Bu ölkədə heç bir dinə qulluq etməyən şeytani məmurlar ən adi insan hüquqları tələb edən, azadlıq istəyən adamları rəhmsizcəsinə cəzalandırmaqda davam edirlər. Adını “İslam respublikası” qoyan bu ölkədə etiraz aksiyaları başlanandan bu günə qədər “ölüm dəyirmanı” dayanmadan günahsız insanları “üyüdür”, yəni etirazçılar dar ağacından asılır, güllələnir, dəhşətli işgəncələrə məruz qoyulurlar. İnsanların şallaqlanıb təhqir olunması isə adi hal alıb.
Ölkə ərazisində sabitliyi təmin edə bilməyən İran hökuməti utanmadan guya regionda təhlükəsizliyin təminatçısı kimi çıxış edir ki, bu da ikrah doğurur.
Bu günlərdə İranın Tehran, Kərəc, İsfahan, Rəşt və digər şəhərlərində kütləvi aksiyalar davam etməkdədir. Aksiya iştirakçıları getdikcə daha radikal şüarlar səsləndirirlər. Məsələn, Məhsa Əmininin öldürülməsindən sonra aksiyaların ilk günlərində, sadəcə olaraq, “Qadınlara azadlıq” şüarları səsləndirilirdisə, hazırda artıq birbaşa “Xamneiyə ölüm!”, “Rədd olsun diktator!” şüarları eşidilir ki, bu da əhalinin zülmkar rejimdən və hakimiyyətdən tamamilə üz döndərdiyini deməyə əsas verir. Aksiyalar başladığı gündən hakimiyyət xalqın səsinə qulaq asıb problemləri aradan qaldırmaq əvəzinə tamamilə radikal mövqe nümayiş etdirərək insanlara divan tutmağa başladı.
Xalqın Məhsa Əminini ölümündə günahı olanları cəzalandırmaq və sərt qadağaları və qanunları aradan qaldırmaq tələbinin qarşısına hakimiyyətin, necə deyərlər, top-tüfənglə çıxması əhalini daha radikal addımlar atmağa sövq etdi. Daha sonra yanlış addımlarını düzəldib insanları sakitləşdirmək əvəzinə, hökumət tərəfindən kütləvi həbslər və edamlar başladı. Artıq 100-dən çox aksiya iştirakçısı edam olunub, 500-dən artıq şəxs müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Bütün bunlar onu deməyə əsas verir ki, İran hakimiyyəti hər hansı islahat apararaq ölkədə azad mühit yaratmaq fikrində deyil. Bunu artıq hamı başa düşüb və təsadüfi deyil ki, İranı tərk edənlərin sayı gündən-günə artmaqdadır. Hələ aksiyalardan əvvəl İranı ildə 60 mindən çox adam tərk edərək Kanada və ABŞ-a köçdü. Miqrasiya ilə məşğul olan bəzi şirkətlərin məlumatına görə, pandemiyanın səngiməsi ilə İranı tərk edənlərin sayı kəskin artıb. Belə ki, 2020- 2022-ci illərdə İranı təqribən 120 min vətəndaş tərk edib. Həkimlər, mühəndislər, iş adamları, elmlə məşğul olanlar – bir sözlə, cəmiyyətin aparıcı qüvvəsi hesab olunan şəxslər İranı tərk edib azad yaşamaq üçün başqa ölkələrə üz tuturlar.
Hazırda ABŞ-da 6 milyondan çox iranlı emiqrant yaşayır ki, bu şəxslərin əksəriyyəti ixtisaslı kadrlardır. Almaniya və İsveç kimi ölkələr də İrandan gələn ixtisaslı həkimləri işlə təmin edirlər. Kanadada 4 milyona yaxın iranlı yaşayır ki, bunlar da əsasən bank sahəsində çalışanlar və iş adamlarıdır. İranda normal vəziyyət bərqərar olmayınca onlar vətənə geridönüş barədə düşünmürlər. Çünki onların əksəriyyətinin adları İran xüsusi xidmət orqanlarının “qara siyahılarında” qeyd olunub. Təbii ki, rejimin düşmənləri adlandırılan həmin vətəndaşlar geri qayıdarlarsa onları həbsxana və dəhşətli cəzalar gözləyir. Onu da qeyd etməliyik ki, xarici ölkələrə sığınanların böyük əksəriyyəti “qara işlərdə” çalışırlar, yəni yerlilərin həqarətlə baxdıqları təhlükəli və çirkli işlərdə işləyir, çörək pulu qazanırlar.
Göründüyü kimi, hakimiyyətin həyata keçirdiyi saxta ideoloji xətt, insanların öz potensialını göstərmək şanslarının olmaması, radikal qanunlar və digər məhdudiyyətlər İrandan kütləvi köçün əsas səbəbləri sırasındadır. Belə vəziyyətin İranda nə qədər davam edəcəyini zaman göstərəcək. Hələlik isə İranın böyük şəhərlərində insanlar etirazları, hakimiyyət isə edamları davam etdirir. Ancaq dünyada hər bir şeyin əvvəli olduğu kimi sonu da olur. Bu son yaxınlaşıb və İranın kandarındadır. Zülm üzərində qurulan imperiyanın çöküşü ilə orada əzilən millətlər azadlıqlarına qovuşacaqlar. Doğma vətənlərindən molla rejimi tərəfindən didərgin salınmışlar isə öz yurdlarına qayıdacaq, azad, asudə ömür sürəcəklər.
