəsində tələbatın kəskin artması qiymətlərə birbaşa təsir edir.

Hazırda bazarda qiymətlər belədir:
Qoz ləpəsinin 1 kiloqramı 20 manatdan başlayır, fındıq ləpəsi isə 22 manatdan təklif olunur. Qabıqlı qozun qiyməti 8-10 manat, qabıqlı fındıq isə təxminən 10 manatdır. Halbuki, cəmi iki gün əvvəl bu məhsulların qiyməti indiki ilə müqayisədə təxminən 2 manat daha ucuz idi.
Kişmiş 10-12 manatdan başlayır. Alma və armudun qiyməti 2,5-4 manat arasında dəyişir. Portağal və mandarin də son günlərdə bahalaşan məhsullar sırasındadır. Belə ki, iki gün əvvəl təxminən 2,5 manatdan satılan bu sitrus meyvələri hazırda 3,5 manatdan başlayan qiymətlərlə təklif olunur.
Şabalıdın qiymətində də ciddi artım var. Əvvəllər 7-8 manata satılan şabalıd indi 10-12 manat civarındadır.

Eyni artım quru meyvələrdə də müşahidə olunur. Quru gavalı və alçanın qiyməti təxminən 1 manat bahalaşaraq 7-8 manata yüksəlib. Tərəvəzlərə gəldikdə isə, pomidorun kiloqramı 4,5 manatdan, xiyar isə 3-4 manatdan satılır.

Maraqlıdır ki, mağazalarda qiymətlərdə bu qədər kəskin dəyişiklik hiss olunmur. Əsas ərzaq məhsullarının qiyməti sabit olaraq qalır. Belə ki, yumurta 0,17-0,18 qəpikdən, kərə yağı 22 manatdan, duru yağ 6,5 manatdan başlayan qiymətlərlə təklif olunur. Şəkər tozu və digər əsas məhsullarda da ciddi bahalaşma müşahidə edilmir. Göyərtinin də qiyməti münasib olaraq 0,25 qəpik civarındadır.

Ət məhsullarında isə qiymətlər dəyişməz qalıb: sümüksüz ətin kiloqramı 22,5 manat, sümüklü ət isə 17,5 manatdır. Toyuq ətinin qiyməti 6-7 manatadır.

Ümumilikdə, müşahidələr göstərir ki, Novruz süfrəsinin əsas atributları olan qoz-fındıq, quru meyvə və bəzi meyvə-tərəvəz məhsullarında qiymət artımı daha qabarıq hiss olunur. Bu isə bayram süfrəsinin əvvəlki günlərlə müqayisədə daha baha başa gələcəyini deməyə əsas verir.

natiq-ceferli-atasini-itirdi

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Musavat.com-a danışıb: “Bu il Novruz bayramı ilə bağlı istirahət günlərinin sayının həddindən artıq çox olması əhalinin büdcəsinə ciddi təsir göstərir. Üstəlik, bayramın əsas günləri – 20-21 mart tarixləri Ramazan bayramı ilə üst-üstə düşdüyü üçün bayram süfrəsinin xərcləri daha da artır. Bu isə onsuz da bahalaşan bazar şəraitində ailələr üçün əlavə maliyyə yükü deməkdir.

Bir tərəfdən, uzunmüddətli istirahət günləri insanların evdə daha çox vaxt keçirməsinə səbəb olur. Digər tərəfdən isə bu müddət ərzində xərclərin azalacağı yox, əksinə artacağı gözlənilir. Çünki bayram təkcə bir-iki günlə məhdudlaşmır – demək olar ki, bir neçə gün davam edən qonaqlıq, süfrə açmaq, qonaq getmək və qonaq qəbul etmək kimi ənənələr bu xərcləri qaçılmaz edir.

Əgər orta statistik, 4 nəfərlik Azərbaycan ailəsini nəzərə alsaq, təxmini hesablamalara görə bir günün xərci 150-200 manat arasında dəyişə bilər. Bu məbləğə əsas ərzaq məhsulları, bayram süfrəsi üçün alınan şirniyyatlar, meyvə-tərəvəz və digər zəruri xərclər daxildir. Lakin məsələ bununla bitmir. Bayram günlərində süfrələrin daha zəngin qurulması, müxtəlif şirniyyatların hazırlanması və ya alınması, eyni zamanda, qonaq qarşılayarkən və qonaq gedərkən edilən əlavə xərclər ümumi büdcəni daha da şişirdir. Xüsusilə uzun – təxminən 10 günə yaxın davam edən istirahət müddəti bu xərclərin yığılaraq ciddi maliyyə yükünə çevrilməsinə səbəb olur. İnsanlar evdə olduqları müddətdə daha çox istehlak edir, əlavə alış-verişlər edir və bu da gündəlik xərclərin artmasına gətirib çıxarır”.

Xalidə Gəray,
Fotolar müəllifindir
Musavat.com

Daha çox xəbərlər