Tək oğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək?

Tək oğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək?

Azərbaycanda ailənin yeganə oğlan övladlarının hərbi xidmətinin fərqli qaydada təşkili məsələsi hazırda gündəmdə deyil.

ARANTV.AZ  xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Modern.az-a açıqlamasında bildirib ki, bu məsələ nə parlamentdə, nə də aidiyyəti dövlət qurumlarında müzakirə olunur.

Onun sözlərinə görə, ölkədə əksər ailələrdə bir oğlan övladı olduğu üçün belə bir modelin tətbiqi praktiki baxımdan da mümkün görünmür.

“Azərbaycanda zatən əksər ailələrdə bir oğlan uşağı olduğuna görə onların sayı belə bir qərarın qəbul edilməsi və yaxud da tək oğlan uşaqlarının fərqli yerləşdirilməsinə imkan vermir. Belə bir təklif nə parlamentdə müzakirə olunub, nə güc strukturları bu barədə təklif verib, nə də digər aidiyyəti qurumlar belə bir təşəbbüslə çıxış ediblər”, – ekspert deyib.

Ədalət Verdiyev hesab edir ki, belə bir yanaşma demoqrafik baxımdan da arzuolunmaz nəticələr yarada bilər.

“Statistik məlumatlar onu deməyə əsas verir ki, bu cür müzakirələr böyük neqativ hallara gətirib çıxara bilər. Bir çox ailələr ikinci oğlan uşağının dünyaya gəlməsi ilə bağlı fərqli qərarlar verə bilər. Onsuz da ölkəmizdə doğum sayı azalır. Belə bir qərar demoqrafik vəziyyətə mənfi təsir göstərə bilər”.

Ekspert vurğulayıb ki, ailədə digər oğlan övladının olub-olmamasına görə çağırışçılar arasında fərq qoyulması Konstitusiyada nəzərdə tutulan bərabərlik prinsipinə də uyğun deyil.

“Hər bir insan fərdidir. Ailəsində başqa oğlan uşağının olub-olmamasına görə fərq qoyulması vətəndaşların Vətən qarşısında borcunu yerinə yetirməsi məsələsində bərabərlik anlayışını pozmuş olar”.

Ədalət Verdiyevin sözlərinə görə, hazırkı regional təhlükəsizlik şəraiti də bu cür güzəştlərə imkan vermir.

“Sağımızda və solumuzda böyük müharibələr gedir, regional münaqişələr qlobal miqyasa yaxınlaşır. Belə bir şəraitdə Avropanın təhlükəsizlik baxımından fərqli ölkələrində tətbiq olunan məhdudiyyətləri Azərbaycana uyğunlaşdırmaq düzgün olmaz. Təhlükələr artdıqca dövlət ordunun sayını və komplektləşdirmə səviyyəsini yüksək saxlamaq məcburiyyətindədir. Belə olan halda ayrı-ayrı kateqoriyalara güzəştlər və imtiyazlar verilməsi ordunun komplektləşdirilməsinə mənfi təsir göstərə bilər”.