ARANTV.AZ xəbər verir ki, bu sözləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov AzEdu.az-ın suallarını cavablayarkən deyib.
“Bu il Qarabağ Universitetinə 49 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək.
Hazırda universitet yalnız bakalavriat səviyyəsində təhsil verir. Bu ildən etibarən ilk dəfə olaraq ingilis dilində tədris proqramları üzrə də qəbul aparacağıq”.
Universitetin ən mühüm yeniliklərindən biri İstanbul Texnik Universiteti ilə ikili diplom proqramının tətbiqidir:
“Qardaş Türkiyənin aparıcı ali təhsil müəssisələrindən olan İstanbul Texnik Universiteti ilə ikili diplom proqramına start veririk. Mühəndislik sahəsi üzrə dörd ixtisasda tətbiq olunacaq bu proqram çərçivəsində tələbələr üç il Qarabağ Universitetində, bir il isə İstanbul Texnik Universitetində təhsil alacaqlar. Bütün xərclər Azərbaycan dövləti tərəfindən qarşılanacaq.
Qarabağ Universitetində təhsil alan bütün tələbələr dövlət hesabına oxuyur, təqaüd və yataqxana ilə təmin olunurlar.
Bu il universitet üzrə 1403 plan yeri ayrılıb. Hesab edirik ki, abituriyentlər arasında müşahidə olunan böyük maraq Qarabağ Universitetinin yüksək bal toplayan gənclərin əsas seçimlərindən biri olacağını göstərir.
Universitetin akademik proqramları dünyanın qabaqcıl ali məktəblərinin təcrübəsi əsasında hazırlanır və tələbələri zəngin tələbə həyatı, geniş imkanlar gözləyir”.
