Azərbaycanda əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri ilə bağlı rəsmi statistika narahatedici mənzərə ortaya qoyur. Dövlət Statistika Komitəsinin 2026-cı ilin əvvəlinə olan məlumatına əsasən, bu xəstəliklər üzrə qeydiyyatda olan şəxslərin sayı 323 min 775 nəfərə çatıb. Onların 139 mindən çoxu Bakının payına düşür ki, bu da ümumi göstəricinin təxminən 43 faizini təşkil edir. Statistikada paytaxtla yanaşı, Sumqayıt, Şəki, Şəmkir, Gəncə, Göyçay və Ağdam kimi şəhər və rayonlarda da yüksək göstəricilər qeydə alınıb.

Bəs rəsmi statistika əslində nəyi göstərir? Xəstəliklərin həqiqətən sayı artır, yoxsa sadəcə aşkarlanma səviyyəsi yüksəlib?
Psixoterapevt Rövşən Nəcəfovun Musavat.com-a bildirdiyinə görə, rəsmi statistikada rəqəmlərin yüksək olması ilk növbədə onu göstərir ki, əsəb sistemi və hissiyyat orqanları ilə bağlı problemlər cəmiyyət üçün ciddi ictimai sağlamlıq məsələsinə çevrilib: “Bunun bir hissəsi diaqnostika imkanlarının yaxşılaşması və insanların daha çox tibbi yardıma müraciət etməsi ilə bağlı olsa da, həyat tərzində baş verən dəyişikliklərin də bu artımda mühüm rolu var. Xroniki stress, emosional gərginlik, yuxu pozğunluqları, informasiya yükünün artması və sosial-iqtisadi təzyiqlər həm psixi, həm də sinir sisteminin sağlamlığına uzunmüddətli təsir göstərən amillərdir”.
Rövşən Nəcəfovun sözlərinə görə böyük şəhərlərdə riskin daha yüksək olmasının əsas səbəblərindən biri urbanizasiya ilə əlaqəli həyat tərzidir: “Sürətli iş tempi, nəqliyyat sıxlığı, səs-küy, ekoloji faktorlar, sosial təcrid və davamlı performans gözləntisi insanın sinir sistemini daimi gərginlik altında saxlayır. Orqanizm qısa müddətli stressə uyğunlaşa bilsə də, uzunmüddətli stress kompensasiya mexanizmlərini zəiflədir və həm psixoloji, həm də nevroloji problemlərin yaranma riskini artırır”.

Psixoloq vurğulayıb ki, bu tendensiyanın qarşısını almaq üçün yanaşma yalnız müalicə ilə məhdudlaşmamalıdır: “Psixi sağlamlığın qorunması profilaktik tədbirlərlə başlamalı, sağlam həyat tərzi, keyfiyyətli yuxu, iş-istirahət balansı, stressin idarə olunması və psixoloji maarifləndirmə gücləndirilməlidir. Eyni zamanda, insanlar uzun müddət davam edən emosional gərginlik, yuxu pozğunluğu, diqqət və yaddaş zəifləməsi kimi əlamətləri normal hal kimi qəbul etməməli, vaxtında mütəxəssisə müraciət etməlidirlər. Çünki psixi və nevroloji sağlamlığa erkən müdaxilə yalnız xəstəliyin qarşısını almaq deyil, həm də insanın həyat keyfiyyətini və funksionallığını qorumaq baxımından həlledici əhəmiyyət daşıyır”.
Xalidə Gəray
Musavat.com
