Bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, hüquq mühafizə orqanlarının fəaliyyətinin daha da genişləndirilməsi və bu sahədə beynəlxalq əməkdaşlığın əhatə dairəsinin daha da artırılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Narkomanlığa qarşı mübarizədə səmərəliliyə nail olmaq üçün aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə yaradılmış Dövlət Komissiyası və onun İşçi Qrupu narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin təşkilinə xüsusi təkan vermişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya rayonda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatlarla birlikdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın və Qazax Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın 2026-cı ilə dair İş planının bəndlərinin icrasından irəli gələn vəzifələrə uyğun olaraq kompleks qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmiş, bu sahədə mübarizəni gücləndirmək məqsədilə müzakirələr aparılmışdır. Belə ki, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın və Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2026-cı il üçün İş planına uyğun olaraq Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektoru, Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax Dövlət Sosial–İqtisadi Kolleci və rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməkdaşları ilə birgə Qazax şəhəri, rayonun şəhər, kənd tam orta məktəblərində, ali və orta ixtisas təhsil müəssisələrində “Narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi”, “Narkomaniya və onun fəsadları”, “Erkən nikah və onun cəmiyyət üçün yaratdığı fəsadlar və antisosial mühitdən necə qorunmağın yolları”, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, “Erkən nikah və onun fəsadları”, “Məişət zorakılığına qarşı mübarizə yolları” və digər antisosial mühitdən qorunma yolları ilə bağlı müxtəlif mövzularda tədbirlər keçirilmişdir.
Bu maarifləndirici tədbirlərdə çıxış edənlər narkomaniyanın törətdiyi fəsadlar, narkotik vasitələrin zərəri, insan və cəmiyyət üçün yaratdığı problemlər, eyni zamanda, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə əlaqədar görülmüş tədbirlər barədə danışmışlar.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq keçirilmiş əməliyyatlar nəticəsində narkomanlığa qarşı mübarizə sahəsində müəyyən işlər görmüşlər.
Belə ki, narkomaniyaya qarşı mübarizə sahəsində buraxılmış nöqsanlar şöbənin əməliyyat müşavirəsində hərtərəfli təhlil edilərək müvafiq tədbirlər planı tərtib edilib icraya yönəldilmişdir. Rayon ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan və bu işdə şübhəli olan şəxslərin dairəsi müəyyən edilərək ətraflarında müvafiq əməliyyat tədbirləri həyata keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin müvafiq komissiyası rayon əhalisi, xüsusilə gənclər və yeniyetmələr arasında narkomanlıqla bağlı maarifləndirmə işlərinin səmərəliliyinin artırılması və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi 2025-2030-cu illər üçün Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsini bir vəzifə kimi qarşıya qoymuşdur və bu istiqamətdə əməli, praktiki tədbirlər davam etdirilməkdədir.
Rayonda fəaliyyət göstərən digər təşkilatlar tərəfindən Qazax rayonunda yeniyetmə və gənclərin siyasi, mənəvi tərbiyəsinin təkmilləşdirilməsi, onların sosial, intellektual, fiziki inkişafının təmin edilməsi, asudə vaxtlarının səmərəli təşkili sahələrinə yönəldilmiş bir sıra tədbirlər həyata keçirilmişdir. O cümlədən narkomanlığın qarşısının alınması, bu sahədə təbliğat və maarifləndirmə işinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi istiqamətində gənclərlə birgə iş aparılmış, müxtəlif mövzularda tədbirlər keçirilmişdir.
Məmməd Alıyev,
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın sədri
