Balakəndə faciə: sel odun yığmağa gedən kənd sakinini apardı
Balakəndə güclü yağışlardan sonra baş verən sel hadisəsi faciəyə səbəb olub.
Musavat.com xəbər verir ki, rayonun Katex kənd sakini Rzayev Aslan Ramazan oğlu Katex çayında sel sularına düşərək itkin düşüb.
İlkin məlumata görə, hadisə bu gün saat 13:00-14:00 radələrində baş verib. Aslan Rzayev iki çayın birləşdiyi ərazidə odun parçalarını toplamaq istəyərkən sel sularına qərq olub.
Katex kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Atayev Musavat.com-a bildirib ki, hadisə çayda suyun qəfil artması nəticəsində baş verib:
“İki çayın birləşdiyi yerdə birindən keçib, digər çayda olan odunları yığmaq istəyirmiş. Geri qayıdarkən suyun səviyyəsi artıb və sel onu aparıb”.
Hazırda hadisə yerində genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır. Əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri, eləcə də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları cəlb olunub.
Axtarış tədbirləri davam edir.
Qeyd edək ki, xəbəri ilk APA yayıb.