Türkiyə ilə Azərbaycan bu nümunəni dəfələrlə sınaqdan çıxarıb
Tarixin sınaqlarından çıxan, əsrlərə söykənən Türkiyə-Azərbaycan qardaşlığı İkinci Qarabağ müharibəsində daha da möhkəmləndi. 44 gün davam edən Vətən müharibəsində xalqımıza mənəvi dəstək göstərən, Ermənistan üzərindəki Qələbəmizdə qardaş payını əsirgəməyən Türkiyə ilə Azərbaycan arasında imzalanan Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi bu qardaşlığın rəsmi təsdiqi oldu. Bütün dünya ictimaiyyətinə bəyan edildi ki, iki qardaş arasındakı əlaqələrin alternativi yoxdur. Hər iki dövlət türkdilli dövlətlərin birliyinin, siyasi, iqtisadi münasibətlərinin gücləndirilməsinə töhfə verərək əməkdaşlığı genişləndirmək, möhkəmləndirmək , beynəlxalq təşkilatlarda bu həmrəyliyin gücünü göstərmək üçün tarixi xidmətlərə imza atmışlar. Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısında təməli qoyulan strateji tərəfdaşlığın faydasını « Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır» ifadəsi ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri artıq perspektiv deyil, reallıqdır. Təsadüfi deyil ki, beynəlxalq münasibətlər sistemində adları qoşa çəkilən, dünya hadisələrinə təsir imkanları artan bu birlik qarşısıalınmaz güc mərkəzi kimi tanınır.
Torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda 44 gün davam edən İkinci Qarabağ müharibəsində daim Azərbaycanla bir olan Türkiyənin mənəvi dəstəyi xalqımıza əlavə güc, qüdrət verdi, Qələbə əzmini artırdı. Bakının Azadlıq meydanında «Dəmir yumruq» əməliyyatının Qələbə müjdəsi olan hərbi paradı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə izləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Zəfərimizin hər iki xalq tərəfindən təntənə ilə qeyd edilməsi bu qardaşlığın təntənəsi idi. Şuşada imzalanan müttəfiqlik Bəyannaməsi ilə əməkdaşlığın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyan sarsılmaz qardaşlıq dünyanın enerji, nəqliyyat xəritələrini dəyişən qlobal layihələrin müəllifləri kimi yeniliklərə birgə imza atdılar.
Tarixi sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi tarixi nailiyyətdir. Bu gün beynəlxalq müstəvidə aktual olan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması bu dəhlizin bərpasına mane olanların cəhdlərinin əsassız olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Şuşa Bəyannaməsində bu məsələnin əks olunması böyük məna daşıyır» sözləri dəhlizlə bağlı revanşist çağırışlar səsləndirən Ermənistan kimi onun havadarlarına da xəbərdarlıqdır. « Müdafiə sənayesi sahəsindəki əlaqələrimiz bundan sonra daha da fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə bir istehsal mərkəzi olmaq imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür» söyləyən cənab Rəcəb Tayyib Ərdoğanın sözlərindəki həqiqəti bu ilin fevral ayında qardaş ölkədə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılmasında yaranan birlik də təsdiqlədi. Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık, Elbistan rayonlarında baş verən, sonra Malatya, Adana, Hatay və digər şəhərləri də əhatə edən zəlzələlər zamanı xeyli insanın həyatlarını itirməsi Azərbaycan xalqının da qəlbini göynətdi. Hadisə baş verən ilk dəqiqələrdən qardaş harayına səs verən Azərbaycan xalqı yenə də bir yumruq kimi birləşərək «əsrin fəlakəti»nin yaratdığı acı nəticələrin aradan qaldırılmasında türkiyəli qardaşları ilə birlikdə çalışdılar. Təbii fəlakətin ilk anlarında həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verən, hər cür kömək göstəriləcəyini bildirən Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək matəm kitabına ürək sözlərini yazdı. Səfir Cahit Bağçı ilə söhbətində Azərbaycanın qardaş Türkiyənin dərdinə şərik olduğunu, eyni kədəri yaşadığını bildirən dövlət başçımız İlham Əliyev zəlzələnin dağıntılarının acı fəsadlarının aradan qaldırılmasında hər cür yardım göstərilməsini xalqımızın qardaşlıq borcu adlandırdı: « Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə. Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik. Mən əziz qardaşım, cənab Prezidentə telefonla başsağlığı vermək üçün zəng edəndə dedim ki, bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda, həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir.»
Prezident İlham Əliyevin göstərişlərinə əsasən Azərbaycan xalqı qardaş Türkiyəyə dəstək olmaq üçün kütləvi könüllü yardım kampaniyasına qoşuldu. Hadisə yerinə ilk gələn və axtarış- xilasetmə tədbirlərində iştirak edən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, zəngin təcrübəyə malik mütəxəssisləri türkiyəli həmkarları ilə birgə çalışaraq insanların dağıntılar altından çıxarılmasında fəallıq göstəriblər. Nazirliyin qardaş ölkəyə humanitar yardım kimi ayırdığı, çadırlar, qızdırıcılar, səhra hospitalları, ərzaq məhsulları, tibbi ləvazimat və preparatlar daha çox fövqəladə vəziyyətin müşahidə olunduğu bölgələrə göndərilmişdir. Heydər Əliyev Fondunun ayırdığı yardımlar zəlzələdən zərər çəkənlərə çatdırıldı. Təyyarələrlə daşınan ən zəruri məhsullar, tibbi ləvazimatlar, isti paltarlar şaxtalı günlərdə əziyyət çəkən türkiyəli qardaşların ürəklərinə hərarət gətirdi. Fondun nəzdində, «ASAN xidmət» strukturlarında fəaliyyət göstərən könüllülər qardaş ölkədə humanitar fəaliyyətlərini davam etdirdilər. Bu gün də Türkiyə naminə səfərbər olan Azərbaycan xalqı yardım kampaniyalarında iştirak edir. Daha çox ehtiyac duyulan çadırlara, yataq dəstlərinə, isti geyimlərə, ərzaq məhsullarına, tibbi ləvazimatlara tələbatı nəzərə alan azərbaycanlılar yardımlarını bu istiqamətdə təşkil edirlər. Bu kütləvilik iki qardaş arasındakı birlik və həmrəyliyin nümunəsidir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Bütün dünya gördü ki, həmrəylik təkcə dövlətlərarası münasibətlər səviyyəsində deyil. İnsanlar arasında da əsl qardaşlıq əlaqələri mövcuddur. Bu da təbiidir və ulularımızdan qalma «qardaş qardaşa əl tutar» deyiminin təzahürüdür.
Respublikamızın bütün dövlət strukturları, təşkilatları, özəl şirkətlər könüllü olaraq yardım kampaniyasında iştirak edərək qardaşlıq, insanlıq borclarını yerinə yetirirlər. SOCAR-ın Türkiyədə fəaliyyət göstərən şirkətləri təcili yardım maşınlarını, dağıntıların təmizlənməsində çalışan texnikaları pulsuz yanacaqla təmin edirlər. Türkiyənin bu çətin vəziyyətdən çıxması üçün Azərbaycan xalqı bütün sahələri əhatə edən lazımi dəstəyi göstərir və qarşıdakı aylarda da yardımlarını davam etdirəcəkdir.
«Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər…Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir» sözləri ilə xalqımızın dəstəyinin davamlı olacağını bildirən Prezident İlham Əliyev onu da vurğulayıb ki, zəlzələnin fəsadlarının aradan qaldırılmasında da Azərbaycan Türkiyəyə hər cür dəstək göstərəcək. Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili bu ölkədə əsas məsələdir. Bu cür ağır sınaqdan çıxacağına əmin olan Türkiyə dünyanın ən güclü dövləti olduğunu bir daha bəyan etdi.
Bu günlərdə Malatyada təkrar baş verən zəlzələdə də xeyli yaşayış binası dağılmış, insanlar xəsarət almışlar. Fevralın əvvəlində baş verən zəlzələdə yardım göstərən mütəxəssislər, tibb işçiləri hələ də qardaş ölkədə təbii fəlakət nəticəsində zərər çəkən türk qardaşlarımıza yardımlarını davam etdirirlər. Bu günlərdə Türkiyəyə qısa müddətli səfəri çərçivəsində Azərbaycan xalqının Türkiyə ilə hər zaman birlikdə olacağını bildirən Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla söhbətində də bu müttəfiqliyin sarsılmazlığını diqqətə çatdırdı.
