Ağdamda qaçırılan 10-cu sinif şagirdi nəzarətə götürüldü – YENİLƏNİB

Ağdamda qaçırılan 10-cu sinif şagirdi nəzarətə götürüldü – YENİLƏNİB

“Ağdamda yeniyetmə qızın qaçırılması ilə bağlı məlumat daxil olan kimi Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi hadisəni araşdırıb”.

Bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqları ailəyə baş çəkəcək:

“Qız artıq ailəyə qaytarılıb. Mərkəzin psixoloqları qızla söhbət edəcək, psixoloji dəstək göstəriləcək”.

11:28

Ağdamda qaçırılan məktəbli qız ailəsinə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabr ayının 21-də yeniyetmə qızın qaçırılması ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş tədbirlərlə həmin qız tapılaraq ailə üzvlərinə təhvil verilib. O, izahatında evlənmək məqsədi ilə öz razılığına əsasən getdiyini bildirib.

Faktla bağlı Ağdam RPŞ-də araşdırma aparılır.

İlhamə Əbülfət

10:46

Ağdamda məktəbli qız qaçırılıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, hadisə ötən gün rayonun məcburi köçkünlərin məskunlaşdığı İmamqulubəyli qəsəbəsində baş verib.

Belə ki, İmamqulubəyli qəsəbə tam orta məktəbinin 10-cu sinif şagirdi G.M. məktəbdən qayıdarkən qaçırılıb.

İlkin məlumatlara görə, qız sevdiyi oğlanla qaçıb.

Qızın valideynləri hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.

Faktla bağlı araşdırmalara başlanılıb.